NATO Baş katibinə Bakıda hansı cavab verilib?- TƏHLİL

img

18-03-2024 [17:09]


NATO Baş katibi Yens Stoltenberq Azərbaycana səfər etdi. Bu onun NATO baş katibi kimi ölkəmizə ilk səfəri olsa da 1990-cı illərdə Norveçin energetika naziri kimi bir neçə dəfə səfər edib.

Yens Stoltenberq Cənubi Qafqaz turnesi çərçivəsində Gürcüstan və Ermənistana da səfər edəcək. Aydın məsələdir ki, onun Cənubi Qafqaza gəlişi Kremli narahat edəcək. Yəni səfərin bir məqsədi də məhz Rusiyanı qıcıqlandırmaqdır.

Prinsip etibarilə Stoltenberqin Cənubi Qafqaz turnesinin Kremli qıcıqlandırması başadüşüləndir. Belə ki, indiki məqamda Gürcüstan Şimali Atlantika Blokuna üzv olmaq istəyir. Ermənistan isə KTMT-dən çıxmaq və sonrakı etapda alyansa üzvlüyü düşünür.

Tbilisi və İrəvandan fərqli olaraq Bakının NATO-ya baxışı fərqlidir. Belə ki, bu gün Azərbaycan NATO-nun müxtəlif proqramlarında iştirak etsə də alyans üzvlüyü ilə bağlı xüsusi təşəbbüsü yoxdur.

Azərbaycan iki ölkə ilə müqayisədə balans siyasətinə daha çox önəm verir. Ümumiyyətlə Bakının hərbi bloklar ilə bağlı yanaşması hər zaman neytral olub. Təsadüfi deyil ki, Azərbaycan məhz buna görə Qoşulmama hərəkatı çərçivəsində fəaliyyətə daha çox diqqət ayırır.

Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberq ilə mətbuata bəyanatında bildirib ki, Azərbaycanın Kosovada və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bundan başqa ölkə başçısı qeyd etdi ki, 2021-ci ilin axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr məhz bizim hərbi qulluqçularımız idi.

Azərbaycanın alyanslara yaxın durmamasının bir digər səbəbi də TDT ilə bağlıdır. Bakı təşkilatın gələcəkdə hərbi qanadının olma ehtimalını hər zaman nəzərə alaraq alyanslara məsafəli yanaşır. Yəni Azərbaycan bir hərbi təşkilata üzv olacaqsa bu ancaq TDT-ya da bu formatda bir türk birliyi ola bilər.

Prinsip etibarilə, Azərbaycan NATO-nun ikinci böyük dövləti – Türkiyə ilə strateji müttəfiqdir. Azərbaycan Ordusu Türkiyə Ordusu modelinə keçib. Azərbaycan Ordusunda NATO standartları tətbiq edilir.

Aydın məsələdir ki, bağlı qapılar ardında daha detallı və spesifik mövzular müzakirə edilib. Ehtimal ki, NATO-nu narahat edən məqamlardan biri də Bakının ankalvlar və eksklavlar uğrunda yeni hərbi eskalasiyaya başlama ehtimallarıdır. Bu ehtimal hələlik aktual deyil, lakin reallaşması mümkündür.

Rəsmi Bakı İrəvan ilə yeni müharibədə maraqlı deyil, amma bununla belə Ermənistan torpaq güzəştə getməyi də düşünmür. İrəvan prosesi süni şəkildə uzadarsa və sərhəddə yeni təxribatlar edərsə Bakının cavabı sərt olacaq.

Turan Rzayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR