Azərbaycan və ABŞ arasında Çərçivə Sazişi imzalanacaq - Mikayıl Cabbarovdan açıqlamalar

img

26-08-2025 [16:06]


Vaşinqtondak; tarixi görüşdən sonra Azərbaycan və ABŞ arasında Çərçivə Sazişinin imzalanması üçün əlverişli şərait yaranıb, bununla bağlı ilkin müzakirə aparılıb.

Mia.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda bildirib.

Onun sözlərinə görə, görüşdə Azərbaycanın regionda və dünyada enerji təhlükəsizliyinə verdiyi töhfə xüsusi qeyd edilib: “Azərbaycanın zəngin enerji resursları, o cümlədən bərpaolunan enerji ehtiyatları da diqqət çəkib”.

Nazir daha sonra deyib ki, Azərbaycan ABŞ-nin “Exxon Mobil” şirkətinin dəstəyi ilə ölkədə böyük qeyri-ənənəvi neft yatağının kəşfinin həyata keçirilməsinə ümid bəsləyir.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Exxon Mobil” arasında Əməkdaşlıq haqqında Memorandumun imzalanması enerji sahəsində əlaqələrin inkişafına müsbət təsir edəcək.

Nazir vurğulayıb ki, Azərbaycanın region və dünyanın enerji təhlükəsizliyinə töhfəsi Vaşinqtonda keçirilən görüşlərdə xüsusi olaraq vurğulanıb: “Azərbaycan bu gün ABŞ-nin 10 müttəfiqini təbii qazla təchiz edir. Ümumilikdə Azərbaycandan boru kəmərləri ilə qaz tədarükü 14 ölkəni əhatə edir. Ölkəmiz bu yaxınlarda Suriyaya qaz tədarük etməyə başlayıb. ABŞ İsrail və Birləşmiş Ərəb Əmirlikləri kimi müttəfiqlərinin neft-qaz hasilatında Azərbaycanın iştirakını təqdirəlayiq hal kimi vurğulayıb”.

M.Cabbarov söyləyib ki, Azərbaycanın elektrik enerji resursları, o cümlədən bərpa olunan enerji potensialı ölkənin məlumat mərkəzi infrastrukturu və süni intellekt texnologiyalarına sərmayələr qoyulması üçün Azərbaycanı cəlbedici məkana çevirir: “Azərbaycan strateji əhəmiyyət daşıyan Mərkəzi Asiya və Cənubi Qafqaz regionu arasında bir sıra layihələrin həyata keçirilməsi üçün əvəzedilməz rol oynayır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR