Epşteyn qalmaqalı və kabus kimi suallar... - TƏHLİL
02-02-2026 [10:34]
Jeffrey Epstein işi (2008 / 2019) adi bir cinayət dosyesi deyil. 2019-cu ildə həbsxanada onun ölməsi qalmaqalı daha da dərinləşdirdi. Onu saxlanıldığı otaqda kameranın işləməməsi xeyli suallar doğurdu. Bu iş tək fərdin yox, elit toxunulmazlığının ifşasına çevrildi.
Bu qalmaqal müasir Qərb dünyasında güc, şəhvət, toxunulmazlıq və institutların özünü qoruma mexanizmlərinin necə işlədiyini göstərən nadir hadisələrdəndir. İllər keçsə də, sənədlər açıldıqca aydın olur ki, problem bir nəfərdə yox, onu mümkün edən sistemdədir.
Qərbdə buna bənzər olaylar əvvəl də olub. Bir neçəsinə nəzər salaq:
Bill Clinton – Monica Lewinsky (1998)
ABŞ prezidenti Ağ Evdə praktikantla münasibətini inkar etdiyi üçün impiçment prosesi ilə üzləşdi. Cinayət yox, yalan əsas problem oldu. Qalmaqal ABŞ-da hakimiyyət və şəxsi əxlaq sərhədlərini yenidən müzakirəyə açdı.
Silvio Berlusconi – “Bunga bunga” (2010–2013)
İtaliyanın baş naziri azyaşlı qızın da iştirak etdiyi əyləncələrdə ittiham olundu. Məhkəmə prosesləri uzun sürdü, siyasi nüfuzu ciddi zərbə aldı. Dövlət başçısının şəxsi həyatı milli legitimlik probleminə çevrildi.
Harvey Weinstein (2017)
Hollywood prodüseri onilliklər boyu qadınlara qarşı sistemli cinsi zorakılıqda ittiham edildi və məhkum olundu. Bu iş #MeToo hərəkatını qlobal miqyasda partlatdı və susqunluq mədəniyyətini dağıtdı.
Miqyas və qurbanlar
Rəsmi məhkəmə sənədlərinə görə Epstein şəbəkəsi onlarla yeniyetmə qızı əhatə edib. Qeyri-rəsmi ifadələrdə bu rəqəm 100-dən çox göstərilir. Yaş aralığı əsasən 13-17, xüsusilə 14-16 olub. Ayrı-ayrı ifadələrdə oğlanların da adı keçir, lakin qalmaqalın mərkəzində yeniyetmə qızların sistemli istismarı dayanır. Bu faktlar hüquqi qərarlarla təsdiqlənib.
Ghislaine Maxwell: şəbəkənin açar fiquru
Ghislaine Maxwell Epstein-in köməkçisi deyil, əməliyyatçı tərəfdaşı idi. Qurbanların tapılması, yönləndirilməsi və psixoloji hazırlanmasında birbaşa rol oynayıb. ABŞ məhkəməsi onu yetkinlik yaşına çatmayanların istismarına yardım və insan alveri maddələri ilə məhkum etdi. Maxwell bu qalmaqalda real həbs cəzası alan yeganə böyük fiqur olaraq qalır. Bu fakt Epstein işinin təkadamlıq hekayə olmadığını hüquqi müstəvidə təsdiqləyir.
Prince Andrew: Taxt-tac əldən getdi
Burada xüsusi dayanmaq lazımdır. Prince Andrew qalmaqalı sadəcə şəxsi reputasiya itkisi ilə bitmədi. Onun kral titulları əlindən alındı, rəsmi və ictimai funksiyaları ləğv edildi, monarxiya daxilində taxt-tacla bağlı istənilən real perspektivi faktiki olaraq aradan qaldırıldı. Bu, müasir Britaniya monarxiyası üçün çox nadir və simvolik addımdır. Yəni sistem burada yalnız “ayıblamaqla” kifayətlənmədi, institusional legitimliyi qorumaq üçün öz içindən bir fiquru kənarlaşdırdı. Epstein işi bu mənada Britaniya monarxiyası üçün hüquqi yox, tarixi və simvolik zəlzələ oldu. Bu məqam çox önəmlidir. Bəzən sistem özünü qorumaq üçün qurban verir. Prince Andrew həmin qurbanlardan biridir. Və o, Britaniyanın monarxiya sistemini qorumaq üçün siyasi baxımdan edam edildi.
Dominique Strauss-Kahn. Sistemin fərqli reaksiyası
Bu paraleli tamamlamaq üçün Dominique Strauss-Kahn nümunəsi vacibdir. O, 2007–2011-ci illərdə Fransa maliyyə naziri, daha sonra Beynəlxalq Valyuta Fondunun rəhbəri oldu. 2011-ci ildə Nyu-Yorkda otel işçisinin cinsi zorakılıq ittihamı ilə gündəmə gəldi və dərhal IMF postundan istefa verdi. Sonradan bəzi ittihamlar geri götürülsə də, siyasi və beynəlxalq karyerası bitdi. Buradakı paradoks diqqətçəkəndir. Strauss-Kahn bir hadisə ilə sistemdən kənarlaşdırıldı, Epstein şəbəkəsi isə illərlə toxunulmaz qaldı. Bu fərq hüquqi yox, siyasi prioritetlərlə izah olunur.
Seks, qanun və Qərb paradoksu
Qərb ölkələrinin bir hissəsində seks işi leqaldır və tənzimlənir. Almaniya, Hollandiya, Belçika kimi ölkələrdə fahişəxanalar rəsmi fəaliyyət göstərir. ABŞ-da isə yalnız Nevada ştatının bəzi rayonlarında leqal bordellər var və onların sayı təxminən 20-yə yaxındır. Ümumi təxminlərə görə ABŞ-da 1–2 milyon insan bu və ya digər formada seks işi ilə dolanır, lakin onların böyük hissəsi qeyri-rəsmi şəkildə bu sahədədir. Paradoks ondadır ki, seks leqal ola bilər, amma güc, yaş və zor işə qarışanda sistem çox vaxt gec reaksiya verir. Epstein işi bu gecikmənin nəticəsidir.
Epstein işində Nyu-York merinin adı hallanır?
Jeffrey Epstein qalmaqalı faktların özündən çox, faktlardan qoparılıb dolaşıma buraxılan yalan hekayələrin üzərində böyüyür. Cinayət dosyesi realdır, qurbanlar realdır, institusional susqunluq realdır. Amma son mərhələdə bu iş kontekstsiz fotolar, saxta identifikasiyalar və məqsədli hədəfləmə ilə dezinformasiya silahına çevrilir. Sosial şəbəkələrdə illərdir paylaşılan məşhur qrup fotosu bunun klassik nümunəsidir. Foto ortaya atılır, ardınca üzərinə adlar yapışdırılır: keçmiş prezidentlər, milyarderlər, “gizli elit”. Sonra isə ən təhlükəli mərhələ başlayır-fotodakı uşağa siyasi kimlik yüklənir. Guya həmin uşaq sonradan Nyu-Yorkun “müsəlman meri” olub. Bu cümlənin özündə üçqat manipulyasiya var: həm foto ilə kimlik əlaqəsi sübutsuzdur, həm status uydurmadır, həm də dini kimlik qəsdən ön plana çəkilir. Bu xəttin mərkəzində real siyasi fiqur dayanır: Zohran Mamdani. O, Nyu-Yorkun yeni seçilmiş meridir. Lakin dezinformasiya mexanizmi onun real bioqrafiyasını izah etmir; onu Epstein qalmaqalına süni şəkildə bağlamağa çalışır. Məqsəd məlumat vermək deyil, şübhə yaratmaq, legitimliyi kölgəyə salmaqdır. Burada iki element xüsusilə təhlükəlidir. Birincisi, uşaq obrazı: emosional reaksiya yaradır və tənqidi düşüncəni söndürür. İkincisi, müsəlman kimliyinin qabardılması: “hamısı əvvəldən planlaşdırılıb” narrativi qurulur. Bu, nə Epstein qurbanlarına kömək edir, nə də ədaləti gücləndirir. Əksinə, real cinayət şayiənin altında boğulur.
“Mossad Trampa təzyiq edir” iddiası
Son günlər sosial şəbəkələrdə belə bir iddia dolaşır: guya Mossad Donald Trampa təzyiq göstərmək üçün Jeffrey Epstein qalmaqalı ilə bağlı “yeni fotolar” yayıb. Məqsəd isə ABŞ-ın İrana hücumda tərəddüd etməsini aradan qaldırmaqdır.
Bu iddia ilk baxışda “şok” təsiri bağışlasa da, fakt baxımından tam boşdur. Nə bu fotoların haradan yayıldığı bəllidir, nə onların rəsmi mənbəyi var, nə də etibarlı beynəlxalq media bu məlumatı təsdiqləyib. Reuters, BBC, AP, AFP kimi agentliklər bu barədə bir sətir belə yazmayıb.
Burada söhbət araşdırmadan yox, sarı mətbuat refleksindən gedir. “Gizli kəşfiyyat”, “şantaj”, “kompromat” kimi sözlər oxucu cəlb edir. Fakt olmasa da, klik gəlir. Epstein qalmaqalı isə bu tip sensasiyalar üçün ideal xammaldır: seks, güc və qorxu bir paketdə satılır.
Problem ondadır ki, bu cür hekayələr real cinayətin özünü kölgədə qoyur. Qurbanlar yox olur, məsuliyyət yox olur, qalır yalnız səs-küy.
“Putin” narrativi: konspirasiya bazarının klassik məhsulu
Epstein qalmaqalı böyüdükcə başqa bir “izah” da dövriyyəyə buraxıldı: guya bu şəbəkə KQB–FSB tərəfindən qurulmuş “honeytrap” əməliyyatı olub və məqsəd Qərb elitlərini şantaj etmək imiş. Bu narrativdə Vladimir Putinin adı da tez-tez hallandırılır. Hətta D. Trampdan daha çox.
Ancaq yenə əsas sual dəyişmir: bunu sübut edən real fakt varmı? Cavab aydındır-yoxdur. Nə ABŞ məhkəmə sənədlərində, nə rəsmi araşdırmalarda, nə də ciddi beynəlxalq mediada Epsteinlə Rusiya xüsusi xidmətləri arasında birbaşa əlaqə sübut edilib.
“Minlərlə sənəd”, “gizli görüşlər”, “kompromat ötürülməsi” kimi ifadələr fakt yox, konspirasiya bazarının dilidir. Məntiq sadədir: real qalmaqal + qlobal güc fiquru = oxunaqlı hekayə. Həqiqətin olub-olmaması isə ikinci plandadır. Bu kimi narrativlər ədaləti axtarmır. Onlar diqqət iqtisadiyyatına xidmət edir. Oxucu qazanılır, amma həqiqət itirilir.
Roma imperiyası paraleli: Pompey və Vezuviy
Bu mənzərə tarixə də tanışdır. Roma imperiyasının son dövrlərində elitlərin toxunulmazlığı, həzz mədəniyyəti və ikili hüquq sistemi Pompey kimi şəhərlərdə adi hala çevrilmişdi. Vezuviy vulkanı həmin şəhəri torpağın altına gömdü. Tarixçilər üçün bu, təkcə təbii fəlakət deyil, əxlaqi çürümənin metaforasıdır. Epstein qalmaqalı da eyni sualı yenidən ortaya qoydu. Qanun hamı üçünmü var, yoxsa yalnız zəiflər üçün keçərlidir? Epstein qalmaqalı təkcə seks cinayəti deyil. Bu, əxlaqi tənəzzülün xəritəsidir. Prince Andrew nümunəsi göstərdi ki, sistem bəzən özünü qorumaq üçün rəsmi qurban verir. Strauss-Kahn nümunəsi isə göstərdi ki, bəzən bir hadisə kifayət edir ki, kimsə zirvədən dərənin dibinə yuvarlansın. Epstein işi isə sübut etdi ki, şəbəkə böyüdükcə susqunluq uzanır. Bəli, Roma imperiyası Pompey ilə bitmədi. Müasir Qərb də Epsteinlə bitməyəcək. Amma hər imperiyanın öz Vezuviyi var.
Elbəyi Həsənli. Sürix
P.S Nikol Paşinyanın adının Epstein qalmaqalında hallanması isə istehza doğurur. Fake News bütün dünyada bum dövrünü yaşayır. Yalanla həqiqət arasındakı sərhədlər çoxdan itib...
Sedat Peker məşhur aktrisanın borcunu bağlayıb - 2 milyon TL-dən çox
Müdafiə Nazirliyi açıqlama yayıb
NAXÇIVANLA BAĞLI QƏRAR TƏSDİQLƏNDİ - Ali Məclis və Nazirlər Kabinetinin səlahyyəti azaldı - Başqa hansı dəyişikliklər var?
Azərbaycan Gənclərinin XI Forumu keçirilir - FOTO
"Səfalı" MTK-dan mənzil alan sakinlər şikayətçidirlər - VİDEO
Məktəblər dezinfeksiya edilir ki? - Nazirliik eyni şirkətlə 5.6 milyonluq sövdələşmədə imzaladı
Milli Məclisin iclası başlayıb
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
“Ballı” Marketlər Şəbəkəsinin sahibini öldürmək istəyiblər
“Sirab”ın sahibi yeni şirkət yaradıb
Epşteyn qalmaqalı və kabus kimi suallar... - TƏHLİL
Prezident İlham Əliyev gənclərə müraciət ünvanlayıb - MƏTN
"Fənərbağça"nın hücumçu klubdan ayrılır?
Türkiyədə bələdiyyə sədri ölümdən son anda xilas oldu - VİDEO
Meyxanaçı: "Hər şeyi darmadağın etdilər" - VİDEO
Müxalifət Makrona qarşı "ayağa qalxdı" - Epşteynlə nə əlaqəsi var?
İlham Əliyev: "Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik!"
ABŞ-da aksiya: onlarla nümayişçi həbs edilib
Suriyada İsrailin "çətir"i atında olan druzlarla hökumət qüvvələri üz-üzə gəlib - Döyüş davam edir
Dünyanı silkələyən "Epşteyn işi" - Məşhur şəxslərdən əxlaqsız milyarderə cinsi istismar üçün körpə qız və oğlan təklif edib
Dərslər başlayıb
"İcazə verməyəcəyik" - Vəliəhd Məsud Pezeşkiana söz verdi
RƏSMİ TEHRAN ABŞ-a ƏL UZATDI: "Trampla eyni fikirdəyik, o, düz deyir" - "Bizi ABŞ-la müharibəyə cəlb etməyə çalışırlar"
Tramp: "Kuba yenidən azad olacaq"
İraq parlamenti prezidenti yenə seçə bilmədi - Təxirə salındı
İRANA HÜCUM QƏRARI VERİLMƏYİB: "Bizimlə danışıq gedir" - Hindistan İrana arxa çevirdi, Tramp Çinə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azəriqaz”ın əməkdaşı döyülüb? - AÇIQLAMA
"Sən mənim haqqımda əxlaqsız söz deyirsənsə, deməli..." - Aparıcı Akif Nağıya elə mesajlar verdi ki...
15 min maaş alan müavin 19500 manat maaşı olan sədrindən danışmaqdan yayındı: "Heç belə bir məsələni soruşarlar?" - "Sualı Vəliyə, Turala verin"
Biləcəridən Ermənistana Rusiya taxılı daşıyan qatar yola düşüb
Xamenei: "ABŞ-ın hücumu tammiqyaslı regional münaqişəyə çevriləcək"
Sayğacda göstərici başqa, borc başqa... - Sakinə 495 manat artıq qazpulu yüklənib + VİDEO
Ağsuda ağır yol qəzası: dörd nəfər xəsarət alıb
Qazi 63 yaşlı anasını öldürdü, gəlini bıçaqladı, daha sonra isə... - Goranboyda dəhşətli hadisə (VİDEO, FOTO) - Yenilənib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident İlham Əliyev Pezeşkiana zəng etdi: "Azərbaycan gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır"
İranın iki bölgəsində güclü partlayış: 5 nəfər həlak olub - Generala sui-qəsd edlib?
“Karvan-Yevlax”ın icraçı direktoru: “Buraxılmış səhvlər təkrarlanmayacaq” - Yevlaxda yeni stadion tikilir
Biznesdə yeni trend - Çinarə Ağayeva freelance və gig-iqtisadiyyatdan danışır: "Daimi iş" anlayışı dəyişir”
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabah hava necə olacaq? - Proqnoz
Süleyman Mikayılov getdi, bəs İcra Hakimiyyətinə kim rəhbərlik edir?