"Heç olmasa, ayağından vurardın..." - Namus üstə qətl

img

04-09-2015 [18:16]


Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşı arvadının namusuna görə Namiq Əliyevi öldürən, əvvəllər beş dəfə məhkum olunan Elşad Mustafayevin məhkəməsi keçirilib.

Musavat.com-un verdiyi xəbərə görə, məhkəmədə ifadə verən mərhum Namiq Əliyevin böyük qardaşları Vaqif və Akif istintaqa verdikləri ifadəni təsdiq ediblər. Onlar Elşad barəsində şikayətçi olmadıqlarını bildiriblər. 

Vaqif Əliyev deyib ki, Elşaddan şikayətçi olmaqla, qardaşını dirildə bilməz: "Bununla qardaşım dirilən deyil ki... Elşad da insandır da, onun da canı ətdəndir. Amma Elşad, Maştağa elə də böyük yer deyil. Sən gərək, əvvəlcə məni axtarıb, tapardın. Namiqin səhvini mənə deyərdin, mən oturub, səninlə söhbət edərdim. Danışıb, həll edərdik. Sən bir nəfəri yox, 3 nəfəri öldürmüsən. Sən onun ata-anasını da öldürmüsən. Yaralayardın, amma öldürməzdin. Heç olmasa, ayağından vurardın. Sən düz ürəyindən vurmusan. Sən özün neçə dəfə içəri girib, çıxmış adamsan, belə şeyləri yaxşı bilirsən. Özün Namiqi qırağa çəkib, başa salardın".

Elşad Mustafayev deyib ki, əvvəldən elə niyyəti Namiqi öldürmək yox, yaralamaq olub: "Mən onu ölməsi üçün vurmadım ki... Dedim, qoy yaralansın, gəlsin sizə və bilinsin söhbət... Mən onu öldürmək istəsəydim, heç özüm təcili yardım çağırardım? Mən onu vurdum, yolla gedirdi, mən də maşına oturub, yanıyla sürdüm. Əgər öldürmək istəsəydim, ya maşınla vurardım, ya da yerə düşüb, bıçaqlayardım. Görürdüm ki, özü gəzə-gəzə gedir". 

Hadisəyə səbəb olan 41 yaşlı Gülnarə Quliyeva da ifadə verib. O, deyib ki, mərhum Namiq onlara tez-tez gəlirmiş: "Namiqi 2003-cü ildən tanıyıram. Bizə gəlib, gedirdi. Amma mən qoymurdum, evə girsin. Bizdə qaz olmadığı üçün Namiq arada odun alıb, gətirirdi. Bir dəfə də evimizi təmir edib. Hadisə olan gün biz evdə oturmuşduq, qış idi. Gördüm, qapı bərk döyüldü, açdım gördüm Namiqdir. Dedim, Namiq niyə gəlmisən, başladı söyməyə... Elşad da bizdə idi, o da çıxdı, çölə... Onu da söydü. Elşad Namiqə bir şillə vurdu. Sonra mübahisə etməyə başladılar, Elşad Namiqi çəkdi, qırağa... Biraz keçəndən sonra zəng edib, dedi ki, Namiqi vurdum".

Mərhum Namiqin qardaşı Vaqif deyib ki, qadın yalan danışır: "Qadın öz şirinliyini göstərməsə, kişi kimə gəldi, yaxınlaşmaz".

Qeyd edək ki, Bakı şəhər sakini, əvvəllər beş dəfə məhkum olunmuş 1966-cı il təvəllüdlü Elşad Əlikram oğlu Mustafayev aralarında yaranan münaqişə zəminində həmyerlisi, 1986-cı il təvəllüdlü Namiq Arif oğlu Əliyevi bıçaqlayaraq, öldürüb.   

O, deyib ki, cinayət hadisəsi namus üstündə olub. Eşlad Mustafayevin qardaşı bir müddət əvvəl vəfat edib. Öldürülən Namiq Əliyev onun mərhum qardaşının dul qalan arvadı ilə intim münasibət qurub. Elşad Mustafayev bundan xəbər tutub və onu öldürüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA