"Heydər Əliyev-2026": Azərbaycan və Türkiyə birgə hərbi təlimdə - VİDEO

img

03-04-2026 [10:37]


Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək "Heydər Əliyev-2026" birgə təliminə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahından hərəkətə başlayan bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə - Araz çayı üzərindəki "Ümid" körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Qars şəhərindən mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib.

"Ümid" körpüsündə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyənin Respublikasının İstiqlal Marşı ifa edildikdən sonra bayraqların dəyişmə mərasimi olub.

Sonra təlimə cəlb ediləcək şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibəti ilə keçirilən tədbirdə ƏÜO komandanı general-leytenant Kənan Seyidov çıxış edərək birgə hərbi təlimin əhəmiyyətindən danışıb, təlim iştirakçılarına uğurlar arzulayıb.

Tədbirdən sonra təlimə cəlb ediləcək bölmələr Naxçıvan şəhərindən yola düşüblər.

Qeyd edək ki, təlimin keçirilməsində məqsəd müasir döyüşün prinsiplərinə uyğun birgə əməliyyatların planlaşdırılması və icrası, koordinasiyanın təşkil edilməsi, döyüşün hərtərəfli təminatı üzrə təcrübə mübadiləsinin aparılması və şəxsi heyətin bilik və bacarıqlarının artırılmasından ibarətdir.

Təlimin planına əsasən müxtəlif şəraitlərdə döyüş, eyni zamanda xüsusi tapşırıqlar icra olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:43 03.04.2026

Qurban Qurbanov küsüb?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA