Gürcüstanda müsəlman-xristian davası - Deputat etiraz etdi

img

23-10-2014 [19:34]


Gürcüstanın Ahıska mahalının Adgeni rayonunun Moxe kəndində təmir edilən məscid yerli müsəlman və xristianların qarşıdurmasına səbəb olub. 

Məlumat əsasən Ahıska türkləri olan yerli müsəlmanlar kəndə etiraz edərək hazırda təmir edilən binaya məscid statusunun qaytarılmasını tələb ediblər. Hadisə zamanı polislə toqquşma baş verib. Polisin bildirdiyinə görə, aksiya iştirakçıları polis avtomobillərinə zərər vurublar. Hadisə zamanı 15-ə yaxın Ahıska türkü həbs edilib. 

Hadisədən sonra Gürcüstan baş naziri İrakli Qaribaşvili xüsusi bəyanatla çıxış edib və bildirib ki, yerli xristianlar həmin məscidin pravoslav kilsəsinin xarabalıqları üzərində tikildiyini iddia edirlər. Həmin məscid sovet illərində bağlanaraq mədəniyyət evinə çevrilib. Baş nazir bildirib ki, münaqişədən qaçmaq üçün binanın bərpa edilərək kitabxanaya çevrilməsi qərara alınıb ki, hər iki dinin təmsilçiləri istifadə edə bilsinlər. 

Bununla belə, baş nazir bildirib ki, kəndin müsəlman icmasının xahişi regionun müftisi tərəfindən ona çatdırılıb. Qaribaşvilinin sözlərinə görə, məsələ mübahisəli olduğuna görə, xüsusi dini məsələlər agentliyi tərəfindən baxılmalıdır, daha sonra hökumətə tövsiyyələr təqdim edilməlidir(anspress).

Mia.az xəbər verir ki,  məsələyə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa reaksiya verib. O, Facebook-da bu haqda status yazıb.

Mia.az bildirir ki, deputat Fazil Mustafa Gürcüstanın baş nazirinin məsələyə yanaşmasını qəbul etmədiyini də açıqlayıb: "Bu məsləyə heç də Gürcüstanın daxili işləri kimi baxmaq doğru olmazdı. Məncə həm Türkiyənin həm də Azərbaycanın rəsmiləri öz etirazlarını Gürcüstan iqtidarına çatdirmalıdırlar. Çünki eyni bəhanə sabah orada yaşayan Azərbaycan türklərinə qarşı da gətiriləcəkdir. Faktik olaraq Mədəniyyət evinə çevrilmiş məscidin binası var. Onun yaxınında harada istəyirsiniz kilsənizi də tikin. Ancaq binanın guya əvvəllər kilsənin xarabalıqlarında tikildiyini iddia etmək gülünc bir bəhanədir. Kitabxana da vacibdir ancaq bunu məscidin yerində tikmək deyə bir zərurət yoxdur. Ümid edirəm ki, Türkiyə hökuməti də Kobanidə kürdlərə göstərdiyi qayğının cüzi bir hissəsini də bu biçarə Ahıska türklərinə göstərəcək və məsələyə öz mövqeyini ortaya qoyacaq. Ermənilər gürcülərə qarşı Cavaxetiyada torpaq iddiası ilə çıxış edirlər. Abxazlar, osetinlər bu iddialarını rusların köməyi ilə gerçəkləşdiriblər. Belə bir iddia ilə çıxış etməyən tək Azərbaycan və Ahıska türkləridir. Özlərinə müttəfiq olan insanları incitməyin Gürcüstanın faydasına olduğunu təsəvvür edə bilmirəm. Məsələnin törədəcəyi fəsadlar məncə Gürcüstan hökuməti ilə dostcasına müzakirə edilməlidir və Ahıska türklərinə məscidlərini bərpa etmək haqqı tanınmalıdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR