08-05-2015 [12:44]
Bu gün Milli QHT Forumu İdarə Heyətinin üzvü, tanınmış yazar Əkbər Qoşalı ilə ədəbiyyatda insan haqlarına yanaşma ilə bağlı mövzunu müzakirə etdik. Əkbər Qoşalının müsahibəsini nəzərinizə çatdırırıq.
- Əkbər bəy, Azərbaycanın klassik ədəbiyyatında insan haqlarına yanaşmaya nə qədər yer ayrılıb?
- Gəlin öncə aydınlaşdıraq: insan haqları dedikdə nəyi nəzərdə tuturuq? Sizin sual bəzi xarici güclərin son illər Azərbaycana basqı üsulu kimi təzahür edən münasibətindən... daha doğrusu, münasibətsizliyindən qaynaqlanmır ki?.. Baxın, tam da bugünlərdə professor Musa Qasımlıdan ilginc bir fikir eşitdim, deyir, "Bəzi Batı ölkələri Azərbaycanın müstəqil olmasını istəyir, lakin güclü olmasını istəmir”.
Batılı güclər "insan haqları” sözündən o qədər silah kimi yararlandılar, yararlandılar, axırda gül kimi sözü gözdən saldılar. Sonucda bu sözü nəcib duyğularla işlədənlər də, necə deyərlər, "qurunun oduna höyüş də yanar” durumuna düşdülər.
...Əslində, dünyada çox ölkə, çox xalq insana verilən dəyəri, insan haqlarını bizdən – Azərbaycan mədəni irsindən, bizlərin bir xalq olaraq başqa din və mədəniyyətlərə dözümlü yanaşmamızdan öyrənməlidir.
Özü də bu yalnız başqa dindən olanlara aid deyil, bizimlə eyni dini, eyni coğrafiyanı paylaşanlar arasında, bu mövzuda nə qədər desəniz fərqliliklər var və o fərq bizim xeyrimizədir. – Örnəyi, qadın hüquqları mövzusunda...
Siz klassik ədəbiyyat deyirsiniz, bu mövzu, necə deyərlər, qeyri-siyasi anlamda bizim poetik, ədəbi düşüncəmizdə, fəlsəfi fikrimizdə həmişə olub. – özü də, ali səviyyədə olub.
Yəqin heç təsadüfi deyil ki, klassik irsimizin bu mövzuya baxışı nəhayət XX yüzillikdə Dövlət Himnimizin mətnində - "HÜQUQUNDAN KEÇƏN ƏSGƏR, HƏRƏ BİR QƏHRƏMAN OLDU!” şəklində "suxurlaşdı”, gözəllik tapdı... - Bu məntiqi sonluq idi: Hüquq yalnız Ana yasada təsbit olunmur, hüquqa yanaşma, şeirlə ifadə olunan atributumuzda da xatırladılır...
İnsan doğuşdan Tanrının verdiyi geniş hüquqlarla böyüyür: yemək, baxmaq, görmək, yatmaq, danışmaq, yerimək, oxumaq, arkadaş olmaq, sevmək, sevinmək... və s. kimi. Dövlət Himnimizdə də, o vurğulanır ki, görün Vətən eşqi, torpaqlarını qorumaq hüququ nə böyük hadisədir ki, əsgər Tanrının verdiyi doğal hüquqların neçəsindən keçir... Əsgərlikdə, özəlliklə də, ön cəbhədə, əlbəttə, istədiyin hüquqları dövriyyəyə daxil edə bilmirsən. Elə hüquqlar var, onlar düşmənlə üz-üzə duran əsgərə xeyir yox, ziyan gətirər.
Bunlar öz yerində, klassik ədəbiyyatda insan haqları, əlbəttə, həmin dövrün (dövrlərin) din çalarları, səmavi çağırışlarla süslənmişdi. Gənəl olaraq, insanı öyrədir, insanı öyrədirdi klassik irs. Başqa sözlə, Tanrının, hakimi-mütləqin buyruqları anladılırdı insana.
Onu da əlavə edək ki, klassik ədəbiyyatda qəbul edilmiş bir struktur vardı: işlənən mövzudan öncə Tanrı mədh olunur, ardınca, sonuncu Tanrı elçisi övülür, bundan sonra, zəmanə padşahının şəninə söz qoşulur – təriflənirdi. Bu struktur özlüyündə, klassik ədəbiyyatda insan haqları məsələsinə yanaşmanın da stukturunu şəkilləndirir, desək yanlış olmazdı.
-Məsələn Nəsimidə, Füzulidə insan haqları ilə bağlı hansı misalları sadalamaq olar?
-Adını çəkdiyiniz böyük ustadlardan öncə Nizamimiz olub, ondan da öncə neçə şairimiz, necə şeirimiz olub, əlbəttə. Əlbəttə, ortaq türk ədəbi abidələrimiz olub, qədim türk şeiri olub. Nəsimi, Füzuli kimi mütəfəkkir şairlər yalnız öz dövrlərinin, yaxud yaxın zamanların hadisələrini, yanaşmalarını deyil, bütövlükdə özlərinə qədərki bütün önəmli ədəbi hadisələri, tarixi hadisələri ədəbi idrak süzgəcindən keçiriblər, "ürək-lələk-vərəq” üçbucağından keçiriblər və təsadüfi deyil ki, onların yaradıcılığı özlərindən sonra bu qədər yaşayıb, yenə də yaşayacaqdır.
Nəsimi tarixi xronologiya ilə habelə yaradıcılıq fakturası baxımından yanaşsaq, Nizami ilə Füzulinin arasındadır. Nizami (necə deyərlər - ) İlahi buyruqlarını poetikləşdirirdisə, bir xeyli ölçüdə Nizamiyə qədərki Doğu (özəlliklə, Qədim Ellada) hüquq anlayışını şeirə çəkirdisə, bir sözlə, idrak poeziyasını yaradır, ağlın, elmin qüdrətini yansıdırdısa, Nəsimi bu önəmli "institut”ları ruhsallaşdırdı, daha çox türk ruhunu önplana çıxardı; habelə (belə demək mümkünsə), insanı göyə qaldırdı...Füzuli isə başdan- başa EŞQ hadisəsidir... sanki Nizami ilə Nəsiminin yaradıcılıq fakturası, mətn-mündəricələri qeyri-mexaniki, qeyri-riyazi toplanma ilə Füzulidə cəm oldu, harmoniyaya gəldi və sadaladığımız şərtlər daxilində Nizami+Nəsimi=Füzuli (sistemi) düsturu ortaya çıxdı (ən azından "böyükdür-bərabərdir” işarəsi ilə... Daha doğrusu, Füzuli onların ikisinin də ən ülvi yönlərini, nəcib duyğularını öz yaradıcılığında bir araya gətirir – sistem yaradır).
Uzun sözün qısası, adını çəkdiyimiz, elə çəkmədiyimiz bir çox böyük şairlər içərisində də, insana ən yüksək dəyər verən, demək, insan haqlarını ali qatda görən şair məhz Nəsimidir, deyə bilərik. Yalnız onu deyək ki, ədəbi-ictimai, eləcə də, dini fikir tariximiz Füzuli babamıza, "məni elə yerdə dəfn edin, İmam Hüseynin məqbərəsinin kölgəsi üstümə düşsün” sözlərini yaraşdırarkən, Nəsimi babamıza "Ənəl Həqq!” sözü yaraşdırılıb... əqidəsi (müsahibə mövzumuz üzrə desək, insanı ən yüksəklərdə görmək (başqa sözlə, ən yüksək haqlarla görmək) yolunda dabanından soyulmaq yaraşdırılıb...
Ümudvaram, anlaşılmışdır. O böyük ustadlar haqq dünyasında, biz haqsız dünyadayıq, dediklərimizdə qüsur olarsa, ruhları bizi bağışlasın (inşallah)..!
-Bəs Sizcə, bu məsələ çağdaş ədəbiyyatımızda necə əks olunur?
- Çağdaş ədəbiyyatımızda insan hüquqları məsələsi konkret bəhs edilən mövzu kimi deyil, daha çox ümumi gedişatın, yaşamın təsvirində öz əksini tapan bir mövzudur, deyə düşünürəm.
Qaçqın-köçkün soydaşlarımızın, necə deyərlər, natürmortdan yaradılan obrazında, dünya güc-lərinin insan haqlarını nə qədər görməzdəngəldiklərini... görürük. Yurd-yuvasını və doğmalarını itirmiş soydaşlarımızın yaşantılarını bədii boyalarla şəkilləndirən yazarlarımız var. Könül dilər, içi mən qarışıq, biz bütövlükdə xalqımızın pozulan haqlarını bədiiləşdirə bilək (və əlbəttə, bundan da üstün diləyimiz, bərpa edilmiş haqlarımdan, tanınan hüququmuzdan, Vətən Zəfərindən yazmaqdır. Şuşaya dünyanın ən yaraşıqlı bayrağını – üçboyalı, ay-yıldızlı bayrağımızı taxandan sonra, yazmasaq da, dünya dağılmaz...)
Baxın, Dilqəm Əsgərovla Şahbaz Quliyevin hüquqlarının hüquqsuz "hüquqçular” – qondarma rejim tərəfindən "qiymətləndirilməsi”, onların öz doğmaca torpaqlarımızda tarixi haqsızlığa uğraması artıq bədii mətnlərə daşınıb. Gənc şair Səxavət Kəlbəcərlinin o mərd Vətən oğullarına həsr etdiyi şeir diqqətçəkicidir. Necə ki, bir zamanlar Məmməd Orucun "Köçürülmə”si əl-əl dolaşırdı. Gənəl olaraq, öz dədə-baba torpaqlarından zorla çıxarılan, öldürülən – ən ali hüquqdan – YAŞAMAQ HÜQUQUndan məhrum edilən insanımızın obrazını yaradan yazarlarımıza şükranlarımız var.
Mənimçün insan hüququ anlayışı ən əsas hüquqlarından məhrum edilmişlərdən... "insan hüququ”nun onlara şamil edilib-edilməməsindən başlayır. – Yəni əgər kim(lər)sə, Göyçədən, Zəgəzurdan, Qarabağımızdan işgəncə, zülümlə çıxarılan soydaşlarımızın pozulmuş təməl hüquqlarından heç danışmır, bu mövzuya yaxın durmadan, müəyyən siyasi hüquqları qabardırsa, bu işi önyarğılı, artniyyətli, bədməqsədli hesab etməyəsən bə neynəyəsən? Elin bir sözü var, "Düzəlmişdi hər yarağımız, qalmışdı saqqal darağımız”... – Təməl hüquqları pozulmuş soy-daşlarımızı göz və qulaqardı edənlərin paytaxt Bakıda mitinq etməklə, nə bilim, guya pozulmuş din hüququ, guya pozulmuş milli hüquq və s. barədə israrlı iradları, tələbləri məhz "saqqal darağı”dır... Bizim demokratik toplum quruculuğumuza dəstək vermək istəyirsənsə, separatçı qüvvələrə niyə yardım edirsən, işğalçı Ermənistana "Dur!” demirsən?!. Hələ, bu haqlı suallarımıza, bəlli Ukrayna olaylarından sonra, bir daha ikili standartlar məsələsini əlavə etməyə də haqqımız var.
Sizi yordum deyəsən...
-Yox, yorulmaqla bağlı bir rahatsızlığınız olmasın. İstərik, daha üç sualımızı da cavablandırasız. Deyək ki, örnəyi, posmodern ədəbiyyat(ın)da insan haqlarına ümumiyyətlə rast gəlmək mümkün olmur, yaxud çox az təsadüf edilir. Bu ümumilikdə dünyanın insana verdiyi neqativ qiymət deyilmi?
- Söz sənəti, ədəbiyyatşünaslıq yalnız bir ədəbi cərəyanla, sizin misalda, posmodernizmlə sınırlı deyil, əlbəttə. – Posmodernizm ədəbiyyatın cavan qollarından, "izm”lərindən yalnız biridir. Bütün "izm”lərdə eyni yanaşma, eyni üslub olmaz, təbii – zatən fərqlilik istəyi, fərqli mətn yaratmaq ehtiyacı, dövrün, zamanın çağrışları yeni ədəbi nəsilləri, yeni "izm”ləri meydana gətirir. Odur ki, deyəlim, bir ədəbi cərəyanda insan haqları məsələsinə münasibətin necəliyi gənəl olaraq dünyanın insana verdiyi qiymət kimi xarakterizə oluna bilməz. Hətta bütöv bir yaradıcılıq sahəsi bütün gün insanın əleyhinə işləsə, nə vaxtsa "şeytanizm” yaransa, hardasa "Şeytanlar Cəmiyyəti” qurulsa belə, bu bütün dünyanın insana baxışını ifadə etməz. Ancaq Doğu-Türk ədəbi-fəlsəfi fikrinin şah deyimlərindən olan "Yaradılanı sev, yaradandan ötəri!” buyruğu yüzillər boyu yaşayıb, yaşayır, yaşayacaq da! Yəni Tanrıya, haqqa-ədalətə, ali anlamda İNSANa, İNSAN HAQLARIna qarşı çıxmağın perspektivi yoxdur... Doğrusunu Tanrı bilir.
-Bir şair olaraq sizin üçün insan və insan haqları anlayışı nədir?
- Məncə, bayaqdan verdiyiniz suallar boyu məhz bu suala cavab verməkdəyəm (gülür)...
-Yaxşı, bir son sualla bugünkü söhbətimizi yekunlaşdıraq. Sizcə, nə üçün şeirlərdə yaradılan personajların hüquqları daha çox pozulmuş halda təsəvvür olunur?
- Şair, ümumən yaradıcı insan ədalət, haqq axtarışındadır, bir anlama... Çağdaş şairlərimizdən İbrahim İlyaslı "Haqq deyilən heç nə yoxdur, Amma gəzər axtarmağa” deyir.
Əzilmişlərin, Dostoyevskinin sözü ilə desək, "alçaldılmış və təhqir olunmuşlar”ın halının, halsızlığının... ovqatının, ovqatsızlığının təsviri hətta bir qədər zəif olsa belə, diqqət çəkəcək.
Dünyada idarə edilənlər idarə edənlərdən, əzilənlər əzənlərdən, silahsızlar silahlılardan, gücsüzlər güclülərdən çoxdur – onların dilinə düşən söz daha tez yayılır, tirajlanır...
Bəzən bir ozanın sözü, bir dərvişin təsəllisi, bir şairin şeiri haqqı tapdanmış adamın "saman çöpü” olur, "dirəniş meydanı” olur...
Bax, elə ona görə də, sizin təsbitiniz ortaya çıxır – şeirlərdə yaradılan personajların hüquqları daha çox pozulmuş halda təsəvvür olunur. Hüquq pozanlar da bədii ədəbiyyatda çox təsvir olunur, təsəvvürə gətirilir – lakin daha çox mənfi obrazda... Hüququ pozulmamışlar oxucu üçün hansı ilgiçəkiciliyi daşıyardı – elə deyilmi?.. Bu anlamda, təsbitinizi dəyərləndirərkən, bir daha vurğulamaq istərdim ki, hüquqsuz və hüquqpozan, nəcib və harın qiyaslamasında şeirə-sənətə yansımalar, o yansımaların boyutu, ölçüsü doğal olaraq "tənzimlənir”.
TRAMP BÖLGƏYƏ ƏLAVƏ HƏRBİ GÜC GÖNDƏRİR: "İran ya bizimlə razılığa gələcək, ya da..."
Türkiyənin bir bölgəsində məktəblər bağlandı - Qara görə
Türkiyədə bələdiyyə sədrinə qarşı ittiham - 44 il həbs gözləyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aşıq Telli Borçalıya ağır itki üz verib
İzmirdə FETÖ-ya qarşı növbəti əməliyyat: 12 nəfər saxlanılıb
Makrondan Epşteynlə bağlı suala belə cavab verdi: "Məhkəmə sistemi öz işini görməlidir"
BMT Baş katibi ilə Hakan Fidan telefonda müzakirə aparıb
Türkiyə hərbçiləri NATO-nun nəhəng təliminə qatılacaq
"Patron"dan zəhərlənmə şikayətinə maraqlı reaksiya: "Məhsulun içindən xırda daş, başqa şeylər çıxa bilər"
Türkiyədə dənizdə Rusiya-Ukrayna müharibəsində vurulmuş PUA-sı qalığı tapıldı - FOTO
"Sivasspor"da baş məşqçi təyinatı oldu
Deputatın şirkəti il başlar-başlamaz 10,7 milyonluq sifariş alıb – “Azəri Med” hansı qurumların tenderlərini qazanıb?
Ruben Vardanyan Bakıda məhkəmədə - Erməni milyonçu Füzulinin şeirini və Hüseyn Cavidin poemasını oxudu
Qurban Qurbanov: "Futboolçuları ələ almaq, əldə saxlamaq asan deyil"
Agentlik sədrinə birinci müavin və müavinlər təyin edildi - Onlar kimdir? + FOTOLAR
Aqrar Sığorta Fondu satınalma haqqında qanunu pozub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
MƏHKƏMƏ RAMİZ MEHDİYEVLƏ BAĞLI QƏRAR VERDİ
"Şamaxı" "Qarabağ"a uduzub
Daha bir qanuna dəyişiklik edilib
"Sülhün əldə edilməsi yalnız ilk addımdır və..." - ABŞ vitse-prezidenti Bakıya gəlir
"Cərrahpaşalı Halit"in "bacı"sı vəfat edib
"Beşiktaş" Vatslav Çerni ilə bağlı açıqlama yaydı
Hava limanənda 27 ədəf xəz dəri məmulatları aşkarlanıb
YENİ NAZİR KİMDİR? - Maraqlı məlumatlar
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Allahşükür Paşazadə Roma Papası Azərbaycana dəvət edib
NAZİR MÜAVİNİ NAZİR TƏYİN OLUNDU - Sərəncam
Polkovnik Rasim İldırımzadəyə 12 il cəza istənildi
YENİ KOMİTƏ SƏDRİ ŞƏHİD ÖVLADIYMIŞ...
YENİ SƏDR SALEH MƏMMƏDOVUN QUDASINI YOLA SALDI: təyinat oldu - AAYDA-da ilk dəyişiklik + FOTO
Fəzail Ağamalı dəfn edildi - FOTOLAR (Yenilənib)
İsrail hərbçiləri jurnalisti həbs edib
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
PREZİDENT AGENTLİK RƏHBƏRİNİ KOMİTƏ SƏDRİ TƏYİN ETDİ - Sərəncam
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu