Bacısını qətlə yetirən zəxs 8 il həbs cəzası aldı

img

16-04-2009 [07:55]


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qəsdən adamöldürmə cinayətində təqsirləndirilən Cəsarət Fətəliyevin məhkəməsi keçirilib. Bu şəxs ötən il sentyabrın 5-də doğma bacısı Ceyran Fətəliyevanı öldürüb. Məhkəmə prosesində ifadə verən Cəsarət Fətəliyev deyib ki, bacısını əxlaqsızlıq etdiyinə görə qətlə yetirib. Belə ki, bacısı iki dəfə ailə həyatı qurub, ancaq bu evliliklərin hər ikisi uğursuz olub. İki azyaşlı uşağı ilə yenidən anasının evinə qayıdıb. 2007-ci ilin sentyabr ayında Türkiyədən qayıdan Cəsarət bacısını evdə görməyib. Anası bildirib ki, Ceyran 6-7 aydır Türkiyəyə gedib. Bundan sonra Ceyran ailəsi ilə heç bir əlaqə saxlamayıb. Sentyabrın 5-də Ceyran Türkiyədən qayıdıb. Birlikdə mətbəxdə oturub çörək yeyiblər. Bu zaman Cəsarət bacısından ötən müddət ərzində harda olması ilə maraqlanıb. Artıq qoca anasının da Ceyranın uşaqlarına qulluq etmək iqtidarında olmadığını söyləyib. Ceyransa bu müddət ərzində Türkiyədə olduğunu söyləməklə yanaşı, bildirib ki, hələ yaxın günlərdə yenə də həmin ölkəyə qayıdacaq. Cəsarət bacısına hərəkətlərini irad tutduqda isə sonuncu bildirib ki, həyat onundur, necə yaşamasının da heç kəsə dəxli yoxdur. Əsəbləri tarıma çəkilən Cəsarət stolun üstündən bıçaq götürərək bacısının üstünə cumub. Müttəhim məhkəmə ifadəsində hətta bacısına neçə zərbə vurmasını da xatırlamadı. Bircə o yadında qalıb ki, bir neçə zərbədən sonra Ceyranın səsi kəsilib, sonuncu zərbədən sonra isə bıçaq Ceyranın böyrünə saplanmış vəziyyətdə qalıb. Cəsarət onu bu vəziyyətdə qoyaraq qapını açıb və anasıgili haraylayaraq təcili yardım çağırmalarını tapşırıb. Məhkəmədə Ceyranın ikinci əri Maqsud Kərəmov da ifadə verib. Məhkəmənin nəzərinə çatdırıb ki, Ceyranla 1994-cü ildəBakı şəhərində tanış olub. Ceyran ona əvvəllər İlham adlı şəxslə ailə qurduğunu və bu evlilikdən bir oğlu olduğunu, sonradansa ərindən boşandığını danışıb. Onlar bir il görüşdükdən sonra 1995-ci ildə münasibətlərini rəsmiləşdiriblər və Bayıl qəsəbəsində yaşamağa başlayıblar. 1996-cı ildə isə Ceyranın ikinci oğlu dünyaya gəlib. 2000-ci ilin sonlarında həbs olunub. Arvadının mənfi davranışından həbsxanada xəbərdar olan ər ondan boşanıb. 2004-cü ildə həbsxananı tərk edəndən sonra isə eşidib ki, Ceyran pozğun dairəyə düşüb, uşaqları anasının üstünə ataraq Türkiyəyə gedib. Keçmiş arvadı barədə aldığı növbəti xəbərsə bundan ibarət olub ki, o, yüngül həyat tərzi keçirdiyinə görə qardaşı tərəfindən qətlə yetirilib. Məhkəmədə ifadə verən digər şahidlər də Ceyran Fətəliyevanı mənfi xarakterizə ediblər. Bildiriblər ki, Ceyran uşaqları ilə birlikdə anasının evinə qayıdandan sonra heç kəslə bölüşmürmüş. Qardaşı işləmək üçün Türkiyəyə gedəndən sonra o, evə bəzən gecədən xeyli keçmiş gəlir, bəzən isə ümumiyyətlə, gəlmirmiş. Bu günlərdə məhkəmə yekunlaşıb və hakim məhkəmənin hökmünü elan edib. Həmin hökmə əsasən Cəsarət Fətəliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA