Putin Avropanı Milanda "ürəyindən vurdu"

img

17-10-2014 [18:30]


Ukrayna böhranı ilə bağlı gərginliyin artdığı bir vaxtda İtaliyanın Milan şəhərində "Asiya-Avropa” görüşü keçirilir. Tədbirə 53 ölkə və hökumət başçısı qatılıb. Həmin liderlərin təmsil etdiyi ölkələrdə dünya əhalisinin 60 faizi yaşayır. Bu ölkələrin dünya iqtisadiyyatındakı çəkisi isə 70 faizə bərabərdir. Bu barədə "EL Pais” qəzeti yazır. 

"Bu tədbirdə əsasən Rusiya prezidenti Vladimir Putin diqqət mərkəzində olub. Bu sirr deyil ki, avropalıların və ukraynalıların bu qış soyuqdan əsib-əsməməsi məhz onun verəcəyi qərardan asılıdır. Həm də avropalıların və ukraynalıların əsməsi təkcə qazla bağlı deyil. Ortaya başqa amillər də çıxa bilər”, hərbi gərginliyin güclənməsinin doğura biləcəyi fəsadlara işarə edən qəzet yazır. 

Qəzetin məlumatına görə, görüşdə Avropa liderlərinin əsas hədəfi Moskva ilə Kiyev arasında mövcud olan gərginliyi aradan qaldırmağa nail olmaqdır: "Yalnız bundan sonra Rusiya qazı Ukrayna qaz kəmərindən keçərək Avropaya yetişə bilər. Bunun müqabilində isə Avropa Birliyi Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyaları aradan qaldırar. Bu sanksiyalar Avropa birliyinə bu il 40 milyard avro ziyan vuracaq, gələn il isə bu göstərici 50 milyarda yüksələcək”.

İlkin siqnallar ürəkaçan olmayıb. Belə ki, Serbiya paytaxtı  Belqradda çıxış edən Vladimir Putin Avropanı hədələyərək deyib: "Əgər biz görsək ki, Ukraynadakı həmkarlarımız, deyək ki, 2008-ci ildəki kimi qanunsuz olaraq bizim qazdan istifadə edəcəklər, onda bu oğurluğa cavab olaraq biz də qazın idxalını azaltmalı olacağıq. Əgər qazın Avropaya idxalında böhran yaransa, bu, bizim ucbatımızdan olmayacaq. Rusiya həmişə etibarlı tərəfdaş olub”.

Bu görüşdən bir az əvvəl isə Almaniya Federativ Respublikasının federal kansleri Angela Merkel bildirmişdi ki, Avropa Birliyinin Rusiyaya tətbiq etdiyi sanksiyalar zərurətdən doğub, biz ümid edirik ki, bu sanksiyalar Rusiya ilə dialoqa mane olmayacaq. 

Xatırladaq ki, dünən başlamış bu mötəbər tədbir bu gün yekunlaşacaq.
Elbəyi Həsənli,
Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA