MAKRON RUSİYAYA MEYDAN OXUDU, YENİ ANONS VERDİ: "Rusiya müharibədə qalib gəlsə..." - "Nüvə silahı fransızların təminatıdır"

img

15-03-2024 [11:09]


Fransa prezidenti Emmanuel Makron "France 2" və "TF1" telekanallarına birgə layihəsi olan verilişdə mühüm mesajlar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Rusiya-Ukrayna müharibəsini və İsrailin Qəzzaya hücumları ilə bağlı suallara maraqlı cavablar verib.

Makron müharibənin hazırda Avropa ərazisində olduğunu iddia edib və bildirib ki, Strasburqla Lvov arasında 1500 kilometrdən az məsafə var: "Bu səbəbdən tərəfdaşlarımıza deyirəm ki, Rusiya müharibədə qalib gəlsə, Avropanın etibarı sıfıra enəcək. Moskvaya qalib gəlməyə imkan vermək olmaz. Çünki onlar qalib gəlsə, dayanmayacaq. Bu isə Avropanın daha da təhlükəli məkana sürükləyəcək. Ona görə Rusiya müharibədə qalib gələ bilməz və gəlməməlidir".

Makron Rusiyaya qarşı açıq döyüşmədiklərini qeyd edib: "Bizim orda hərbçilərimiz yoxdur. Heç vaxt da buna ilk cəhd edən biz olmayacağıq. dediyim kimi, bizim yalnız bir məqsədimiz var: Rusiya müharibədə qalib gələ bilməz!".

Ukraynaya hərbi qüvvələrin göndərilməsi ilə bağlı az vvəl adından yayılan açıqlamaya aydınlıq gətirən Makron sensasion mesaj verib: "Bu variant mümkündür, bunun da məsuliyyətini Moskva rejimi daşıyacaq. Biz Ukraynanı dəstəkləmək imkanlarını nəzərdən qaçıra bilmərik. Dediyim kimi, Fransa və Avropanın təhlükəsizliyi də Ukraynada həll olunur. Əlbəttə, biz sülh istəyirik. Ancaq sülh istəmək Ukraynadan imtina etmək demək deyil”.

Fransanın nüvə silahlarından söz açan Makron deyib ki, bu, fransızlara, onların həyatlarına zəmanət verir: "Ancaq təkrar edirəm, Rusiyanın bu müharibədə qalib gəlməsi də fransızların həyatını dəyişəcək".

Qəzzadakı savaşa toxunan Fransa prezidenti İsrailin amansız hücumunu da qəbul etmədiyini deyib: “Mən heç vaxt deməmişəm ki, İsrailin özünü müdafiə etmək üçün mütləq hüququ var”.

Makron əlavə edib ki, fələstinlilərin dövlətinin olmasının tərəfdarıdır.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR