Ateizm, eyş-işrət, yaxud İlber Ortaylı, Tarkan, Firudin Cəlilov ə Çingiz Abdullayev...

img

27-11-2023 [13:32]


Samir Feyruzov

***

Azərbaycanda ideoloji və elmi cəbhə tamamilə tərksilah olunub. İllərdir ölkənin ən istedadlı elm adamları ölkəni tərk edirlər, bu adamların ölkəyə qayıdışını təmin etmək və beyin köçünün qarşısını almaq üçün heç bir addım atılmır.

Əvəzində nə edirlər? Türkiyə elminin nəzəri manipulyatorları İlber Ortaylı və Celal Şengörün Bakıda “elmi-ateizm şou”ları təşkil olunur. Hər iki alim öz ölkəsi üçün çox işlər görüb, qalaq-qalaq kitablar yazıblar, amma bu adamların Bakıda “nəzəri ateizm şouları”ndan başqa bizə verə biləcəyi heç nə yoxdur. İndi kim, kimə ateizmdən dərs deyir? Azərbaycanda elmi-ateizm təşəkkül tapanda Türkiyədə ateist fikir söyləyənləri dar ağacından asırdılar. Bu gün Azərbaycanda fəlsəfənin, elmi-atezmin elə nümayəndələri var ki, İ.Ortaylı və C.Şengör onlarla bircə saat müzakirə apara bilməz. Ümumiyyətlə, hər mövsümdə Bakıya təşrif buyuran İ.Ortaylının və C.Şengörün vasitəsilə ateizmi təbliğ etmək hansı qüvvələrin marağındadır? Bu, bizə lazımdırmı? Pul qazanırlar, yaxşı biznesdir.

Ömrünün 50 ilini türkologiya elminə sərf edən Firudin Cəlilov da tələbələrlə eyni sırada oturub onlara qulaq asırdı. Düzdür, öyrənmək heç vaxt gec deyil. Amma F.Cəlilov kimi alimlərin “milli kimliyi” çoxdan yırtılıb. Ömrü boyu rus ideologiyasına qarşı mübarizə apardığını, türkçülüyü təbliğ etdiyini iddia edən F.Cəlilovun da, Azərbaycanın SSRİ işğalından xilas olunmasında ciddi rol oynadığını bildirən bu günün pullu, vəzifəli xalq hərəkatçılarının hamısının nəvə-nəticələri də rus bölmələrində təhil alı(b)rlar. Kimi dolamısınız?!

X.R.Ulutürk və eyni qəbildən olan vətənpərvər şairlərin, alimlərin, yazıçı-publisistlərin əsas işi gücü Vaşionqtonun (bildirirlər ki, bu şəhərin əsası qədim türk “vəşinq” tayfaları tərəfindən əsası qoyulub), Kremlin (bünövrəsi Kərimli tərəfindən qoyulubsa, deməli, Moskva da bizimdir), Londonun (qədim türk tayfalarında hərbi rütbə olduğu iddia olunur) bizə aid olduğunu sübut etmək olub.

Azərbaycan yazıçısı Anarın əli ilə katibəyə, sürücüyə mənzil verib onu urvatdan salırsınız (o, onsuz da urvatsızdır), başqa bir ölkənin yazıçısını isə gətirib “şou”lar təşkil edirsiniz. Məqsədiniz nədir?

Kriminal hadisələrə azacıq “ədəbi” don geyindirib psevdodetektiv əsərlər yazan Ç.Abdullayevi yazıçısı kimi bəyənməmək olar. Bu adam 600-dən çox kitab yazıb, bu zırpılıqda kəmiyyətin içində keyfiyyət tapmaq “Azəryolservis”in rəhbəri Saleh Məmmədovun fəaliyyətində şəffaflıq tapmaq qədər çətin və müşkül məsələ olduğunu başa düşürəm. Çingiz Abdullayev Azərbaycan ədəbi vitrinində çoxdan oturub, istəsək də-istəməsək də... Zövqü balta kəsməyən, inzibati oxucular sayəsində o, həmişə oxunacaq. Ç.Abdullayev də müzakirə oluna, tənqid edilə bilər.

Amma ölkə mediasının abort olunduğu bir ərəfədə ortaya çıxan hansısa süni “jurnalist” ona qiymət verərək əsərlərini “zir-zibil” adlandırırsa, bu, pis nümunədir, ictimai cinayətdir. “Azərbaycan millisi”nin impotent oyunundan kayf tutan sıravi azarkeş gözəllik salonunda oturub Pelenin, Maradonın, Ronaldonun, Messinin vurduğu qolları təftiş edirsə, bu, səfehlikdir, təsadüfən ekstaza gəlməkdir.

Mən 3 ildir arzu edirəm ki, qardaş Türkiyə dövləti özünün yüksək elmi-texnoloji biliklərini, laboratoriyalarının nüsxələrini Azərbaycana ixrac etsin. Əvəzində müğənni Tarkan və sevgi serialları gəlir. Tarkanın konsertinə 20 min insan bilet alıb. Arxa yerlər üçün 70 manata, VİP yerlər üçün 350 manata satılan biletlər üçün ortalama qiymət çıxarsaq, 4 milyon manat pul edir. Müğənni bu pulun neçə faizini öz ölkəsinə aparıb? Ateizmi, eyş-işrəti, çal-çağırı təbliğ etməkdə məqsədiniz nədir?!

Açığı, mən heç vaxt düşünməmişəm ki, II Qarabağ müharibəsi zamanı əldə olunan qalibiyyət cəmiyyətimizin oynaq xarakterinə ciddilik qata bilər.

P.S. Yazı müəllifin Feysbuk-dak ə səhifəsindən götürülüb.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR