"Bu, faktiki olaraq inhisarçılıqdır" - Nazirlik yanında İctimai Şura üzvü AYNA-nın qərarına etiraz etdi

img

10-09-2025 [00:14]


"Hava limanından şəhər istiqamətinə taksilə sərnişindaşımada yalnız dövlətə məxsus "Bakı taksi xidməti" şirkətinə icazə veriləcəyi haqqında məlumatlar yayılıb. Bununla bağlı AZAL-ın anlaşılmaz bir açıqlamasına istinad olunur".

Mia.az xəbər verir ki, bu sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şura üzvü, Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyib.

Onun sözlərinə görə, yayılan xəbərdən belə anlaşılır ki, sərnişinlər və yola salanlar "Bolt" və ya "Yango" ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələ bilərlər, amma geridönüş mütləq dövlətə məxsus taksiylə olacaq:

OSMAN GÜNDÜZ

"Absurd bir qərardır. Düşünürəm ki, Aeropotdan taksi vasitəsilə sərnişindaşıma xidmətinin yalnız bir taksi operatoruna, xüsusilə də dövlətə məxsus şirkətə icazə verilməsi faktiki olaraq inhisarçılıqdır. Bunun başqa adı yoxdur. Bu addım sərnişinlərin seçim azadlığını əlindən alır. Düşünmək olar ki, bunun da nəticəsində mütləq uzun növbələr, baha qiymətlər və xidmət keyfiyyətinin zəifləməsi qaçılmaz olacaq".

Osman Gündüz deyir ki, rəqabətə tab gətirməyən bir dövlət şirkətinə süni vasitələrlə üstün hüquqlar, hökmran mövqe verilməsi yolverilməzdir: "Taksi bazarında vətəndaşların qanuni mənafelərinin və hüquqlarının pozulmasına gətirib çıxaran və rəqabərsiz mühitin formalaşmasına səbəb olan hərəkətlər Rəqabət Məcəlləsinin tələblərinə ziddir. Ümid edirəm, hava limanı administrasiyasının taksi bazarındakı məhdudlaşdırıcı qərarları "Antiinhisar"ın diqqətini cəlb edəcək. Xatırladıram ki, əvvəllər İqtisadiyyat Nazirliyi tabeliyində olan bu qurum artıq birbaşa Prezidentə tabedir".

Yeri gəlmişkən, Mia.az xatırladır ki, belə bir qərarı Hava Limanı deyil, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) verib.

Hətta AYNA dünən bu qərara haqq qazandıran açıqlama yayıb.

Həmin açıqlama ilə bu link vasitəsiylə tanış ola bilərsiniz:

https://mia.az/w1088380/ldquouberrdquo-ldquoboltrdquo-hava-limanina-buraxilmayacaq-yeni-qerarnbspaciqlamalar-video-yenilenib-2025-09-09-165442

F.Əhməd

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR