Ağ rəngin poeziyada harmoniyası...
21-12-2025 [19:03]
Qulu Ağsəsin poeziyasında “ağ” yalnız rəng deyil — ideya, gözəl niyyət və estetik mövqedir. Onun şeirlərindəki məna yükü nə qədər ağırdırsa, bu yükü daşıyan bədii ifadə bir o qədər saf, şəffaf, ağ-bəyazdır. Elə buna görə də bu yazının sərlövhəsi ilk andan öz-özünə formalaşır: “Ağ rəngin poeziyada harmoniyası”.
Azərbaycan ədəbiyyatının yaxın tarixinə nəzər saldıqda nikbinlik və ümid üzərində qurulan, adında “işıq”, “ağ”, “ümid” sözləri daşıyan onlarla əsərlə qarşılaşırıq: Fikrət Sadığın “Ağ cığır”, “Yerdən göyə ümid”, Xəlil Rza Ulutürtün “Ümid və məhəbbət poeziyası”, Arif Abdullazadənin “Ömrün ağ cığırları”, Musa Yaqubun “İşıq ömrü”, Anarın “Ağ liman” və digərləri…
Bu silsilə təsadüfi deyil. Professor Tofiq Hüseynoğlunun dəqiq müşahidəsi ilə desək, həmin dövrün müəllifləri həyati konsepsiyalarındakı nikbinliyi, insana və gələcəyə inamı əsərlərinin adına əlavə edilən “ağ” epiteti ilə kodlaşdırırdılar. Lakin sonrakı illərdə yazılan oxşar adlı əsərlər əvvəlki rezonansı doğurmadı. Çünki zaman dəyişmişdi — torpaq həsrəti nikbinliyin üzərinə kölgə salmışdı.
Qarabağsız qalan şairin sevinci necə bütöv ola bilərdi? İllərlə yurd həsrəti çəkən qələm sahibləri üçün “ağ” rəng də ağrı ilə çulğalaşmış, qaynayıb-qarışmışdı. Ta ki, 27 illik ayrılıq sona çatana qədər… Bu tarixi dönüşdən sonra Qulu Ağsəs də poeziyasına yeni bir nəfəs gətirdi. Əvvəlki illərdəki torpaq həsrəti üçün anaların söylədiyi vətən xitablı ağıları eşidib ağlamadı, bu dəfə ağ rəngdən “Ağdam”ı yazdı, “Ağam şəhəri”ni yazdı, ağ rəngi yenidən mənalandırdı, aktuallaşdırdı:
Yuxarı başına keçən kafirə
yuxarıdan aşağı baxan,
Allahdan da çəkinməyən,
bircə əsarətdən qorxan!
Ağ alınlı qızılı atların vətəni,
seyid cəddinə içilən andların vətəni!
Qulu Ağsəsin qeybdən gəlirmiş kimi səslənən təxəllüsü onun poeziyasının ideya təmizliyini də tamamlayır. Xalq təfəkküründə “ağ gün”, “üzün ağ olsun” kimi ifadələr yaxşı niyyətin, saf əməlin göstəricisidir. Şairin şeirləri də məhz bu semantik sahədən qidalanır. Ağlığın harmoniyasından yoğrulan bu misralar hələ işğal illərində onun qəlbində azad Ağdamın işığını yandırmış, ümidini çoxaltmışdı.
Şairlər hər mövzuda yaza bilər. Amma mənə görə, şairliyin başlanğıc mövzusu da, son mövzusu da Vətəndir. Necə ki, insan ömrü laylayla başlayıb laylayla bitir, türk insanının Vətən sevgisi də beşikdən başlayır. Daşı, qayası, çayı, meşəsi, dağı — Vətənin hər detalı şeirin materialına çevrilir. Bu mövzuda yazmaq sadəcə poetik seçim deyil, məsuliyyət və cəsarətdir. Oxucuya bu qüruru aşılamaq isə əsl sənətdir. Qulu Ağsəsin “Ağdam” şeiri məhz bu estetik yükü daşıyır.
Qulu müəllimi ilk dəfə “Ulduz” jurnalında həyata keçirdiyi “Variasiya” layihəsinin müəllifi kimi tanımışam. Layihənin mahiyyəti maraqlı idi: hansısa yazıçıdan bir hekayə təqdim olunar, növbəti dəfə həmin hekayəni davam etdirib yekunlaşdıran cürbəcür, rəngarəng sonluqlu yeni hekayələr ərsəyə gətirən yazarların ədəbi məclisi qurulardı. Hərə öz sonluğunu təqdim edər, yaddaqalan ədəbi görüşlər baş tutardı. Söz-sənətdən danışılar, poeziyadan seçmələr səsləndirilər, hekayələrin müzakirələri tədbirə rəng qatardı. Hər dəfə diqqətimi çəkən əsas məqam isə bu idi — seçilən mövzuların müxtəlifliyinə baxmayaraq, tədbirin mərkəzində daha çox əsas ideya kimi Vətən, vətənpərvərlik ideyası dayanırdı. Əlbəttə, ədəbiyyat mövzu baxımından sonsuzdur, zəngindir. Amma Qulu müəllim Vətən mövzusuna xüsusən həssas və duyğusal yanaşırdı. Axı qarış-qarış tanıdığı doğma ata-baba yurdu mənfur düşmənin işğalı altında olduğu müddətdə başqa nədən düşünəydi ki?! Ona görə yurd ayrılığının ağrısını sözə, şeirə çevirirdi. Oxucu da, ədəbi tənqid də bu yaradıcılığı səmimi qəbul etdi, yüksək qiymətləndirdi.
Lakin düşünürəm ki, Ağdam azad edildikdən sonra qələmə aldığı “Ağam şəhərim! Adam şəhərim! Ağdam şəhərim!” şeiri Qulu Ağsəs təxəllüsünə xüsusi bir parlaqlıq gətirdi. Bu, artıq azad Ağdamın səsi idi:
Ağam şəhərim!
Adam şəhərim!
Ağdam şəhərim!
Şükür külünə,
şükür qayıdış gününə!
Sevincdən ağlımız çaşıb,
yüz min dəliynən gəlirik.
Bir "Uzundərə" havası çal,
çıx Bərdə yoluna -
Uzundərəynən gəlirik!..
Qulu müəllimin insan olaraq da ağ niyyətli olması yaddaşımda dərin iz buraxıb. “Variasiya” layihəsinin bir tədbirinə gedərkən dediyi səmimi sözlər bu gün gerçəyə çevrilib. Belə ki, “Variasiya” layihəsinin tədbirinə yazıçı-publisist Şahanə Müşfiq ilə birlikdə dərsdən çıxıb yol yoldaşı kimi gedərdik. O vaxt Şahanə magistrant, mən də doktorant idim.
Yol boyu Şahanə mənə dedi: “Eşitdin Qulu müəllim bizə nə dedi?
- Eşitdim, eşitdim. Dedi Şahanədən gələcəkdə yaxşı yazıçı olacaq, Yeganədən isə yaxşı alim”.
Bunu əvvəlcədən bilmək hər adamın hünəri deyil. Qulu müəllim hər ikimizə səmimi arzularını əvvəlcədən uzaqgörənliklə ifadə etmişdi. Mən oldum filologiya üzrə fəlsəfə doktoru, elmi fəaliyyətimi davam etməkdən məmnunam. Şahanə isə ədəbiyyatda yazıçı-publisist kimi kifayət qədər diqqətəlayiq bir məqamda yer tutub. Uzaqgörənlik yalnız istedada deyil, ağ niyyətə də bağlıdır. Qulu müəllim də, demək, elə ağ niyyətin özüdür.
Heca və sərbəst şeirdə eyni ustalıqla yazır. Xüsusilə sərbəst şeirdə ritm, ahəng, intonasiya və ideya bütövlüyü onun poeziyasının əsas göstəricilərindəndir:
Bu dünyada heç kəsə demədim…
O dünyada soruşsalar:
sən kimsən? –
deyəcəm ki,
altındakı skamyada
bir yol özü oturmayan
yorğun ağacam…
Qulu Ağsəsin poeziyası mövzu rəngarəngliyi ilə seçilir: Vətən, təbiət, məhəbbət, sosial mühit. Xüsusilə ictimai proseslərə vətəndaş-şair mövqeyindən yanaşması onun şeirlərini aktuallaşdırır və oxucuya daha yaxınlaşdırır. “Atama ithaf” şeirindəki ata - zəhməti, alın təri ilə övladını böyüdən bütün valideynlərin ümumiləşmiş obrazı, lirik qəhrəmanıdır. Yazıçı Seyran Səxavət bu şeiri dünya ədəbiyyatının on poetik nümunəsindən biri adlandırıb:
Bir tikə çörəyin dərdindən
gecə yatmayıb,
gündüz yatmayıb,
tabutdan başqa heç yerdə
ayaqlarını oxxaynan uzatmayıb…
Şəkli də qalmayıb,
darıxanda köksümə sıxım,
bütün ömrü dincəlsəm də, doymuram –
atamın yorğunluğu
mənim canımdan çıxır…
Qulu Ağsəs “şair” olmaq xatirinə şeir yazanlardan deyil. Onun yaradıcılıq yolu kitabları ilə təsdiqlənib: "Sənsən hər yer" (2002), "Т.о.ч.к.и." (2007), "Nabran novellası" (2009), "Biтpяна пoшта" (Kiyev, 2009), "Dawn" (2016, ingilis dilində), "Yorğun ağacam" (Təbriz, 2022), "Görsən üşüyürsən..." (2024).
Qulu Ağsəsə kitablarının davamını görmək, növbəti şeirlər yazmaq diləyi ilə yaradıcılıq yolunda bol uğurlar arzulayırıq!
Yeganə XANLAROVA,
filologiya üzrə fəlsəfə doktoru
MİA.AZ
Prezidentin Amnistiya təşəbbüsü: sabahdan məhkumların azad olunmasınastart veriləcək
Ağ rəngin poeziyada harmoniyası...
68 yaşlı qadının canına qıyan 31 yaşlı şəxs tutulub
Naxçıvanda ər və arvad dəm qazından boğulub
Məktəb idarəçiliyində süni intellekt: liderlik üçün yeni imkanlar - VAHİD TAĞIYEV YAZIR
Maştağafa obyekt yanıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
"Neftçi"nin baş məşqçisi oxşar forma ilə meydana çıxmalarını belə cavablandırdı - VİDEO
Ağsuda 14 yaşlı qıza qeyri-etik hərəkət... - İki nəfər saxlanıldı
Məhkəmə-Hüquq Şurasının üzvləri Albaniyada görüşlər keçiriblər
"Neftçi" yeni məşqçi ilə qələbə qazandı - Emin Əmrullayev "Karvan -Yevlax" matçını meydanda izləyib (FOTO, VİDEOLAR) - Yenilənib
Dəmiryolu ərazisində vaqona toxunan məktəblini elektrik cərəyanı vurub - "Vəziyyəti ağırdır" (VİDEO)
Polkovnik Füzuli Musayev hakimləri və rəqib komanda üzvlərini söyüb? - Qalmaqal necə bitəcək?
Şəkidən Bakıya piyada gələn tanınmış idmançı: "Bu yürüş birliyin yoludur" - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub
SÖZÜMÜZ İMZAMIZDIR! - Azərbaycanın sülh çağırışları
Meyxanaçı Ağakərim Maştağada dəfn olunub (Yenilənib)
Azərbaycan nefti cüzi bahalaşdı
“İş yoldaşı qışqırdı ki, uşaq qaldı 20 tonluq çənin altında" - VİDEO
“Özümü birmənalı olaraq təqsirli bilmirəm" - Kamran Əsədov haqqındakı iddialara belə cavab verdi
Keçmiş partiya sədri məhkəmədə: "Oqtay Qasımov demək olar ki, evimdən çıxmırdı" - "Onun niyyəti pisdir, istəyir ki, məni həbs etdirsin"
ABŞ Suriyada əməliyyata başladı: "Bu, yeni müharibənin başlanğıcı deyil, qisasın elanıdır"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İstintaqa çağırılan "Fənərbağça" prezidentindən ilk açıqlama: "Heç nədən qorxmuram"
İstanbulda məşhurların həbsi davam edir - Bir aktrisa qonşunun, digəri isə gecə 03.00-da öz evində saxlanıldı
ŞOK: "Fənərbağça" prezidentinin evində narkotik axtarıldı - Sadettin Saran istintaqa çağırıldı
"Beşiktaş" axtardığı oyunçunu Hollandiyada "tapdı"
İsrail ordusuna əmr verildi: "Daş atanları öldürün!"
Tramp: "O, mənim nə istədiyimi dəqiq, özü də hamıdan yaxşı bilir"
Putin Avropanı hədələdi: "Nəticələri ağır olacaq"
Putin Ukraynada bir neçə şəhəri ələ keçirmək üzrə olduqlarını dedi: "Sizdədirsə, niyə içəri girmirsiniz?"
Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçiriləcək
Xüsusi karantin rejiminin müddəti uzadılıb
Mia.az Xəbər Portalının iki əməkdaşı təltif olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Əhməd İsmayılov Türkiyədə - Burhanettin Duranla görüş olub + FOTO
Dövlətə məxsus daha 50 maşın özəlləşdirilib
Sumqayıt, Quba, Ağdam və İsmayıllıda yaşıllıqları qırıblar
QƏBUL İMTAHANI İLƏ BAĞLI MƏHKƏMƏ: Kamran Əsədovla Gündüz Abbasov hakim qarşısına çıxarıldılar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Rusiya Zaporojyeyə zərbə endirib, yaralılar var