Rəsul Həmzətovdan götürmədiyim müsahibə
02-06-2014 [00:35]
Firuz Mustafa,
Yazıçı
***
Yəqin ki, Sovet dönəminin ən məşhur simaları kosmonovtlar idi. Şübhəsiz ki, həmin pleyadada birinci yerin sahibi Yuri Qaqarin idi. Bu, bəlkə həm də onunla əlaqədar idi ki, kosmonavtların sorağı çox yüksəkdən, göylərdən gəlirdi.
Söz yox ki, söz adamları da haqqında söhbət gedən həmin dövrün məşhurları sırasında idi. Bu sırada ön yerlərdən birini şair Rəsul Həmzətov tuturdu desək səhv etmərik. Bu, bəlkə onunla bağlı idi ki, şairlərin də sorağı yüksəkdən gəlirdi. Düzdür, onlar kosmonavtlar kimi göyə uça bilmirdilər. Amma yazıpozuları ilə göylə əlləşirdilər.
Mən Rəsul Həmzətovu Bakıda bir neçə dəfə görmüşdüm. Təbii ki, onunla heç bir salam-kəlamım yoxdu. Amma iş elə gətirdi ki, məşhur şairlə Moskvada tanış oldum.
Xatırlayıram, yağışlı payız günlərindən biri idi. O vaxtkı nüfuzlu qəzetlərin birində çalışan köhnə jurnalist dostumla keçmiş "Kommunist" (indiki "Azərbaycan") nəşriyyatında rastlaşdıq. Hal-əhval tutandan sonra bir-iki günə Moskvaya elmi ezamiyyətə gedəcəyimi bildirdim. Dostum sevincək dedi ki, nə yaxşı oldu, səndən bir xahişim var. O vaxtlar yaxın-uzaq şəhərlərə gedən adamdan adətən qıt məişət şeyləri alma-ğı xahiş edirdilər. Düşündüm ki, dostumun da belə bir istəyi olacaq. Amma onun xahişi elə öz iş-gücünə, qəzetçiliyə uyğun imiş:
- Səndən bir yazı xahişim var. Rəsul Həmzətovdan müsahibə götürərsən. Məncə çətin olmaz. Onun Azərbaycan xalqı və ədəbiyyatı ilə bağlı təəssüratını öyrənərsən. Bilirsən ki, burada çoxlu dostları var. Öyrən gör bizim ədəbiyyat barədə nə deyir. Bu, elə-belə qəfil ağla gələn, ekspromt təklif deyil ha. Re-daksiyamızın planında çoxdan belə bir yazının hazırlanması nəzərdə tutulmuşdu. Sənin Moskva səfərin lap yerinə düşdü. Həmzətovun Moskvadakı ünvanını da öyrənib deyərəm sənə. Mütləq onunla görü-şərsən.
Mən qısaca "çalışaram" dedim. Çünki o zamanlar məşhur şairin sorağı gündə bir ölkədən gəlirdi. Onu tapmaq asan olmaya bilərdi.
Moskvanın havası çən-çisəkli idi. Az qala hər gün yağış yağırdı. "Perestroyka" dövrü idi. Mərkəzi qəzet-lər sovet hökumətini yıxıb-sürüyür, tarixçilər nadir faktlar üzə çıxarırdılar. Yazıçıların onillər uzunu "san-dıqda" yatıb qalmış əsərləri işıq üzü görürdü. 30-cu illər faciəsinin, 60-cı illər "yumşalmasının" mahiyyəti barədə palaz-palaz yazılar dərc olunurdu. Bir sözlə, maraqlı dövr idi.
Keçmişin faciələri haqda ara-sıra yazanlardan biri də Rəsul Həmzətov idi. Əslində, məşhur şairin yaşadığı zəmanədən və dövrdən şikayət etməyə elə də haqqı yox idi. SSRİ Ali Sovetinin deputatı, Lenin və Döv-lət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Dağıstanın xalq şairi...
Titulları, fəxri adları saysız-hesabsız idi. Orden-medallarının hamısını sinəsinə düzsəydi yəqin ki, yaxasında yer qalmazdı.
Xatırlayıram, əvvəlcə şairin telefon nömrəsini öyrəndim, danışdıq. Görüşmək üçün vaxt təyin etdik. Dünya şöhrətli şairin yaşadığı mənzili tapmaq elə də çətin olmadı. Maksim Qorki küçəsində (indiki Tverskoy Bulvarda), Mayakovskinin heykəlinin yaxınlığında əzəmətli "stalinka"da yaşayırdı. Çox qəribə-dir ki, Rəsul Həmzətovla elə qapının ağzında qarşılaşdıq. Özümü təqdim etdim. Ayaqüstü hal-əhval tutub dedi:
- İçəri keç. Patimat evdədir. Bir çay iç, mən də indi gəlirəm.
Patimat Həmzətova məni nəzakətlə, xoş üzlə qarşıladı. Evdə arıq, sarışın, alagöz bir gənc xanım da var-dı. Bu, Həmzətovların qızı imiş. Səhv etmirəmsə, bu qız elə anasının adını daşıyırdı, yəni onun da adı Pa-timat idi. Ortaya çay gəldi. Patimat xanım Bakıdakı dost-tanışlarını soruşdu. Təbii ki, onunla ərinin ümu-mi dostları əsasən ədəbiyyat, sənət adamları idi. Ќəbi Xəzri ilə Rəsul Həmzətovun dostluğundan danışdı.
Bir xeyli gözlədik. Şair gəlib çıxmadı. Evin xanımı xəfifcə gülümsəyib:
- Olsun ki, mühüm işi çıxıb. Yoxsa vaxtında gələrdi, Rəsul dəqiqliyi xoşlayır, - dedi.
Mən xudahafizləşib çıxdım.
Bir neçə gündən sonra vaxt tapıb yenidən məlum nömrəyə zəng vurdum. Dəstəyi şairin arvadı götürdü. Mən özümü təqdim etmək istəyəndə dəstəyin o başında Rəsul Həmzətovun gur səsini eşitdim:
- Gəl, Firuz, elə indi gəl.
Mən "Nauka" hotelində qalırdım. Metroya minib şairin evinə tələsdim. Qəribədir, bu dəfə də Rəsul Həmzətovla ümumi giriş (blok) qapısının ağzında üz-üzə gəldik. Onun yanında ortayaşlı bir adam vardı. Mən hər ehtimala qarşı kimliyimi nişan verdim. Rəsul Həmzətov əlimi möhkəmcə sıxıb:
- Əlbəttə, tanıdım. Bağışla, ötən dəfə iş çıxdı, gec gəldim evə. Mən gələndə sən çıxıb getmişdin.
Sonra məni yanındakı adama təqdim etdi: "Bu cavan oğlan mənim dostumdur. Bakıdan gəlib. Məndən müsahibə götürmək istəyir".
Yanındakı adamı da mənə təqdim etdi; bu, şairin tərcüməçisi idi.
Blokun qapısı ilə üzbəüz binanın böyründə iri, açıq bir qapı da vardı. Nədənsə mənə elə gəldi ki, bura hansısa idarənin təmir sexi, ya da ərzaq dükanının anbarıdır. Çünki açıq qapıdan baxanda içərinin tör-töküntülü olduğu nəzərə çarpırdı. Həmin qapıdan bir cavan adam çıxdı; onun əlində iri bağlama vardı. Belə məlum oldu ki, bu gələn adam heykəltaraşdır. Qoltuğundakı bağlama isə Rəsul Həmzətovun büstünün foto-reproduksiyası imiş.
Şair gülə-gülə heykəltaraşa dedi:
- Bura bax, öz əsərini bizə elə buradaca göstər. Qoy görüm mənim iradımı bunlar necə qəbul edir.
İnsafanə, şəkildən hiss olunurdu ki, heykəl peşəkar sənətkar əlindən çıxıb.
Tərcüməçi ilə mən əsər haqqında bir-iki xoş söz dedik.
Rəsul Həmzətov dörd barmağını bir yerdə cütləyib əvvəlcə öz alnına, sonra isə şəkildəki heykəlin "alnı-na" qoyub emosional halda dedi:
- Siz nə deyirsiz? Dodaq, burun, qulaq haqqında bir söz deyə bilmərəm. Amma bu, mənim alnım deyil axı. Bir ölçülərə fikir verin, mənim alnım hara, bunun alnı hara? Alın ensiz alınıb məncə...
Heykəltaraş şairin qoluna girib nəzakətlə dedi:
- Rəsul Həzətoviç, bu, heykəlin özü deyil axı, kənardan çəkilmiş şəkildir. Gərək öz "orijinalınıza" baxasız.
Orada hər şey qaydasındadır.
Şair başını bulayıb dedi:
- Mən elə öz "orijinalımı" da görmüşəm. Orada da elə bu cürdür, alın ensizdir.
Heykəltaraş israr etdi:
- Onda gedək bir də baxaq.
Rəsul Həmzətov gülümsədi:
- Görmürsən, mənim qonağım var? Səninlə çıxıb getsəm Firuz mənə nə deyər?
Heykətaraş qonaqpərvər adam imiş:
- Qoy dostlarınızın hər ikisi bizimlə getsin. Emalatxanada bu görüşü qeyd etmək imkanım da var.
Rəsul Həmzətov gülüb dedi:
- Yox, "qeyd etmək" uzun çəkər. Hələlik vaxt azdır.
Üzünü mənə sarı tutub dedi:
- Gəl belə edək. Sən qalx evə. Allaha şükür, mənzili tanıyırsan. Patimatla qızım evdədir. Bir çay iç, mən tez qayıdıb gələcəm.
Mən dinməz-söyləməz mənzilə qalxdım.
Evin xanımı və onların qızı məni köhnə tanış kimi qarşıladılar.
Şairi gözləyə-gözləyə ordan-burdan söhbət etməyə başladıq. Öyrəndim ki, Patimat Həmzətova muzey direktorudur. Bu ailənin qızları Zarima, Salihət və Patimat da incəsənət sahəsində çalışırlar. Rəsulun iki qardaşı müharibədə həlak olmuşdu. Mən şairin şeirlərinə bəstələnən mahnıların bizim müğənnilər - Rəşid Bahbudov, Müslüm Maqomayev, Polad Bülbüloğlu tərəfindən gözəl və təsirli ifa olunduğunu xa-tırlatdım. Patimat ərinin Azərbaycanı xüsusi bir məhəbbətlə sevdiyini bildirdi.
Mən Rəsul Həmzətovun həyatı, yaradıcılığı ilə bağlı müəyyən suallar verir, ətraflı cavablar alırdım. Bütün bunları hər ehtimala qarşı edirdim: birdən şair yenə gec gələr, mənsə əliboş çıxıb getmək istəmirdim.
Elə düşündüyüm kimi də oldu. Hava qaralırdı. Rəsul Həmzətovdansa hələlik bir xəbər-ətər yoxdu. Şairin arvadı və qızı ilə xudahafizləşib küçəyə çıxdım. Mayakovskinin yaxınlıqdakı heykəli işıq və yağış selində yuyunurdu.
Mən bundan sonra bir neçə dəfə şairin evinə zəng vurdum. Telefonu arvadı qaldırır və şairin evdə ol-madığını deyirdi.
Mən artıq hoteli tərk edib kirayədə qalırdım. Telefon nömrəmi bərayi-ehtiyat Patimat xanıma vermiş-dim.
Həmin payız günlərindən birində evində qaldığım rus qadını məni telefona çağırdı:
- Bura baxın, sizi Rəsul Həmzətov telefona çağırır. Bu, həmin Rəsul Həmzətovdur?
Mən suala atüstü cavab verib cəld dəstəyi qapdım.
Rəsul Həmzətov görüşə bilmədiyimizə təəssüf etdiyini bildirdi. Mən ona bildirdim ki, onsuz da sizin barənizdə Patimat xanımdan kifayət qədər məlumat almışam. Ќəinki müsahibə, hətta çox geniş bir məqalə yaza bilərəm.
O, məni yenə evinə qonaq dəvət etdi. Mən işimin çox olduğunu bəhanə gətirdim. Hiss edirdim ki, bu məşhur və qonaqpərvər insanın vaxtı məhduddur.
Şair Bakıdakı dostlarına, xüsusən Nəbi Xəzri və Bəxtiyar Vahabzadəyə salamlarını yetirməyi xahiş etdi.
Xatırlayıram, bu söhbətdən sonra kirayədə qaldığım evin sahibəsi məndən soruşdu:
- Həmzətovu necə tanıyırsan?
Təbii ki, şairi təriflədim.
Qadın bir xeyli susub başını yellədi:
- Mən onu tanıyıram. Arvadbazdır.
Hər ikimiz güldük.
Mən qeydlərimi sahmana salıb bir məqalə yazmağa başladım.
Amma elə bu ərəfədə aləm bir-birinə qarışdı. Sovetlər Birliyinin "dostluq sütunu və qardaşlıq bünövrəsi" silkələnməyə başladı. Millətlərarası münaqişələr qızışıb alovlandı. Rəsul Həmzətovun Kremldə erməni seperatçılarına ehtiyatla olsa belə bəraət verən fikirləri ölkəmizdə narazılıqla qarşılandı. Oxucularının böyük bir qismi məhz bu məşhur çıxışına görə onun kitablarından imtina etdilər, ünvanına etiraz dolu teleqramlar göndərdilər. Onun öz həmvətənləri haqda dediyi bir fikir də "özününkülər" tərəfindən birmənalı qarşılanmadı: "Dağıstan Rusiyaya könüllü girməyib ki, oradan da könüllü çıxsın".
Mən Rəsul Həmzətovu sonuncu dəfə Bakıda Səməd Vurğunun doxsan illiyində gördüm. Rəyasət heyətində idi. Ətrafa göz gəzdirdim. Nəbi Xəzri və Bəxtiyar Vahabzadə məndən bir az irəlidə əyləşmişdilər. Sonralar eşidib bildim ki, onlar öz keçmiş dostları ilə bir stolun arxasında əyləşməkdən imtina ediblər.
Bax, bu da mənim məşhur şairdən götürə bilmədiyim bir müsahibənin tarixi.
Tarixi bəzən yazılmamış kitablardan oxuyub öyrənmək olur.
MİA.AZ
Bu dövlət qurumlarına məxsus maşınlar hərraca çıxarıldı - SİYAHI
Beş kollecin direktoru dəyişib
Prezident İlham Əliyev sərəncam imzalayıb
Sabah yağış yağacaq
Xalq artistinin dəbdəbəli bağ evi... - VİDEO
General Əli Nağıyev DTX-nin Akademiyasında: "Ayıq-sayıq olmalı..." - VİDEO, FOTOLAR
Hikmət Sabirabadlının dostunun oğlu haqda qərar verildi - “Qanuni oğru” isə deport olunacaq
Sabirabad sakini Kürdə boğulub
Azərbaycan nefti ucuzlaşdı
Bu gün Azərbaycanda Aşuradır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb
ÖLKƏ LİDERLƏRİ XANKƏNDİDƏ: 17-ci Zirvə görüşündə mühüm mesajlar verildi - ÇIXIŞLAR + VİDEO (YENİLƏNİB)
SOCAR-da daha bir təyinat - FOTO
İran prezidentinin Xankəndinə səfəri başa çatıb - FOTO (Yeniləniib)
Şuşada İlham Əliyevin adından Zirvə görüşünün iştirakçılarının şərəfinə rəsmi nahar verilib - FOTO
"Başakşehir" qapıçısının müqaviləsini uzadıb
Türkiyədə 180 siyasi partiya var - Ən çox üzvü olanla ən az üzvü olan təşkilatın adı açıqlanlıb
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
"Fənərbağça" bu oyunçu ilə müqaviləni uzadıb
DEPUTATLAR DAHA 15 MƏSƏLƏNİ MÜZAKİRƏYƏ ÇIXARACAQ - Siyahı
"Milan" yarımmüdafiəçi transfer edib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
Osayi-Samuel "Birmingem Siti"yə transfer olub
Fatih Terimin yerinə məşhur məşqçi gətirilib
"Beşiktaş"ın Avstriya heyəti açıqlanıb
"Atletik Bilbao" Niko Uilyams ilə müqavilə uzadıb
"Liverpul" vəfat edən futbolçusu ilə bağlı məlumat yayıb
Super Liqanın püşkü atıldı - Derbi oyunları nə vaxt oynanılacaq?
"Yuventus" Conatan Davidi transfer edib
Şair Məmməd İsmayıl xəstəxanaya yerləşdirilib
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR (Yenilənib)
Ölkə başçıları Xankəndidə çay sürfəsi arxasında - VİDEO, FOTOLAR
“Moody’s" Azərbaycanın kredit reytinqini yüksəldib - Açıqlama
Qəzza zolağında savaş: 37 fələstinli həlak olub
Milli Məclisin növbəti iclası iyulun 8-də olacaq
Ermənilər Bakıda hakim qarşısında - Zərərçəkənlər ifadə verirlər
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Şəxsiyyət vəsiqəsində dəyişiklik təsdiqləndi - Yaşayış yeri və...
Əmlakla bağlı yeni qanun qəbul olunub
Türkiyənin 32,5 faizi heç bir partiyaya inanmır - SORĞU