ABŞ Vitse-prezidenti Bakıda: İlham Əliyevlə birgə mühim mesajlar verildi - "Trampdan sonra yeganə dünya lideri Əliyevdir ki..." + VİDEO, FOTOLAR (Yenilənib)
10-02-2026 [21:47]
Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens mətbuata bəyanatlarla çıxış ediblər.
Mia.az xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
- Hörmətli cənab Vitse-prezident.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
Cənab Vitse-prezidenti Azərbaycanda rəsmi səfərdə salamlamaq bizim üçün böyük şərəfdir. Bu gün bizim ikitərəfli gündəliyin bir çox məsələlərini əhatə edən əla söhbətimiz oldu. Biz Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına olduqca minnətdarıq. Strateji Tərəfdaşlıq haqqında Xartiyanın bu gün imzalanması mərasimi heyətlərimizin altı ay ərzində gördüyü çox gərgin işin təzahürüdür. Altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır.
Bizim üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir. Biz, həmçinin Prezident Trampa, Vitse-prezident Vensə və onların heyətinə Qafqazda sülhə verdikləri töhfəyə görə çox minnətdarıq. Ötən avqustda Ermənistan və Azərbaycan Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişini parafladılar və biz Prezident Trampın, həmçinin şahid kimi imzaladığı Sülh haqqında Birgə Bəyannaməni imzaladıq. Artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq. Biz sülh içində yaşamağı öyrənirik.
Biz bu cür böyük töhfəyə görə ABŞ Hökumətinə çox minnətdarıq. Biz Azərbaycan vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə nəinki bütün məhdudiyyətləri qaldırmışıq, o cümlədən özümüz Ermənistana neft məhsullarının təchizatına başlamışıq. Beləliklə, ticarətin və əməkdaşlığın başlanğıcı reallaşır. Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Beləliklə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir. Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur.
Əziz qonaqla imzaladığımız Xartiyada əməkdaşlığımızın müxtəlif istiqamətləri əks olunur. Biz təhlükəsizlik və antiterror əməliyyatları məsələləri üzərində işimizi davam etdirəcəyik. Bu gün Azərbaycan öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin edir. Onların 11-i NATO-nun üzvü, ABŞ-ın müttəfiqidir.
Bağlantılara gəldikdə, artıq qeyd etdiyim kimi, TRIPP layihəsi regionda sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olacaq. Biz müdafiə məhsullarının satışı sahəsində yeni səhifə açırıq və bu, həmçinin perspektivlidir. Əlbəttə ki, süni intellekt mərkəzlərinin yaradılması bu gün ikitərəfli gündəliyimizin bir hissəsidir və Amerikanın aparıcı şirkətləri ilə işbirliyi quraraq artıq ilkin nəticələrimiz var. Başqa sözlə, Vitse-prezident Vensin bugünkü səfəri, imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti, dostumuz və qonağımızın qəbulu baxımından tarixidir. Cənab Vitse-prezident, xoş gəlmisiniz.
Vitse-prezident Cey. Di. Vensin bəyanatı
- Təşəkkür edirəm Prezident Əliyev. Mən ABŞ Prezidentinin şəxsən Sizə, eləcə də Azərbaycan xalqına ən səmimi salamlarını çatdırmaq istəyirəm. Düşünürəm ki, bu, ABŞ üçün çox uzunmüddətli, çox mühüm tərəfdaşlıq və dostluqdur. Fikrimcə, bir çox amerikalılar bəlkə də bilmir. Məsələn, azərbaycanlılar Əfqanıstandan çıxan ən sonuncu tərəf oldular. Onlar dünya səviyyəsində terrorçuluğa qarşı aparılan mübarizəyə çox böyük dəstək verdilər. Onlar ABŞ-ın hərbi dənizçiləri ilə Əfqanıstanda çiyin-çiyinə vuruşublar və faktiki olaraq, dünyanın istənilən yerini götürsək belə, az sayda olan ən mübariz və cəsarətli qoşunlardan biri kimi nüfuz qazandılar. Bu gün biz bu dostluğa təşəkkür əlaməti olaraq buraya gəlmək istəyirdik, sözün əsl mənasında, səhifə çevirmək və növbəti fəslə keçmək istəyirdik.
Düşünürəm ki, Prezident Trampın və Prezident Əliyevin rəhbərliyi ilə daha güclü və daha yaxşı münasibətlər qurulacaq. Burada - Azərbaycanda danışmaq və elan etmək üçün çox məsələlər var.
Fikrimcə, biz burada baş verən bəzi əla məsələlər haqqında bütün günü danışa bilərdik. Ərazi sularınızın qorunması ilə bağlı Azərbaycana bəzi yeni qayıqları göndərəcəyik. Biz fərəhlə elan edirik və düşünürəm ki, mən Azərbaycanın iki hissəsini birləşdirəcək Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu ilə bağlı gələn ilk şəxs oldum.
Ümidimiz Azərbaycan ilə Ermənistan arasında həqiqətən inanılmaz sülh sazişinin dayanıqlı olmasını mümkün edəcək iqtisadi, təbii sərvətlər, əsas minerallarla bağlı əməkdaşlığın qurulmasıdır. Bilirik ki, toqquşmanın qarşısını alacaq və müharibələrə imkan verməyəcək mühüm məsələlərdən biri iki xalq arasında qarşılıqlı mədəni mübadilələrdir. Onlar birgə çalışanda böyük əmin-amanlıq yaranır və bir-biri ilə mübarizə aparmır.
Hazırda sülh sazişi baxımından düşünürəm ki, Prezident Əliyev həqiqətən böyük təşəkkürə layiqdir. Bu gün mən Ermənistanda idim. Ermənistanın Baş naziri və Azərbaycan Prezidentinin liderliyi olmasaydı, biz sülh sazişinə nail ola bilməzdik. Düşünürəm ki, üç şəxs tarixi sülhü yaratdı. Bu ölkənin Prezidenti, Ermənistanın Baş naziri və əlbəttə, ABŞ Prezidenti birgə işləyərək, əvvəllər müharibə olmuş məkanda sülh yaratdılar. Düşünürəm ki, gələcəkdə bir vaxtlar yalnız mübarizə və münaqişə olan yerdə əmin-amanlıq yaranacaq. Bu, Prezident Əliyevin liderliyinin və rəhbərliyinin bariz nümunəsidir. Bu məsələlərdə ABŞ Prezidenti xarici siyasətimizi qurur. Bir halda ki, biz ticarətlə məşğul ola, tərəfdaşlıq qura biləriksə, nəyə görə biz bir-birimizlə vuruşmalıyıq?!
Fikrimcə, ABŞ ilə Azərbaycan arasında tərəfdaşlıq regionda daha möhkəm sülhə və əmin-amanlığa aparacaq. ABŞ-ın iş adamları üçün əlavə bazarlara çıxış yaranacaq. Bununla daha təkmil dünya yaranacaq ki, insanlar bir-biri ilə vuruşmasınlar, ticarət aparsınlar.
Düşünürəm ki, bu, ABŞ Prezidentinin missiyasının və xarici siyasətinin özəyidir. Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik. Biz strateji tərəfdaşlıq sənədini imzaladıq. Fikrimcə, bu, tərəfdaşlığı rəsmiləşdirir və çox aydın şəkildə göstərir ki, ABŞ-Azərbaycan münasibətləri dayanıqlıdır və xalqlarımız üçün böyük nəticələr verməkdə davam edəcək.
Şəxsən öz tərəfimdən qeyd edim ki, mən burada olmaqdan çox şadam. Enişdən əvvəl işçilərimə deyirdim ki, Prezident Tramp kimi Prezident Əliyev də dünyada türklər və israillilər ilə həqiqətən yaxşı münasibətlərə malikdir.
Həmçinin birincisi, burada yeməklər çox ləziz olmalıdır. İkincisi isə ölkə başçısı həqiqətən cəlbedici şəxsdir. Mən təsdiqləyə bilərəm ki, o, çox cəlbedicidir. Bir az sonra biz yeməkləri dadacağıq və əminəm ki, o da ləziz olacaq.
İcazə verin, həmçinin qeyd edim ki, ikinci xanım və mən bu gün axşam ziyafətdə iştirak etməkdən çox məmnunuq. Belə başa düşürəm ki, Azərbaycanın Birinci vitse-prezidenti Prezidentin həyat yoldaşıdır və ümid edirəm ki, bu, ikinci xanımı hər hansı başqa bir fikrə gətirmir. Mən bunları şəxsən öz tərəfimdən, eləcə də böyük xalqlarımızın dostluğu baxımından söyləmək istəyirəm. Burada olmaqdan çox böyük şərəf hissi duyuram və müzakirəni davam etdirməkdən çox məmnunam.
Tanrı sizi qorusun. Çox sağ olun.
***
Azərbaycan Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens mətbuata bəyanatlarla çıxış ediblər.
Mia.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan və ABŞ arasındakə münasibətlərin yeni mərhələsindən söz açıb: "Bu gün imzaladığımız sənədlə bizim əməkdaşlığımızın müxtəliflər istiqaməti var. Təhlükəsizliklə bağlı əməkdaşlığımızı davam etdirəcəyik. Anti-terror əməliyyatlarında əməkdaşlıq edəcəyik".
Prezident deyib ki, Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanma mərasimi ürəkdən aparılmış işin nəticəsidir: "Biz Prezident Trampa və Vitse-prezidentə Cənubi Qafqazda sülhə töhfə verdiklərinə görə təşəkkür edirik".
Dövlət başçısı xatırladıb ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda Birgə Bəyannamə imzalandı və bu bəyanatı Prezident Tramp şahid kimi imzaladı: "Biz növbəti altı ayda sülh şəraitində yaşayırıq. Buna görə ABŞ hökümətinə təşəkkür edirik".
***
Biz nəinki tranzitlə bağlı Azərbaycan vasitəsilə yüklərin daşınmasında məhdudiyyəti aradan qaldırmışıq, o cümlədən özümüz Ermənistana neft məhsullarının ixracına başlamışıq.
Mia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında deyib.
"Ən vacib nəticələrdən biri Tramp-Vens administrasiyasının bizim regiondan gözləntisi TRİPP layihəsidir. Bu nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, eyni zamanda təhlükəsiz daşımalar dəhlizinə çevriləcək. Tramp marşrutu Azərbaycanın iki hissəsini birləşdirməklə yanaşı, Avropa ilə Asiyanı da birləşdirəcək".
***
Azərbaycan və ABŞ müdafiə sahəsində avadanlıqların satışında yeni bir səhifə açır.
Mia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında deyib.
"Həmçinin süni intellekt mərkəzlərinin yaradılması ikitərəfli gündəliyimizin bir hissəsidir".
***
Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Venson Azərbaycana səfəri tarixi sayıla bilər.
Mia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında deyib:
"O bizim dostumuz və qonağımızır. Danışıqların mahiyyəti və Strateji xartiya baxımından onun səfəri vacibdir".
***
"Üç lider İlham Əliyev, Nikol Paşinyan, Donald Tramp Cənubi Qafqazda sülhü mümkün etdi".
Məlumata görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens bunu Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən bildirib.
"Bu üç lider uzun illər davam edən müharibəyə son qoydu. Nəhayət, regionda sülh hökm sürür. Tramp administrasiyasının məqsədi sülhün bərqərar edilməsidir", - Vens deyib.
Vitse-prezident bildirib ki, ABŞ Azərbaycanın ərazi sularının müdafiəsinə kömək etmək üçün ölkəyə bir neçə yeni qayıq tədarük etməyi planlaşdırır.
***
Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Trampla yanaşı, həm Türkiyə, həm də İsraillə həqiqətən yaxşı münasibətləri olan yeganə dünya lideridir.
Bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən bildirib.
"Mən burada olmaqdan son dərəcə məmnunam. Enməzdən əvvəl (Bakıya - red.) əməkdaşlarıma dedim ki, Prezident Trampdan başqa, həm türklərlə, həm də israillilərlə həqiqətən yaxşı münasibətləri olan yeganə dünya lideri Prezident Əliyevdir", - o qeyd edib.
***
Azərbaycanla ABŞ arasında fevralın 10-da Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb.
Mia.az xəbər verir ki, "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nı Azərbaycan tərəfindən Prezident İlham Əliyev, ABŞ tərəfindən isə vitse-prezident Cey Di Vens imzalayıblar.
Strateji Tərəfdaşlıq Xartiyasının tam mətnini təqdim edirik:
Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti:
Bölmə I: Regional Bağlantılar, o cümlədən Enerji, Ticarət və Tranzit
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Transxəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı; enerji və data bağlantısı; ticarət və tranzitin asanlaşdırılması; gömrük nəzarəti və sərhəd keçidi; beynəlxalq multimodal logistika; və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətindədirlər. Onlar 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq iştirakçı ölkələrə beynəlxalq və ölkə daxili bağlantı üçün qarşılıqlı faydaları təmin etməklə, Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi kimi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) əhəmiyyətini qəbul edirlər.
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları, Əsrin Müqaviləsi, Cənub Qaz Dəhlizi kimi layihələrin həyata keçirilməsi ilə nəticələnmiş və sıx əməkdaşlıq sayəsində hər iki tərəfə və daha geniş regiona fayda vermiş Azərbaycan-ABŞ münasibətlərinin məhsuldar tarixinə əsaslanaraq, ikitərəfli iqtisadi əlaqələri təşviq etmək məqsədilə biznes mühitinin, ticarət və sərmayə axınlarının inkişaf etdirilməsi istiqamətində çalışmaq niyyətindədirlər. Bu məqsədlə:
Bölmə II: İqtisadi Sərmayələr, o cümlədən Süni İntellekt (AI) və Rəqəmsal İnfrastruktur
Bölmə III: Təhlükəsizlik Əməkdaşlığı
Cənubi Qafqazda sülh Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının ortaq marağındadır və Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında təhlükəsizlik əməkdaşlığı hər iki dövlətə, eləcə də beynəlxalq və regional sülh və təhlükəsizliyə fayda verir. Birləşmiş Ştatlar, Azərbaycan qüvvələrinin beynəlxalq və regional təhlükəsizliyi irəlilətmək üçün Birləşmiş Ştatlar və koalisiya tərəfdaşları ilə birlikdə xidmət etdiyini nəzərə almaqla, Azərbaycanın beynəlxalq sülhməramlı səylərə verdiyi töhfələri yüksək dəyərləndirir.
Bölmə IV: İnstitusional Çərçivə və tətbiq
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları bu Xartiyadan irəli gələn öhdəliklərini yerinə yetirməklə bağlı ortaq niyyəti qəbul edərək, mövcud Strateji Tərəfdaşlıq çərçivəsinin bir hissəsi kimi, iqtisadiyyat və ticarət; enerji; bağlantılar, AI və rəqəmsal inkişaf; təhlükəsizlik və müdafiə daxil olmaqla, əməkdaşlıq sahələri üzrə işçi qrupları yarada bilərlər.
Müvafiq İşçi Qrupları hazırkı Xartiyanın imzalanmasından sonrakı üç ay ərzində layihələrin siyahısını və onların həyata keçirilməsi üçün yol xəritələrini razılaşdırmaq niyyətindədirlər.
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları hazırkı Xartiya çərçivəsində ildə ən azı bir dəfə müntəzəm olaraq görüşmək niyyətindədirlər və tərəfdaşlıqlarının həyata keçirilməsi üçün zəruri olan və qarşılıqlı olaraq müəyyən edilmiş digər dialoq platformaları yarada bilərlər.
***
Fevralın 10-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens ilə geniş tərkibdə görüşü keçirilib.
Mia.az xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi: Hörmətli qonaqlar, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Amerika Birləşmiş Ştatlarının Vitse-prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmək bizim üçün böyük şərəfdir. Biz elə indicə ikitərəfli gündəliyimizin müxtəlif aspektlərini, həmçinin regional inkişafı müzakirə etdik. İndi biz daha geniş kontekstdə dialoqumuzu davam etdirəcəyik.
Biz ölkələrimiz arasında münasibətlərə, xüsusilə son altı ayda baş verənlərə yüksək dəyər veririk. Bu müddət bizim tərəfdaşlığımız üçün tamamilə möhtəşəm olmuşdur. Son altı ayda mənim Prezident Trampla iki görüşüm olub. Bu görüşlər və sizin Azərbaycana rəsmi səfəriniz həqiqətən tərəfdaşlığımızı gücləndirmək üçün qarşılıqlı maraq və qarşılıqlı iradənin olduğunu nümayiş etdirir. Bu gün tərəfdaşlığımız rəsmi şəkildə daha yüksək səviyyəyə qalxacaq. Fəaliyyətin həcmi və komandalarımız arasında qarşılıqlı əlaqələr həqiqətən yüksəksəviyyəli tərəfdaşlıq ruhunu nümayiş etdirir.
Sizə yaxşı vaxt keçirməyi arzulayıram və əminəm ki, səfər bizim güclü əməkdaşlığımıza daha bir töhfə olacaq. Bir daha xoş gəlmisiniz.
Vitse-prezident Cey. Di. Vens dedi: Çox gözəl. Prezident Əliyev, bizi qəbul etdiyinizə görə Sizə və Sizin komandanıza təşəkkür edirəm. Burada ABŞ Hökumətinin ən parlaq nümayəndələrindən bəziləri əyləşib. Prezidentimiz Sizə öz salamlarını, xoş arzularını çatdırır və tərəfdaşlığınız üçün Sizə minnətdardır. Azərbaycan və Ermənistan arasında Prezident Trampın vasitəçilik etdiyi sülh razılaşması düşünürəm ki, onun vasitəçiliyi ilə olan yeddinci və ya səkkizinci sülh razılaşmasıdır. Bilirəm ki, Prezident Tramp bununla çox qürur duyur, çünki o, Sizin ölkənizə, həm də Ermənistana heyrandır. Əfsuslar olsun ki, sonuncu administrasiya bir çox səhvlərə yol verdi. Onların yol verdikləri səhvlərdən biri Azərbaycana münasibətdə çox sərsəm siyasətin yürüdülməsi idi. Biz Prezidentin rəhbərliyi ilə bunu düzəltdik. Buna görə mən çox minnətdaram.
Bilirəm ki, o, aranızdakı tərəfdaşlığa və dostluğa, rəhbər heyətlər və administrasiyalarımız arasında münasibətlərə görə çox minnətdardır. Burada olmaq çox xoşdur. Düşünürəm ki, bizim çox maraqlı söhbətlərimiz olacaq. Əlbəttə ki, biz Strateji Tərəfdaşlıq Xartiyasını imzalayacağıq və mən bunu səbirsizliklə gözləyirəm.
Bu, ötən il bir çox nailiyyətləri olan dostlar arasında baş tutan yaxşı bir görüşdür və hesab edirəm ki, növbəti üç ildə biz daha çox nailiyyət qazanacağıq. Bizi qəbul etdiyiniz üçün təşəkkür edirik.
Prezident İlham Əliyev: Təşəkkür edirəm.
x x x
ABŞ-ın Vitse-prezidenti sülh gündəliyinin irəli aparılmasında Prezident İlham Əliyevin nümayiş etdirdiyi liderliyi vurğuladı.
Dövlətimizin başçısı Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın xüsusi roluna toxundu.
Cey. Di. Vens Azərbaycanda hökm sürən tolerant mühiti qeyd edərək, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin bir ailə kimi sülh və dostluq şəraitində yaşadığını vurğuladı.
Söhbət zamanı TRIPP nəqliyyat dəhlizinin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, Azərbaycanla ABŞ arasında siyasət, iqtisadiyyat, ticarət, yüksək texnologiyalar, süni intellekt, data mərkəzlərinin yaradılması və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.
Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb.
***
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens ilə məhdud tərkibdə görüşüb.
Mia.az xəbər verir ki, fevralın 10-da C.D.Vensin Azərbaycana səfəri başlayıb.
***
Bu gün Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin rəsmi qarşılanma mərasimi olub.
Mia.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ABŞ-ın Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Vitse-prezident Ceyms Devid Vensə raport verib.
Amerika Birləşmiş Ştatlarının və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyətinin üzvləri Vitse-prezident Ceyms Devid Vensə, Amerika Birləşmiş Ştatları nümayəndə heyətinin üzvləri isə Azərbaycan Prezidentinə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin qarşısından keçib.
Sonda rəsmi foto çəkdirilib.
***
ABŞ Vitse-prezidenti Ceyms Devid Vens fevralın 10-da Azərbaycana rəsmi səfərə gəlib.
Mia.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ABŞ-nin Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Vitse-prezident Ceyms Devid Vensi Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.
Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Sonda rəsmi foto çəkdirilib.













Aşıq Telli Borçalıya ağır itki üz verib
İzmirdə FETÖ-ya qarşı növbəti əməliyyat: 12 nəfər saxlanılıb
Makrondan Epşteynlə bağlı suala belə cavab verdi: "Məhkəmə sistemi öz işini görməlidir"
BMT Baş katibi ilə Hakan Fidan telefonda müzakirə aparıb
Türkiyə hərbçiləri NATO-nun nəhəng təliminə qatılacaq
"Patron"dan zəhərlənmə şikayətinə maraqlı reaksiya: "Məhsulun içindən xırda daş, başqa şeylər çıxa bilər"
Türkiyədə dənizdə Rusiya-Ukrayna müharibəsində vurulmuş PUA-sı qalığı tapıldı - FOTO
"Sivasspor"da baş məşqçi təyinatı oldu
Deputatın şirkəti il başlar-başlamaz 10,7 milyonluq sifariş alıb – “Azəri Med” hansı qurumların tenderlərini qazanıb?
Ruben Vardanyan Bakıda məhkəmədə - Erməni milyonçu Füzulinin şeirini və Hüseyn Cavidin poemasını oxudu
Qurban Qurbanov: "Futboolçuları ələ almaq, əldə saxlamaq asan deyil"
Agentlik sədrinə birinci müavin və müavinlər təyin edildi - Onlar kimdir? + FOTOLAR
Aqrar Sığorta Fondu satınalma haqqında qanunu pozub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
MƏHKƏMƏ RAMİZ MEHDİYEVLƏ BAĞLI QƏRAR VERDİ
"Şamaxı" "Qarabağ"a uduzub
Daha bir qanuna dəyişiklik edilib
"Sülhün əldə edilməsi yalnız ilk addımdır və..." - ABŞ vitse-prezidenti Bakıya gəlir
"Cərrahpaşalı Halit"in "bacı"sı vəfat edib
"Beşiktaş" Vatslav Çerni ilə bağlı açıqlama yaydı
Hava limanənda 27 ədəf xəz dəri məmulatları aşkarlanıb
YENİ NAZİR KİMDİR? - Maraqlı məlumatlar
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Allahşükür Paşazadə Roma Papası Azərbaycana dəvət edib
NAZİR MÜAVİNİ NAZİR TƏYİN OLUNDU - Sərəncam
Polkovnik Rasim İldırımzadəyə 12 il cəza istənildi
YENİ KOMİTƏ SƏDRİ ŞƏHİD ÖVLADIYMIŞ...
YENİ SƏDR SALEH MƏMMƏDOVUN QUDASINI YOLA SALDI: təyinat oldu - AAYDA-da ilk dəyişiklik + FOTO
Fəzail Ağamalı dəfn edildi - FOTOLAR (Yenilənib)
İsrail hərbçiləri jurnalisti həbs edib
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
PREZİDENT AGENTLİK RƏHBƏRİNİ KOMİTƏ SƏDRİ TƏYİN ETDİ - Sərəncam
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar