İlham Əliyev fenomeni... - Kafedra müdiri yazır

img

02-02-2024 [09:53]


Rəşad Məhərrəmov

UNEC Karyera planlaçdırılması və inkişafı kafedrasının müdiri,

Siyasi elmlər üzrə fəlsəfə doktoru 

***

"Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qurur hissi ilə bəyan edəcəkdir".

Ümummilli lider Heydər Əliyev

***

Bu gün dünyada gedən qloballaşma proseslərinin sürətlə davam etməsi fonunda bəşər tarixinin heç bir mərhələsində XXI əsrdə olduğu qədər dinamik dəyişikliklər müşahidə olunmamışdır. Bu dəyişikliklər fonunda hər bir dövlət dəyişən dünyada öz yerini möhkəmləndirməyə, milli mənafelərini qorumağa çalışır. Bütün bunları – bu günün və gələcəyin inkişaf meyllərini nəzərə almadan, gələcəyi proqnozlaşdırmadan, səmərəli idarəçiliyə nail olmaq, dövlətin milli maraqlarını gerçəkləşdirmək mümkün deyildir.

Uğurlu inkişafa nail olmanın bir çox yolları mövcuddur. Fikrimizcə, ən mühüm yol siyasi hakimiyyətin yüksək forması olan dövlət hakimiyyətinin modernləşməsinin modelini yaratmaq və müasir şəraitdə inkişaf meyllərinin və perspektivlərin siyasi proqnozlaşdırılmasını həyata keçirməkdən ibarət olmalıdır. 

Bu gün Azərbaycanda siyasi sistemin innovativ işləməsi çərçivəsində reallaşan dövlət idarəçiliyinin əsas spesifik xüsusiyyəti məqsədyönlü və proqramlı idarəetmədir.

Məhz belə bir idarəetmə strategiyasına əsaslanan İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan nəinki dünyanın ən dinamik inkişaf edən dövləti kimi tanındı, həm də daha sürətlə dəyişən ölkə imici qazandı. Dünya təcrübəsində çox az ölkəni nümunə göstərmək olar ki, cəmi 30 illik müstəqillik tarixi ərzində belə genişmiqyaslı uğurlara imza atsın.

Onun rəhbərliyi ilə dünyada cərəyan edən proseslərin yarat¬dığı yeni çağırışlara uyğunlaşmaq və möv¬cud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək üçün iqtisadi islahatların strateji hədəflərinə uyğun, sistem xarakterli tədbirlər həyata keçirilib. Ölkəmizdə sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri üçün keyfiyyətcə yeni iqtisadi inkişaf modeli formalaşdırılıb. Bu isə bütövlükdə, regionların tarazlı inkişafının sürətlənməsinə, əlverişli biznes və investisiya mühitinin formalaşmasına, əhalinin sosial rifahının davamlı olaraq yaxşılaşmasına öz müsbət təsirini göstərib.

Prezident İlham Əliyevin məqsədyönlü və proqramlı islahatlar strategiyası miqyasına görə olduqca genişdir və təkcə iqtisadi fəaliyyətlə məhdudlaşmır, həm də mürəkkəb və sistemli xarakteri ilə diqqəti cəlb edir. Bu səbəbdən Azərbaycanın iqtisadi modelini əksər hallarda ölkənin inkişaf modeli kimi dəyərləndirirlər.  

Prezident İlham Əliyevin yeni iqtisadi kursuna, bütünlüklə, strateji istiqamət verən ilk Proqram normativ-hüquqi aktı 2004-cü ilin fevralında “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004–2008-ci illər)” qəbul edilməsi olmuşdur. Azərbaycanda yoxsulluğun azaldılması və sosial-iqtisadi inkişaf üzrə 2 Dövlət Proqramı (2003– 2005-ci və 2008–2015-ci illər üçün) qəbul edildi. Bu Proqramlarla Azərbaycanda yoxsulluğun səviyyəsinin azaldılması üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə yoxsulluğun real səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə ailə təsərrüfatları sahiblərinin illik anketləşdirilməsi tətbiq olundu. Bunun nəticəsində son 20 il ərzində yoxsulluğun səviyyəsi, təxminən, 44,7 faizdən 5,2 faizədək azaldığını görə bilərik. 

Ümumilikdə Dövlət proqramları çərçivəsində ölkəmizdə 100 milyard manatdan çox investisiya yatırılıb. Həmin proqramlar çərçivəsində ölkəmizin şəhərləri, qəsəbələri və kəndləri öz simasını kökündən dəyişib, regionların potensialının artırılması, infrastrukturun, kommunal xidmətlərin, investisiya və biznes mühitinin yaxşılaşdırılması, eləcə də əhalinin rifahının yüksəldilməsi üçün yeni və olduqca münbit imkanlar açılıb.
Prezident İlham Əliyevin məqsədyönlü və strateji idarəetməsi nəticəsində bu gün Azərbaycan regionun aparıcı iqtisadi gücünə çevrilib. 
Azərbaycanın təşəbbüskarı olduğu və tərəfdaşları ilə birgə həyata keçirdiyi bir sıra irimiqyaslı layihələr təkcə bizim deyil, qonşu regionların da inkişafına öz mühüm töhfəsini verir. Bu layihələr arasında Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatında başlıca rol oynamaq qabiliyyətinə malik Cənub Qaz Dəhlizi kimi nəhəng layihə yer alır. Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində məhz son 20 il ərzində Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri tikilib istismara verilib. Bundan başqa iki nəqliyyat meqalayihəsini – Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin tikintisini və “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində işləri xatırlatmaq yerinə düşərdi. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial siyasət kursunu xüsusi diqqət etmək olduqca vacibdir.  Belə ki onun sosial siyasət kursunun əsas istiqamətlərindən biri müxtəlif dövlət xidmətlərinə vətəndaş əlçatanlığının təmin edilməsi və vətəndaşlarla məmurlar arasındakı münasibətlərdə şəffaflığın artırılmasıdır. Bu məqsədlə 2013 cü ildə ASAN Xidmət Mərkəzləri yaradılıb hazırda ölkə üzrə 25 xidmət mərkəzi fəaliyyət göstərir. 2019-cu ilin mayında isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyətə başlayan DOST (Davamlı və Operativ Sosial Təminat) Agentliyi yaradılıb. Hazırda 7 DOST mərkəzi fəaliyyət göstərir, gələn ilə qədər onların sayının 17-yə çatdırılması, 55 DOST filialının açılması və beləliklə, bütün ölkə üzrə vətəndaşlara göstərilən dövlət xidmətlərin əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulur. 

Nəhayət çox qürur hissi ilə qeyd etdiyimiz hadisə, Qarabağ torpaqlarının düşmən əsarətindən azad olunması da məhz Prezident İlham Əliyevin inamlı, qətiyyətli, strateji siyasəti sayəsində baş verdi. Artıq üçüncü ildir ki, Azərbaycan Qarabağ regionunun işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı dirçəliş proqramı həyata keçirilir. Dağıdılmış kənd və şəhərlərin yerində qısa müddətdə “Ağıllı kənd”lərin bünövrəsi qoyuldu. 2022-ci ildə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edildi. 2021–2023-cü illərdə Qarabağ və Şərqi Zəngəzurda layihələrin həyata keçirilməsinə 7 milyard dollar vəsait ayrılıb, 2024-cü ildə dövlət büdcəsindən bu məqsədlər üçün minimum daha 2,4 milyard dollar vəsait yönəldiləcək. 

Beləliklə, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış prosesini haqlı olaraq təkcə son 20 ildə deyil, həmçinin Azərbaycan tarixində, ümumilikdə və nəzərdə tutulmuş məqsədlər, onların dəyəri baxımından ən irimiqyaslı proqram sənədlərindən biri adlandırmaq olar.

Biz əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin güclü milli iqtisadiyyata söykənərək regionumuza sülh, əmin-amanlıq və inkişaf üçün yeni imkanlar açması ilə 21-ci əsrdə ərazi bütövlüyünü bərpa etmiş yeganə dövlətə çevrilən Azərbaycanın bundan sonrakı gələcək inkişafı da məhz onun siyasi liderliyi ilə uğurla inkişaf etdiriləcək.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR