Kezlə bələdiyyəsində həbslər olub?

img

05-04-2009 [07:15]


[b]Bələdiyyənin bir neçə vəzifəli şəxsinin həbs edildiyi bildirilsə də, sədri Abbas Yaqubov "Hansı köpəkoğlu məni saxlaya bilər" deyir [/b] Binəqədi rayonu Xocəsən bələdiyyəsinin sədri Zəfər Bayramovun maliyyə fırıldaqları səbəbindən həbs edilməsinin ardınca Nizami rayonu Keşlə bələdiyyəsinin sədri Abbas Yaqubov və sözügedən bələdiyyənin bir neçə vəzifəli şəxslərinin də saxlanılması xəbəri yayılıb. Xəbərdə saxlanılanlar arasında bələdiyyə sədrinin müavini Ələmdar adlı şəxsin də olduğu bildirilir. Bu barədə "Reytinq"ə hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Məlumatda qeyd olunur ki, srağagün Keşlə Ət Kombinatında baş verən yanğın hadisəsindən sonra bələdiyyədə əməliyyat keçirilib: "Mövzuya keçməzdən əvvəl qeyd edim ki, Keşlə bələdiyyəsi Ət Kombinatının yardımçı binasında fəaliyyət göstərir. İllər öncə kombinatla bələdiyyə arasında icarə müqaviləsi bağlansa da, bələdiyyə kombinatın hesabına pul köçürmür. O ki qaldı həbs əməliyyatına, bələdiyyənin sədri Abbas Yaqubov başda olmaqla, bir neçə səlahiyyətli şəxs əməliyyat zamanı saxlanılıb. Amma sədr bir neçə saat sonra azadlığa buraxılsa da, digərləri hələ də həbsdədir". Həbslərin Ət Kombinatında baş verən yanğının araşdırılması ilə əlaqəsinin olub-olmadığına gəldikdə isə, müsahibimiz bu barədə dəqiq məlumatı olmadığını dedi. Məsələylə bağlı Keşlə bələdiyyəsinin sədri Abbas Yaqubovdan münasibət öyrənmək istədik. Lakin özündən həddən artıq razı şəkildə "Hansı köpəkoğlu məni saxlaya bilər",- deyən bələdiyyə sədri, rəhbərlik etdiyi seçkili qurumda heç bir əməliyyatın keçirilmədiyini və bələdiyyənin səlahiyyətlilərindən də kimsənin saxlanılmadığını bildirdi. Axşam saatlarında isə "Reytinq"i məlumatlandıran mənbə faktı bir daha təsdiq etməklə yanaşı, vurğulayıb ki, artıq bələdiyyənin saxlanılan digər üzvləri də azadlığa buraxılıblar: "Dünən axşamüstü onları buraxıblar. Amma bunun üçün onları "yaxşı tərlədiblər". Bu əməliyyat isə bələdiyyənin digər üzvlərində şok yaradıb". Müsahibimiz bələdiyyə sədrinin yekəxana açıqlamasına isə "O, "AMAY" şirkətinin sahibi Abdulla Abdullayevlə yaxındır. Yəqin ona güvənib, belə danışır. Ancaq unudur ki, Əli İnsanov, Fərhad Əliyev kimi "akulaları" həbs edənlər, onu "kilkə" kimi udar". İctimai marağı nəzərə alıb, məsələylə əlaqədar YAP Nizami rayon təşkilatının Keşlə özək təşkilatının sədri Hacı Əkbərlə əlaqə saxlayıb, məlumatı bir daha dəqiqləşdirmək istədik. Amma təşkilat rəhbəri Şəmkirə yas mərasiminə getdiyi üçün qəsəbədə baş verənlərdən xəbərsiz olduğunu bildirdi. Rayon Polis İdarəsi və Prokurorluqdan isə münasibət öyrənmək mümkün olmadı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA