Babalarını qətlə yetirən nəvələrə 15 il iz verildi

img

16-04-2009 [07:53]


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə babaları Əsəd Babayevi qətlə yetirməkdə təqsirləndirilən Malik və Sirac babayevlərin, bu qətldə onlara yardımçı olmuş Qara Mehdiyevin məhkəməsi keçirilib. Məhkəmə yolu ilə müəyyən edilib ki, Qara Mehdiyev ötən ilin avqust ayında yaxın dostu Malikdən pul istəyib. Sonuncu isə bildirib ki, özündə pul yoxdur, ancaq babası yaxın vaxtlarda bağ evi satıb və hazırda pulu var. Qara isə əvvəlcə bildirib ki, onun üçün Malikin babasından pul istəməsi ayıbdır. Lakin sabahı gün Malikin kiçik qardaşı Siracı kənara çəkərək babasının pulları harada saxlaması barədə maraqlanıb. Avqustun 9-da gecə saat 1 radələrində dostlar birlikdə Əsəd kişinin evinə yollanıblar. Aralarında olan razılığa görə, Qara evə gəlib-gedənlər barədə məlumat vermək üçün evin qarşısında pusqu qurub. Maliklə Sirac isə başlarına qara corab geyinərək babalarının evinə daxil olublar. Evin qapısı qarşısında babalarıyla qarşılaşıblar. Maskalı nəvələr babalarının yaxasından yapışıblar. Malik babasının başına yumruq zərbələri vurub, Sirac isə kənardakı ağaca söykənmiş beli götürərək kişinin başına və kürəyinə zərbələr endirib. Babalarının başına vurduqları çoxsaylı zərbələrdən kişi huşunu itirib. Bundan sonra nəvələr beli kənara tullayaraq bıçağa əl atıblar. Babalarının döş qəfəsinə çoxsaylı bıçaq zərbələri vuraraq onu qətlə yetiriblər. Bu vaxt kişinin evə qayıtmadığını görən nənə Yasəmən Qəribova da həyətə boylanıb. Quldur nəvələr nənələrinin səs-küy salacağından ehtiyatlanaraq babalarının meyitindən əl çəkiblər. Bu dəfə nənələrinə hücum çəkiblər. Əvvəlcə qoca nənələrinin əl ayağını məftillə, ağzıni isə əski parçası ilə bağlayıblar. Sonra zorakı nəvələr babalarının meyitini sürüyərək həyətdəki quyuya atıblar. Həyət darvazasını içəri tərəfdən bağlayıblar. Nənələrini otağa aparıb məftillə çarpayıya bağlayıblar. Bıçağı boğazına dirəyərək evdə olan pulların yerini deməsini tələb ediblər. Sirac bıçağı nənəsinə göstərib "pulun yerini de, deməsən gözlərini çıxaracağam" deyə hədələyib. Nəvələr evi axtarıb 11800 ABŞ dolları tapıblar. Sonra onlar cinayətin izini itirmək məqsədi ilə mərhum babalarının meyitini həyətdəki ?Jiquli? markalı avtomaşının yük yerinə qoyublar. Maşını bataqlıq əraziyə sürərək meyiti gölməçəyə atıblar. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Sirac Babayev ifadəsində göstərib ki, babası kiçik bağ sahəsini satarkən bağın yeni sahibi pulu babasına onun gözləri qarşısında verib. O, babasından 100 dollar cib xərcliyi istəsə də babası bildirib ki, pul kiçik dayıları Cəfəri həbsdən buraxdırmaq üçün lazımdır, xərcləmək olmaz. ?Dostum Qara məndən pul istədi, dedi ki, atam Rusiyadadır, dolanışıq yoxdur, mən də təklif elədim ki, gəl babamdan istə. Dedi ki, babanı yaxşı tanımıram, mənim üçün ayıbdır ona ağız açmaq, gör özün neynirsən. Mənsə bilirdim ki, babam mənə pul verməyəcək. Ona görə də təklif elədim ki, maska taxıb evə girək. Bizim babamı öldürmək fikrimiz yox idi. Əvvəlcə biz onu lopatka ilə vurduq ki, gözü qorxsun. Ancaq bu vaxt qardaşım səsini çıxartdı və babam bizi tanıdı. Dedi ki, köpək uşağı, səhər çörəyimi yeyib axşam başınıza corab taxıb evimə girirsiz? Onda mən qardaşıma işarə elədim ki, biabır olduq, bunu sağ buraxmaq olmaz. Ona görə də lopatkanı kənara atıb cibimdən bıçaq çıxartdım və gözümü yumub babama iki-üç zərbə vurdum. Sonra bıçağı qardaşıma ötürdüm, o da vurdu. Nənəmin isə üstünə ona görə hücum çəkdik ki, o, hay-küy salıb qonşuları çəğıracaqdı. Bizim başqa yolumuz qalmamışdı. Nənəm xəstə arvaddır və sona qədər də bilmədi ki, biz onun nəvələriyik. Çünki biz rusca danışırdıq. Evdən götürdüyümüz pulların bir qismini Qaraya verdik, qalanını isə restoranlarda xərcləmişik. Hadisədən 10 gün sonra tutulduq?. Məhkəmənin hökmü ilə qatil nəvələr Sirac və Malik Babayev qardaşları 15, Qara Mehdiyev isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA