Manatla bağlı daha bir bədbin proqnoz

img

26-03-2015 [14:04]


"Manatın devalvasiyası dünyada gedən qlobal siyasi və iqtisadi proseslərdən asılıdır və hər ikisi bizdən asılı olmayan amillərdir”. İqtisadçı ekspert Əkrəm Həsənov manatın devalvasiyasının yaxın müddətdə davam edəcəyi barədə ehtimallara münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, bu suala indi heç kəs dəqiq cavab verə bilməz: "Çünki burada iki mühüm amil var: neftin qiyməti və valyuta ehtiyatlarının həcmi və keyfiyyəti. Hər ikisi də hazırda əsasən bizdən asılı olmayan amillərdir. Onlar dünyada gedən qlobal siyasi və iqtisadi proseslərdən asılıdır”.

Ekspertin fikrincə, birmənalı olaraq yalnız onu demək olar ki, manatın bahalaşması perspektivi çox aşağıdır: "Elə buna görə də indi əhali ehtiyatlarını əsasən xarici valyutada saxlayır və bu tendensiya getdikcə güclənir. Çünki manatın inhisarçı satıcısı olan Mərkəzi Bank onun dəyərini qorumaq üçün heç bir əməli addım atmır. Müasir valyutalar təminatsızdır. Adi kağızdır. Onlar yalnız etibara söykənir. Etibarı isə qazanmaq lazımdır. Hələlik Mərkəzi Bank bu etibarı qazanmaq üçün heç nə etmir. Əksinə, dollarlaşma prosesini gücləndirir, ölkədən valyuta axınının qarşısını almır, qərarlarını izah etmir, başqa sözlə, buraxdığı malı, manatı reklam etmir və sair. Buna görə də manata və bütövlükdə bank sisteminə etimad günü-gündən azalır”.

Ə.Həsənov qeyd edib ki, bu kontekstdə aprelin əvvəlində Mərkəzi Bankın sədri vəzifəsinə kimin təyin olunacağı əhəmiyyətlidir: "Belə ki, Elman Rüstəmovun növbəti 5 illik müddətə təyin olunacağı təqdirdə, əhali bunu devalvasiyanın yaxın zamanda davam edəcəyi siqnalı kimi qəbul edə bilər. Ümumiyyətlə, bu təyinat bank sisteminin göründüyündən də acınacaqlı vəziyyətdə olduğundan xəbər verə bilər. Çünki milli bank sistemi və milli valyuta üçün etibarı tam itirmiş və nüfuzsuz Mərkəzi Bank sədrindən pis heç nə ola bilməz. Belə şəxs qalırsa, deməli: vəziyyət o qədər gərgin və pisdir ki, onun indi dəyişdirilməsi mümkün deyil. Yeni rəhbər işdən baş çıxaranadək vəziyyət kəskin dəyişə bilər. Devalvasiya və digər qeyri-populyar tədbirlər təhlükəsi realdır və bu "qara” işi təbii ki, yeni sədr deyil, Elman Rüstəmov davam etdirməlidir. Lakin bu halda da iki risk var: Əhali olan-qalan manat ehtiyatını da dollara çevirə bilər. Əhali banklardan olan-qalan əmanətlərini də geri götürə bilər. Bank sistemi piramidadır. Etibar itdikcə, piramida dağılmağa başlayır. Buna görə də etimadı bərpa etmək olduqca vacibdir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR