730 günlük bitməyən “rus dili” dərsi 

img

24-02-2024 [10:33]


Əli Cabbarov 

***

(Rusiya-Ukrayna müharibəsinin  günahsız  qurbanlaının xatirəsinə)

Ötən əsrin 90-cı illərində SSRİ-nin dağılması ilə yaranan təkqütblü dünyanın yeni ağalarının iştahla gözünü dikdiyi Rusiyanın zəngin təbii ehtiyatları uğrundakı mübarizə çox  keçmədən qılınc kimi iti dişli ac canavarlarla iri pəncəsi ilə hər yerə kortəbii zərbə endirən gözü qanla dolmuş ayının savaşına döndü. 

Rusiyanın Pribaltika, Cənubi-Qafqaz, Orta Asiya ərazilərində öz təsir gücünü itirməsindən və Uzaq Şərq və Şərqi Avropadakı zəifləməsindən istifadə edən qlobal güc nəhayət ki, XXI əsrin çox gerisində qalmış bu federasiyanın sonuna çıxmağı qarşısına məqsəd qoydu. Buna görə də Rusiyanın guya Donbasda yaşayan 2 milyondan da az rusdilli əhalinin rusca danışma məhduiyyətini bəhanə edərək iki il bundan qabaq qardaş xalqı Ukraynanın beynəlxalq aləm tərəfindən tanınmış suveren torpaqlarına başladığı hucum, əslində, Avrasiyanın tamamına sahib olmaq istəyən beynəlxaq kapitalın niyyətlərinə xidmət edən ən yaxşı fürsət kimi dəyərləndirilməlidir. Artıq hər iki tərəfdən 1 milyona yaxın insanın ölümünə və yüz milyardlarla dollar maddi zərərə səbəb olan bu müharibənin nəticələri artıq bütün dünyada hiss olunmaqdadır. 

Əslində, hər nə qədər kökləri eyni olsa da Ukrayna xalqı ac canavarın nə qədər etibarsız olduğunu Azərbaycana qarşı hələ 1990-cı illərdə törədilmiş 20 yanvar və Xocalı faciələrini təhlil edərək nəticə çıxarmalı idi. 2014-cü ilə qələr bu ölkədəki öz adamı vasitəsilə hər ilin qışında Avropanı təbii qazla imtahana çəkən Rusiyanın cəmi 10 il ərzində tamamən ona bu qədər yaxım olmuş ölkəyə qarşı hədsiz dərəcədə düşmən ola biləcəyin o zaman bəlkə də kimsə proqnoz edə bilməzdi. Amma tarix həmişə təkrar olunur və bu dəfə hər kəs aydın gördü ki, Rusiya ilə qonşu olmaq, onunla sərhədləri paylaşmaq iqtisadi əməkdaşlıq baxımından faydalı olduğu qədər siyasi və geostrateji baxımdan da bir o qədər də təhlükəlidir. 

Şübhəsiz, 730 gün əvvəl Rusiyanın “denasifikasiya” və “demilitrizasiya” bəhanəsi altında başlatdığı və əsasən, mülki insanları və infrastrukturu hədəf almış dırnaqarası xüsusi əməliyyatının əsl məqsədinin Krımın ilhaqına qarşı beynəlxalq təzyiqlərin qarşısına çıxmaq, daha çox federasiya subyekti ələ keçirmək və Ermənistan kimi dəcəllik edən, yaxud Belarus kimi fürsət gözləyən forpostlarına göz ağartmaq olduğu indi çox açıqdır. NATO-nun şərqə doğru genişlənəcəyinə heç bir vasitə ilə əngəl ola bilməyəcəyini yaxşı başa düşən və Türk dövlətləri birliyinin də güclənməsi qarşısında aciz qalan Kremlin son sipər kimi Ukraynanı da itirməməsi üçün rus dilini qorumaqdan başqa digər bir inanıdırıcı bəhanəsi olmazdı. 2014-cü ildə Ukraynadıkı narinci inqilab nəticəsində buradakı əlaaltısını itirmiş Rusiyanın bu istiqamətdə enerji, nəqliyyat, kommunikasya və loğistika imkanlarından məhrum olacağından, eləcə də bu ölkənin Qərbə yaxınlaşması ilə əldə edəcəyi iqtisadi inkişaf potensialından qorxaraq müharibə səbəbi kimi rus dilinin bu ölkədə sıxışdırılması göstərilməsi o zaman olduğu kimi indi də Rusiyanını özündə belə gülünc doğurur. 

Müasir Rusiya cəmiyətini və rus dilini yaxından izləyənlər hətta buradakı elit qrupların və yüksək çinili məmurların danışığında və yaxud rəsmi çıxışlarında belə tez-tez rusifikasya olunmuş ingilis kəlmələri işlətmələrini yaxşı bilirlər. Bəlkə də terminoloji baxımdan o qədər də zəngin olmayan rus dilinin belə müharibə səbəbi olacağını əvvəlcədən proqnoz edən Qərb bunu qızışdırmaqla Rusiyanın Ukraynaya qarşı geniş hərbi təcavüzünü yaxşıca düzüb-qoşdu və artıq iki ildir ki, bu istəyinə də nail olub. 

Bu gün Kalmıkiyada, uzaq Sibirdə, yaxud Komidə təbii sərvətlər içində üzsə də, ancaq həyat səviyəsi sıfıra yaxun olan sadə Rusiya vətəndaşının dırnaqarası cəbhədən gələn xəbərlər yerinə onun üçün Ukraynada öldürülən yaxınlarının hər biri üçün ödənilən bir neçə min dollarlıq yardım daha çox maraqlandırır. Hər iki ölkədən həlak olan gənc yaşdakı kişilərin yerindəki boşluğun gələcəkdə onlar üçün nə qədər böyük demoqrafik problemlər yaradacağını təhlilçilər yaxşı bilsələr də təəssüf ki, bu müharibə rus dilinin zənginləşməsindən daha çox Qərbin və Rusiyanın əlindəki köhnə silahların utilizasiyasına xidmət edir. Bu müharibədə miskin Ermənistanı belə arxasına ala bilməyən və sadəcə Belarusa və əlavə olaraq iki dövlətə arxalanan Rusiyanın qarşılaşdığı qlobal sanksiyalar isə beynəlxalq ticarəti də alt-üst edən bir böhran kimi də yadda qalacaq. Ona görə də iki il əvvəl başlamış bu müharibənin törətdiyi bu qədər insan itkisi, göz yaşları və maddi zərərin əvəzinə o zaman sağlam düşüncə olsaydı nəinki Donbasda, bütün Ukraynada belə bütün insanlara ana bətnindəcə rus dilini öyrətmək, Rusiyanı da inkişaf etdirib xammal iqtisadiyyatından innovativ iqtisadiyyata qovuşdurmaq olardı. 

Sağlam düşüncə isə təəssüf ki, müasir dünyada bir çoxlarında artıq yoxdur və dövlət başçımızın da dəfələrlə dediyi kimi artıq dünya nizamı da pozulmuş, beynəlxalq qanunlar iri dövlətlər tərəfindən tapdalanmaqdadır. Bu mənada, iki il deyil, əslində 10 ildir ki davam edən Rusiya-Ukrayna müharibəsi buna qədər bir çox qaranlıq məqamlara da aydınlıq gətirdi. Fikrimicə, bu müharibə, əslində, ikinci dünya müharibəsində qazanılmış qələbədə kimin daha çox pay sahib olduğunu, Rusiya ilə dostluğun etibarsızlığını, Amerikanın hər zamankı kimi araqarışdıran ikiüzlü siyasətini, Fransanın ənənəvi qorxaq sifətini, Almaniyanın hər zaman silahlanmağa meylli olduğunu, qardaş Türkiyə timsalında isə kimlərin müharibəyə deyil, sülhə maraqlı olduğunu bir daha ortaya qoydu. Dünyada maliyyə və maddi resurslarının tükənməsinə, milyonlarla insanın qaçqın halına gəlməsinə səbəb olmuş,   onillər ərzində qurulmuş beynəlxalq biznes etibarını dərindən sarsan,  eyni zamanda     ölkəmizin də dəstəklədiyi Orta Dəhlizin əhəmiyyətini bir daha ortaya qoyan  bu yeni model dünya müharibəsindən geriyə qalan isə az qala Avropa boyda ərazidə dağıdılmış iqtisadiyyat, məhv edilmiş mədəniyyət və yox olmuş ailələr olacaq. 

Bütün müharibələr bir gün mütləq ədalətlə sona çatacaq. Azərbaycanın 30 il ərzində məruz qaldığı işğal və ədalətsizliyin 44 gündə və 23 saatda necə sona çatdığını bu gün eyni taleyi yaşayan xalqlar həsədlə izləyir, özləri üçün yollar axtarırlar. Amma bütün Qərbin hərbi və maddi dəstəyinə baxmayraq məsələnin hələ də “rusca” olduğu Ukrayna təcrübəsi bir daha onu göstərir ki, belə parlaq qələbəni bayram etmək üçün həm də ölkəsini dəmir yumruq kimi bir yerə yığa biləcək qətiyyətli liderin də olması əsas şərtlərdən biridir. 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR