Tanınmış model Razi Əliyevanı döyülmə faktı... - Ziya Hüseynov hakim qarşısına çıxarılır

img

10-01-2024 [17:47]


Tanınmış model, 2017-ci ildə Azərbaycan gözəli seçilən Razi Əliyevanı döyərək şantaj etməkdə təqsirləndirilən Ziya Hüseynovun məhkəməsinin hazırlıq iclası keçirilib.

Mia.az Report-a xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə 3 zərərçəkmiş - Raziyyat Əliyeva, Gülnar İsayeva və Xadijat Quliyeva var.

Təqsirləndirilən şəxsin vəkilləri Elnur Quliyev, İsmayıl Babayev və Fəxri Hacıyev müvəkkilinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət qaldırıb.

Zərərçəkmişlərdən birinin vəkili Asim Abbasov isə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsini məhkəmədən xahiş etdi. Bildirib ki, ittiham ağırlığı, təqsirləndirilən şəxsin zərərçəkmiş Raziyyat Əliyeva və Gülnar İsayevaya gələcəkdə zərər yetirə biləcəyi və Ziya Hüseynov barəsində Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət təqibi getdiyi xüsusatlar nəzərə alınmalıdır.

Məhkəmə qısa müşavirədən sonra təqsirləndirilən şəxsin müdafiəçilərinin vəsatətini təmin etməyib.

Daha sonra məlum olub ki, təqsirləndirilən şəxs Ziya Hüseynov məhkəmənin başlanması üçün bildiriş almayıb.

Bu səbəbdən məhkəmənin hazırlıq iclası yanvarın 17-nə təyin edilib.

Qeyd edək ki, Ziya Hüseynova qarşı Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 133.2.6-cı (əzab vermə, işgəncə verməklə törədildikdə), 134, 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə), 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə) və 221.1.1 maddələri ilə ittiham irəli sürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR