Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsinin sabiq sədri ilə QHT rəsmisinin cinayət işi məhkəməyə göndərilib

img

12-01-2024 [13:15]


İşə düzəltmək və pensiya təyin edilməsi adı altında çoxsaylı vətəndaşın pulunun ələ keçirilməsi faktı ilə bağlı cinayət işinin istintaqı tamamlanıb.

Mia.az Baş Prokurorluğa istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən regionlarda keçirilmiş vətəndaş qəbulu zamanı zərərçəkmiş şəxslərin müraciətləri nəzarətə götürülərək cinayət işinin ibtidai istintaqının davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib və istintaqın gedişində ayrı-ayrı istintaq qurumları tərəfindən başlanmış dələduzluq faktları üzrə başlanmış 8 cinayət işi bir icraata birləşdirilib.

İstintaqla Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Şirvan rayon bölməsinin sabiq sədri Ülviyyə Balayeva və Azərbaycan Respublikası Şəhid ailələri, Əlilləri, Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Gədəbəy rayon şöbəsinin sədri vəzifəsində işləyən İbrahim Əliyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında 32 nəfər şəxsə işə düzəltmək və pensiya təyin edilməsinə dair yalan vədlər verməklə müxtəlif vaxtlarda onlara məxsus ümumilikdə 163 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə Ülviyyə Balayeva və İbrahim Əliyev Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müvafiq olaraq həbs və polisin nəzarəti altına vermə növündə qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR