Qərbi Azərbaycana qayıdışla bağlı komissiya yaradılır - Milli Məclisdə ictimai dinləmə keçirilir (Yenilənib)

img

25-09-2023 [12:23]


“Sonuncu deportasiya zamanı Ermənistan ərazisində soydaşlarımıza qarşı törədilən cinayət faktları barədə əlimizdə çoxlu faktlar, sənədlər, şahid ifadələri var”.

Bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə keçirilən "Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər" mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.

İcma sədri xatırladıb ki, Qərbi Azərbaycan İcmasının müraciəti ilə Respublika Baş Prokurorluğu bu istiqamətdə müvafiq addımlar atıb və bu iş davam edir:
"Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına diqqət yetirsəniz görərsiniz ki, Qərbi Azərbaycan icması nəinki son 100 ildə, bütövlükdə ötən iki əsr ərzində soydaşlarımıza qarşı törədilmiş ədalətsizliyi qəbul etmir və bu ədalətsizliyi nəticələrini rədd eləyir. İcma Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, qaçqınların statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılmasını və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsini özünün əsas hədəfi kimi bəyan eləyir".

Ə.Ələkbərli bildirib ki, Qərbi Azərbaycan indiki Ermənistan ərazisinin son qarışına qədər tarixi Azərbaycan torpaqlarıdır və bu torpaqların son qarışına qayıdana qədər mübarizə davam edəcək: "Bu tarixi vəzifənin həyata keçirilməsinin hüquqi aspektlərinin müəyyən edilməsində və həyata keçirilməsində hüquqşünaslarımızın bilik və təcrübəsinə böyük ehtiyac var. Bu məqsədlə Qərbi Azərbaycan İcmasında Hüquq Komissiyasının formalaşdırılması istiqamətində iş gedir. O komissiyanın bəzi üzvləri bu gün bu tədbirdə də iştirak edir və fürsətdən istifadə edərək bütün hüquqşünaslarımızdan xahiş edirəm ki, bu komissiya ilə yaxından əməkdaşlıq eləsinlər".

***

Milli Məclisdə "Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər" mövzusunda ictimai dinləmə keçirilir.

Mia.az xəbər verir ki, tədbir Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə azərbaycanlıların indiki Ermənistandan - öz dədə-baba yurdlarından kütləvi şəkildə didərgin salınması, Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri, ermənilər tərəfindən törədilmiş cinayətlərin hüquqi baxımdan qiymətləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Dinləmədə Milli Məclisin deputatları, Qərbi Azərbaycan İcmasının üzvləri, hüquq-mühafizə orqanlarının təmsilçiləri, hüquqşünas alim və tədqiqatçılar, vətəndaş cəmiyyətinin nümayəndələri və ekspertlər iştirak edirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:00 08.05.2025

Okan Buruk seçim edib