24-06-2014 [11:51]
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Həsən Kərimovun AzNews.az-a müsahibəsi:
-Həsən bəy, hazırda beynəlxalq güclər Azərbaycanla bağlı sanki savaşa giriblər. Bu prosesdə xüsusilə, Rusiya aktivlik göstərir. Sizcə Azərbaycanın bu qonşu ölkənin maraqlarını təmin etdiyi bir vaxtda, Rusiyanın başqa istəyi nədən ibarətdir?
-Rusiya Azərbaycanın Avropaya inteqarasiyasının qarşısını almağa çalışır. Rusiya post-sovet respublikalarının Avropaya meyllənməsinin əleyhinədir. Ayrı-ayrı ölkələrdə törətdiyi diversiyalar, iqtisadi sanksiyaların tətbiq edilməsi, Azərbaycanın Qarabağ probleminin həll edilməməsi də birbaşa Rusiyanın fəaliyyətindən asılıdır. Rusiya Ermənistandan əlini çəksə və Azərbaycan Ermənistanla üz-üzə qalsa, mənə elə gəlir, ölkəmizin 3-4 batalyonunun gücü çatar ki, torpaqları işğaldan azad etsin. Rusiya çalışır ki, Azərbaycana nələrisə diktə etsin, amma başa düşmür ki, dünyanın düzəni dəyişib, Azərbaycan Avropa Şurası ilə, eyni zamanda Avropa Birliyi ilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıqda maraqlıdır. Fransa prezidentinin, İsveçrə krallığının prezidentinin, Avropa Komissiyasının rəhbərinin Azərbaycana səfəri və müxalifətlə görüşməsi onu göstərir ki, hakimiyyətin manevr imkanları tükənib. Artıq Azərbaycan mövqeyini ortaya qoymalıdır. Joze Manuel Barrozonun Azərbaycana səfəri də göstərdi ki, ölkəmizin Rusiyanın yaratdığı birliyə qoşulması mümkün deyil. Azərbaycanı məcbur edəcəklər ki, Avropa İttifaqına doğru addımlar atsın. Hesab edirəm ki, bu məsələ uzun çəkməyəcək, yaxın vaxtlarda Azərbaycan Avropa ailəsinin üzvü olacaq.
-Amma bu, elə də asan məsələ deyil...
-Ukraynada baş verənlər əsas verdi ki, bu cür fikirlər yürüdülsün. Çünki Ukraynadakı proseslər uzandı. Rusiya dünyanın super güclərindən biridir, amma bu gün orada demokratik hakimiyyət yoxdur, diktaturadır. Həm Avropanın, həm də Amerikanın Rusiyaya təpgiləri göstərir ki, Ukrayna hadisələri tez bir zamanda yekunlaşacaq. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar öz bəhrəsini verir. Rusiya geri çəkilməlidi. Avropa Komissiyasının Azərbaycana səfəri də göstərdi ki, Ukraynadan sonra növbədə Azərbaycandır. İnanırıq ki, Azərbaycan Avropa Birliyi ilə assosiativ sazişi imzalayacaq. Azərbaycan hakimiyyəti manevr etmək fikrindədir, amma bu, mümkün olmayacaq. İki yol var, ya hakimiyyətdən getməlidirlər, ya da Avropaya doğru üz tutmalıdır. Hakimiyyət Avropaya doğru addım atacaqsa, müxalifət də onu dəstəkləyəcək. Yox, əgər Rusiyaya üz tutacaqlarsa, müxalifət buna sərt şəkildə etiraz edəcək. Biz buna imkan verə bilmərik.
-Amma bəzi müxalifət funksionerləri hakimiyyətin manevrlərini təqdir edirlər. Bəlkə, bu manevr imkanları ölkəni təhlükədən qoruyur?
-O müxalifəti müxalifət hesab edə bilmərəm ki, iqtidarın balaslaşdırılmış siyasətini dəstəkləyir. 21 ildir, balanslaşdırılmış siyasət yürüdürlər, nə əldə etmişik? Dağlıq Qarabağda bir kəndi xilas etmişik? Qarabağ və digər problemlərin həlli də Azərbaycanın Avropaya inteqrasiyasından keçir. Niyə görə hakimiyyət Avropaya inteqrasiya olunmaq istəmir? Çünki orada Avropa standartları, azad seçki, azad toplaşmaq var. Bunlar hakimiyyəti təmin etmir. Bu adamlar ölkəni Avropa standartları ilə idarə edə bilməzlər. Bəli, bu gün hakimiyyətdən bəhrələnən müəyyən dırnaqarası müxalif qüvvələr var ki, bu məsələdə hakimiyyətə bəraət qazandırırlar.
-Bilirik ki, Ukrayna məsələsində Avropa dövlətləri, Amerika Rusiyaya qarşı sanksiyalar tətbiq etdilər. Amma Qarabağ məsələsinə gəldikdə, deyirlər, məsələni Azərbaycan və Ermənistan rəhbərləri öz aralarında həll etsinlər. Bu, necə ədalətdir? Əgər beynəlxalq güclər Azərbaycanın assosiativ sazişi imzalamasında maraqlıdırlarsa, o zaman Ermənistana təzyiq etsinlər, torpaqları qaytarsın...
-Müəyyən mənada haqlısınız. Qarabağ məsələsində Qərbin mövqeyi birmənalı olmadı. Bu, ona görə belədir ki, ermənilərin lobbiləri Avropada müəyyən işlər görürlər. Qərb dövlətləri Qarabağ məsələsinə ikili standartlarla yanaşır. Müəyyən şeylər var ki, mətbuata açıqlanmır. Azərbaycan hakimiyyəti Qarabağ məsələsində niyə Qərbdən dəstək ala bilmir? Bu gün Qarabağda yaşayan ermənilər avropalılara Azərbaycandakı durumla bağlı, keçirilən mitinqlərdən fotoşəkilləri, mətbuat azadlığının vəziyyətini, jurnalistlərin, müxalifətçilərin həbs edildiklərini göstərirlər və deyirlər ki, niyə bu cür dövlətin himayəsində yaşamalıdırlar? Azərbaycanda demokratik seçkilər olmadığına görə, Dağlıq Qarabağ probleminin həllində ciddi problemlər olur. Çünki dünya dövlətləri Azərbaycanda ərazi bütövlüyündən öncə insan haqları ilə bağlı məsələlərə diqqət yetirirlər. Bunlar olmadığına görə Azərbaycana ikili baxış var.
-Beynəlxalq vəziyyətin qaynadığı bir vaxtda müxalifət niyə səssizlik içindədir? Milli Şuranın sessiyası niyə keçirilmir?
-Ən ciddi problemimiz yer məsələsidir. Sessiyanın keçirilməsi üçün yer tapa bilmirik. Qurumun sessiyaları əvvəllər AXCP-nin qərargahında, son vaxtlar isə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında keçirilirdi. Son sessiyada da KXCP ilə bağlı baş verən problemin şahidi oldunuz. Ona görə də yer problemimiz var. Amma Milli Şuranın Koordinasiya Mərkəzi hər həftə toplanır, müəyyən qərarları qəbul edirlər. Çox güman ki, yaxın vaxtlarda sessiya keçiriləcək.
-KXCP-nin qərargahında keçirilirdi... Sonra nə baş verdi?
-Yəqin ki, burada müəyyən problemlər var. Görünür, KXCP sədrinin son sessiyada atdığı addım digər məsələlərlə yanaşı, yer məsələsinə də təsir edib.
-Məncə belə deyil. Çünki Mirmahmud Mirəlioğlu son sessiyada bildirdi ki, KXCP Milli Şuradan çıxmış olsa belə, Milli Şura partiyanın qərargahında sessiyalarını keçirə bilər...
-Bizə söz deyil, əməl lazımdır. Bu da ortada yoxdur. Sessiya KXCP-də keçirilmirsə, deməli, nəsə problem var.
-Quruma yeni üzvlərin qəbulu gözlənilirmi?
-Yəqin ki, növbəti sessiyada yeni üzvlərin məsələsinə baxılacaq. Çünki yeni üzvlər kifayət qədər Azərbaycan cəmiyyətində tanınmış adamlardır. Milli Şuranın həmin şəxslərin fikirlərinə ehtiyacı var və düşünürük ki, onlar qurumda təmsil olunmalıdırlar.
-Mirmahmud Mirəlioğlunun təbrincə desək, Milli Şuraya üzv olacaq şəxslər AXCP-yə yaxın şəxslərdir?
-Müstəqil ziyalıların da ərizələri var və təmsil olunmaq istəyirlər. Bunların arasında mühacirətdə olan xeyli insanlar var. Mirmahmud bəyin də partiyasına yaxın adamlar varsa, buyursunlar, təkliflərini versinlər. O insanların ictimai nüfuzunu nəzərə alıb, Milli Şuraya qəbul edə bilərik. Milli Şuraya üzv olmaq istəyənlərin arasında AXCP-yə hörməti olan varsa və ya üzvüdürsə, bundan Mirmahmud Mirəlioğlu niyə narahat olur ki?
-O deyir, üzvlərin qəbulu əsas deyil, qurum təşkilatlanmalıdır...
-Təşkilatlanmaq necə olur? Üzv olmazsa, nəyin hesabına təşkilatlanacağıq? Yeni üzvlər gəlməlidir ki, təşkilat da həmin üzvlərin hesabına komissiyalarını, işçi qruplarını yaratsın, qanun layihələri işlənilsin. Havadan təşkilatlanma olmur ki. Bu məsələdə bir qədər ehtiyatlı danışsalar, yaxşı olar.
-Hazırda AXCP-nin Müsavatla münasibəti necədi? Növbəti seçkilərə birlikdə getmək mümkündürmü?
-Biz onların daxili işlərinə qarışmırıq. Bələdiyyə seçkilərini hələ müzakirə etməmişik, amma Müsavatın qərarı var ki, onlar seçkidə iştirak etsinlər. Hər halda Müsavat Milli Şuradan ayrıldıqdan sonra yollarımız ayrılıb. Dediklərinə görə, qurultaya hazırlaşırlar. Biz onlara uğurlar arzulayırıq.
-Cəmiyyətdə belə bir fikir var ki, bu iki partiya müxalifətdə təmsil olunursa, nəyi bölə bilmirlər?
-Bunu müsavatçılara desəz, yerinə düşər. Bizim onlarla hər hansı problemimiz yoxdur. Deyirdik ki, bir yerdə fəaliyyət göstərək, güc mərkəzi olaq. Bilirsiz ki, 2010-cu ildə seçkidə birgə iştirak etmişik, çox güclü blok yaratmışdıq. Amma sonradan necə oldu ayrıldılar, bilmirəm. 2003-cü ildən sonra müxalifətin birliyinə çalışmış bir partiyayıq, Əli Kərimli dəfələrlə bəyan edib ki, müxalifətin birliyi naminə bütün iddialarından geri çəkilməyə hazırdır. Zaman-zaman bu addımları atıb. Bu gün də müxalifətin birliyini Milli Şurada görürük.
-Müsavatla birgə mitinq keçirmək məsələsi necə oldu. Niyə keçirilmədi?
-Müsavat Milli Şuraya rəsmi müraciət etməmişdi, gənclərə müraciət etmişdilər. Gənclərimiz də həmin mitinqə dəstək verməyə hazır olduqlarını bildirmişdilər. Təəssüflər olsun ki, Müsavat Partiyası mitinqin keçirilməsini təxirə saldı. Mənə elə gəlir ki, bu da manevrlərdən biri idi. Görünür, Müsavatın mitinq keçirmək fikri yox imiş.
-Fikirlərinizdən belə çıxır ki, iki partiya arasında körpülər yandırılıb...
-Mənə elə gəlir ki, belədir. Amma ola bilər, xalqın taleyüklü məsələləri ilə, məsələn, Dağlıq Qarabağla bağlı hakimiyyətlə hansısa dialoq ola bilər və biz də müxalifətlə birləşib, hakimiyyətlə dialoqa getməyə hazırıq. Bu müzakirələr Müsavat Partiyası ilə də aparıla bilər.
-Beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərdən razı qalırsız?
-Son görüşlərdən müəyyən mənada razıyam. Bilirsiz ki, 2003-cü ildən sonra heç bir dövlətin prezidenti, baş naziri Azərbaycan müxalifəti ilə görüşməyib. 2010-cu ildə Almaniyanın xarici işlər naziri görüşmüşdü. Ondan sonra fasilə yarandı. Amma Fransa prezidenti, İsveçrə Krallığının prezidentinin müxalifətlə görüşməsi göstərir ki, artıq Avropa Azərbaycanın iqtidarının tutduğu yolu yaxşı bilirlər. Bilirlər ki, hakimiyyət manevr etməklə, Avropanı aldatmaqla məşğuldur. Avropa, artıq müxalifətlə görüşü protokollara salıb. Hesab edirəm, bu görüşlər davamlı olacaq.
-Əgər belədirsə, onda Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo Azərbaycana səfəri zamanı niyə müxalifətlə görüşmədi?
-Bu, Barrozonun müəyyən bir manevri idi. İstəmədilər ki, Azərbaycan hakimiyyəti qıcıqlansın. Onlar yaxşı bilirlər ki, Azərbaycan müxalifətinin, o cümlədən AXCP-nin birmənalı mövqeyində ölkənin Avropaya inteqrasiyası durur. Müxalifətlə görüşün olmamasına müəyyən mənada haqq qazandırıram.
-Deməli, hələ ki, hakimiyyətlə işləyirlər...
-Dəqiq bilmirəm, Barrozo ölkə başçısı ilə görüşdə nə müzakirə edib. Müəyyən dövrə qədər danışıqları davam etdirəcəklər. O dövr bitəndən sonra konkret tələblər qoyulacaq.
-Avropalı nümayəndələrlə niyə həmişə eyni simalar olur?
-Beynəlxalq dairələr Azərbaycanda müşahidələr aparırlar. Onlar müxalifətdə kimlərin olduğunu bizdən də yaxşı bilirlər. Onlar Əli Kərimli ilə görüşməlidirlər, Qüdrət Həsənquluyevdə görüşəsi deyillər ki... Avropada yaxşı bilirlər ki, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Fazil Mustafa kimdir. Bunları yaxşı tanıyırlar.
-Söhbət adlarını çəkdiklərinizdən getmir. Sərdar Cəlaloğlu deyir ki, AXCP və Müsavat beynəlxalq təşkilatların nümayəndələri ilə görüşəndə müxalifət partiyaları haqqında məlumat verirlər və özlərindən kənarda olanları müxalifət kimi təqdim etmirlər. Bu ittiham nə dərəcə realdır?
-Real deyil. Müxalifət o görüşlərə gedəndə ilk növbədə Qarabağ məsələsini müzakirə edir. Daha sonra ölkədəki ictimai-siyasi vəziyyət, söz, mətbuat azadlığı, insan haqları məsələsi müzakirə edilir. Sərdar Cəlaloğlunun dedikləri qeybətə oxşayır. Biz hansısa partiyanı müzakirə etmirik.