“Topaz” və “Misli”dən yeni hoqqabazlıq – Saxta nəticələrlə insanları necə aldadırlar?

img

30-12-2023 [11:53]


Azərbaycanın “qumar bazarı”nda hegemonluq edən, “Topaz”la birlikdə monopoliya şəraiti yaradan “Azərlotoreya”nın əməlləri barədə şikayətlər günü-gündən artmaqdadır...

Mərc həvəskarları, o cümlədən də maddi sıxıntılarını bu vasitə ilə həll edəcəyinə inanan sadə vətəndaşlar hər gün aldadılır. Cəlbedici və qanunazidd reklamlar vasitəsiylə insanlar qumara cəlb edilir. Nəticədə də aldadılmış vətəndaşların əllərindəki son qəpik-quruşu da “Misli”nin mərc oyunlarında, yaxud da insanların həyatını alt-üst edən “Poz-qazan” tipli qumar növlərində uduzurular.

Qeyd etdiyimiz kimi, “Misli”ylə “Topaz”ı bu işdə əlini bərkidən, onları arxayınlaşdıran rəqabətsizlik mühitidir. Qanunlar mərc həvəskarlarının internet vasitəsiylə xarici mərc kontorlarıyla oynamasını qadağan edir. Xarici kontorların saytları bloklandığından və yerli bank kartları ilə əməliyyat aparmaq mümkün olmadığından “Topaz”la “Misli” müştərilərlə istədikləri kimi davranırlar. Mərc həvəskarlarına aşağı əmsallar, məhdud seçimli proqramlar təqdim olunur. Məqsəd də məlumdur: Bütün vasitələrlə sadə insanların uduş qazanmasını əngəlləmək...

Son vaxtlar sosial şəbəkələrdə şikayətlənən mərc həvəskarları “Misli” və “Topaz”ın yeni fırıldağından bəhs edirlər. Onlar bildirirlər ki, oyun proqramı xeyli kasad olan, mərc həvəskarlarının seçim imkanlarını azaldan monopolist şirkətlər “yeni üsullar” axtarışındadırlar. Belə ki, canlı mərcə təqdim olunan oyunlar tez-tez dondurulur, bir çox mərkəzi qarşılaşmalar canlı mərc üçün açıq olmur. Daha çox diqqət çəkən, azarkeşlərin maraqlarına səbəb olan oyunlar zamanı isə “Misli”nin saytı ümumiyyətlə “donur”, sayta daxil olub mərc etmək mümkün olmur.

Qəsdən yaradılan “texniki problemlər” mərc həvəskarlarının diqqətini yayındırmağa, onları çaşdırmağa hesablanıb. Sosial şəbəkələrdə yayılan və sizə təqdim etdiyimiz ilk nümunəyə diqqət edin. Ukrayna çempionatında keçirilən “Kolos” – “Dinamo Kiyev” qarşılaşmasının 19-cu dəqiqəsində qonaq komandanı Tımçik hesabda önə çıxarıb, 51-ci dəqiqədə isə meydan sahibləri bərabərlik qolunu vurublar. Görüşün 81-ci dəqiqəsində çəkilmiş fotoya diqqət edin. “Misli”nin saytı hesabı 0:1 göstərir və qonaq komandanın qələbəsi 4,12 əmsalla qiymətləndirilir. Hesabı başqa mənbədən dəqiqləşdirməyən sadə insan əmsala aldanır, tələm-tələsik “Dinamo”nun qələbəsinə pul qoyur. İşin əslində isə qarşılaşma 59-cu dəqiqədən etibarən 1:1 davam edib elə hesabla da bitib. Təsəvvür etmək belə çətindir ki, nə qədər mərc həvəskarı “Misli”nin bu tələsinə düşüb. Adətən uduzanlar daha da qəzəblənir, uduzduğu pulu qaytarmaq üçün daha böyük məbləğdə mərc edir. Belə olan halda da daha dərin bataqlığa yuvarlanır.

Dekabrın 21-də İtaliya kubokunda “İnter”lə “Bolonya” qarşılaşıb. Əsas vaxtı 0:0 hesabıyla yekunlaşan oyunda qalib “Bolonya” olub. Qonaqlar 112 və 116-cı dəqiqələrdə vurduqları qollarla əzmkar qələbə qazanıblar. Təqdim etdiyimiz fotoya diqqət edin. Gecə saat 3:37-də “Misli” bu görüşü hələ də davam edirmiş kimi göstərir, özü də “İnter” hesabda öndə görünür. Təsəvvür edirsizmi, gecənin bir aləmində yuxulu, hətta sərxoş hansısa mərc həvəskarı bu görüntüyə aldanıb, nə qədər pul qoyuluşu edər. Çünki belə vəziyyətdə həmin şəxsin dəqiqləşdirmə aparacağı heç də inandırıcı deyil.

“Misli”nin növbəti “şah əsəri”nə izləyicilər dekabrın 14-də keçirilən “Qarabağ” – “Hakken” oyunu günü rastlayıblar. “Misli”nin saytında təqdim edilən turnir cədvəlinə diqqət yetirək. UEFA-nın qaydalarına əsasən qrupda xalı eyni olan rəqiblərin aralarında keçirdikləri oyunun nəticələri əsas götürülür. Yəni, 6-cı tur ərəfəsində “Qarabağ” “Molde”ni qabaqlayırdı. Çünki “köhlən atlar” norveçliləri Bakıda məğlub edib, səfərdəki görüşü sərfəli heç-heçəylə bitirməyi bacarmışdılar. Bu isə deməkdir ki, “Bayer”lə “Molde”nin qarşılaşması bərabərliklə bitsəydi, “Qarabağ”a da “Hakken”lə Bakıdakı oyunda 1 xal kifayət edəcəkdi. Mərc həvəskarları bilir ki, belə məqamlar xırda və vacib nüanslardır. Amma “Misli” öz saytında reallıqdan uzaq turnir cədvəli yerləşdirməklə elə təəssürat yaradır ki, üstün olan tərəf “Molde”dir.

Təqdim etdiyimiz nümunələr sadəcə bir neçə nümunədir. Özü də nə sirri-xudadırsa, belə “texniki problemlər” həmişə mərc oynayanların ziyanına olur. Elə burdan da bir məqam öz təsdiqini tapır: “Həmişə qumarı oynadan udur”. Ona görə də ən yaxşısı qumardan uzaq olmaqdır. Bunu unutmayın, əziz oxucular!

Poliqon.info


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq