Milli Preventiv Qrupu Suriyadan gətirilən azərbaycanlılarla görüşüb

img

22-02-2024 [17:22]


Azərbaycan Respublikasında dövlət qurumları tərəfindən davam etdirilən tədbirlərin nəticəsi olaraq, 5-i uşaq və 2-si qadın olmaqla, daha 7 nəfər Azərbaycan Respublikası vətəndaşının Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiyası həyata keçirilib.

Mia.az xəbər verir ki, bu baxımdan fəaliyyət çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüş keçirilib, onların hüquqlarının təmini vəziyyəti yerində araşdırılıb.

Görüş çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupunun ixtisasca psixoloq üzvü tərəfindən repatriasiya olunmuş şəxslərin psixoloji vəziyyəti də qiymətləndirilib.

Sosial xidmət müəssisəsi tərəfindən repatriantların reabilitasiyası üzrə görülmüş tədbirlər barədə lazımi məlumatlar Aparatın əməkdaşlarına təqdim olunub.

Qeyd olunmalıdır ki, Ombudsman tərəfindən xarici ölkədə çətin vəziyyətə düşmüş və yardıma ehtiyacı olan vətəndaşlarımızın repatriasiyası, onların hüquq və azadlıqlarının təmini vəziyyəti diqqətdə saxlanılır. Bu istiqamətdə zəruri tədbirlərin görülməsi məqsədilə müxtəlif vaxtlarda Ombudsman tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, həmçinin digər səlahiyyətli dövlət qurumlarına müraciətlər edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR