ŞƏRAB VƏ İNSAN (II. Bədii hissə)

img

07-09-2023 [09:59]


Qalib ARİF 

***

İlk hissəni bu linkdən oxuya bilərsiniz:

https://www.mia.az/w1053631/serab-ve-insan-i-nezeri-hisse-2023-09-02-161701

***

Əli müəllim

Olduğu kimi qalıb yaddaşımda Əli müəllim (məlum səbəblərdən adını dəyişmişəm). Hündür alnı, zabitəli baxışları vardı. Əyninə həmişə taleyi kimi qara kostyum (öz sözləridir - Q.A) geyərdi, daha da ciddi görünərdi. Taleyin acısını çox tez dadmış, ağır faciə yaşamışdı. Həyat yoldaşı gənc yaşında bədbəxt bir təsadüfün qurbanı olmuş, onu iki körpə uşaqla bir dam altında tək qoymuşdu. Kişi kimi davam gətirmişdi taleyin zərbəsinə. Universtetdə dərsinə, elmi işinə baxmayaraq, evlənməmişdi, şəxsi həyatını iki balasına qurban vermişdi, «evə ögey ana gətirmərəm» demişdi. Amma bu dərd ona yer eləmişdi, onun dünyasında şəraba yer eləmişdi.

Fiziki şikəstliyi olsa da, ümidi əsaya qalsa da, civə kimi bir yerdə qərar tutmazdı, xeyirdən-şərdən qalmazdı. Səsi gah Naxçıvanından, gah Şamaxıdan, gah da Şuşadan, Lənkərandan gələrdi. Qohumlarının, dostlarının, qonşularının, hətta tələbələrinin toyuna gedərdi. Əsil məclis adamı idi. Yaxşı tamadalığı vardı, bala-bala vurduqca səsi açılardı. Elə bil ki, Levitan Azərbaycanca danışardı. İndi də gözlərimin önündədir, toy aparır Əli müəllim...

Azərbaycanın məşhur adamları ilə dostluq edirdi, evinə tanınmış yazıçılar, xalq artistləri gəlib-gedirdi. Yaxşı, savadlı müəllim idi, tələbələri onu çox sevirdi. Özü də uşaqla uşaq, böyüklə böyük olmağı bacarırdı. Keçmiş tələbələrindən imkanlı, vəzifəli olanları vardı, onu yaddan çıxarmırdı. Yaxşı yadımdadır, 91 - 92-ci illər, ağır vaxtlar idi. Rəhmətlik zəng etdi, məni çağırdı. Yaxın qonşu idik, bir binada yaşayırdıq. Yaş fərqimizə baxmayaraq, dostluq edirdik, tez-tez görüşürdük. Bu dəfə də Əli müəllimin kefi bir az yuxarı idi, stolun üstündəki yarımçıq “Rasputin” (rus arağı – Q.A) də bundan xəbər verirdi. Dedi mənə rayondan bir qoç gətiriblər, biz də evdə üç nəfərik, bu qədər əti neynirik. Oğlum sənə kömək etsin, əti doğrayın, qonşuda kasıb adamlar var, paylayın. Elə də etdik, hələ adama eyvanda bir-iki şiş kabab da çəkdik, “Rasputin”lə yavaş-yavaş əritdik. Eyvanda “Rasputin”i yeşiklə gördüm…

Deyirlər, dərd də çiçək kimidir, buketlə gəlir. Əli müəllimin də bəxtinə dərd buketlə gəldi. Kürəkəni Moskvaya getdi, bir daha qayıtmadı. Qızı körpə uşaqla evdə tək qaldı. Universtetdə oxuyan oğlu narkotrafikə qoşuldu, tutuldu, 10 il iş aldı. Əli müəllim üzdən sınmasa da, bərk dayansa da, daxilən sındı, taleyindən incidi, şəraba güc verdi. 90-cı illərin axırları idi. “Ulduz” jurnalında Qarabağ müharibəsi ilə əlaqədar povestim çıxmışdı. Zəng etdim, Əli müəllimgilə getdim, üstünü yazmaq, ona bağışlamaq istəyirdim. Stolun üstündə iki şüşə vardı, biri qurtarmışdı. Özü də qocalmışdı, başı ağarmış, ağzı boşalmışdı. Məni gördü ağladı, “Mən Allaha neyləmişdim?” sualı ünvanladı. Cavab verə bilmədim…

Bir neçə ay sonra gözümdə yaş, qəlbimdə təlaş onun yas mərasimində iştirak edirdim… Həmin sualı ürəyimdə təkrar edirdim… Onun qohumları, tələbələri, dostları da burada idi. Bircə oğlu aramızda deyildi…  

Vaqif Mamedoviç

Elmlər Akademiyasında işlədiyi institutda hamı onu bu adla tanıyırdı. Ortaboylu qarayanız adamdı, keçmiş komissarlar kimi qısa saqqal da qoyurdu. Mənimlə arası yaxşı idi, soruşurdum, “müəllim, bu saqqalı neynirsən?” Gülürdü, deyirdi “mən adi adamlardan fərqlənməliyəm, ya yox?” 

O, doğrudan da fərqlənirdi. Bəli, söhbət 1987-ci ildə Konstitusiyadan 6-cı maddənin çıxarılması tələbi ilə çıxış etmiş, başı bəlalar çəkmiş, Kommunist Partiyasını siyasi motivlərlə, öz ərizəsi ilə tərk etmiş bir dahidən gedir. O, artıq həmin dövrdə bizə - gənc kommunistlərə gülürdü, deyirdi az qalıb, bu partiya dağılacaq, SSRİ parçalanacaq. İnstitutda çoxusu onu dəli hesab edirdi. Yaxşı yadımdadır, partiya iclaslarında siyasi baxışlarına görə bizim qocaman akademiklərdən biri “onu güllələmək lazımdır” demişdi. İşin tərsliyindən, heç kim onu güllələmirdi, hətta həbs etmirdi. O isə dissident olmaq istəyirdi.

Vaqif Mamedoviç aspiranturanı Moskvada qurtarmışdı, elmlər namizədi, istiyə davamlı, süni şüşələrin alınması üzrə respublikada yeganə mütəxəssis idi. Amma onun ideyaları kimi, elmi də heç kimə lazım deyildi. Faciə idi - bu səviyyədə savadlı, talantlı bir insan həyatda özünə yer tapmırdı. Odur ki, yavaş-yavaş içkiyə qurşanırdı. İki-üç nəfər savadlı, kimyaçı alim idilər, elə işdə «sobrazim» edirdilər, spirti suya qarışdırıb hər gün içirdilər. Qayda belədir - insanlardan küsəni şeytan öz tərəfinə tez çəkir…

Vaqifin yaxşı ailəsi vardı, öz aspirant yoldaşı ilə evlənmişdi. İkisi də savadlı, rusdilli ziyalı idilər. Gündə bir neçə dəfə bir-birinə zəng edər, hal-əhval tutardılar. Yadımdadır, Vaqif yoldaşına «müəllimə» deyirdi, sonra gülə-gülə izah edirdi: “Xanın arvadına xanım, bəyin arvadına bəyim deyilir. Mən müəlliməmsə, deməli arvadım da müəllimədir”. Amma Vaqif içkiyə qurşandıqca, münasibətlər də deyəsən soyuyurdu. Artıq yoldaşı işə zəng etmirdi, Vaqif də bunu özünə dərd etmirdi. Təbii ki, vəziyyət belə davam edə bilməzdi və günlərin bir günü yoldaşı acıq etdi, uşağı da götürüb atası evinə getdi. Az keçməmiş tamam ayrıldılar, daha bir ailə içkinin qurbanı odu. Mənim dostum isə artıq başqa ideyalarla yaşayırdı…

Bir gün işə gülə-gülə gəldi, həmişəki kimi kefli idi. Cibindən çıxardı, mənə bir kağız verdi. Açdım, əllə yazılan şer idi, Vaqif hardansa köçürmüşdü. Oxumağa başladım, məni tutdu. İki dəfə dalbadal oxudum. Nəhayət başımı qaldırdım, Vaqifin qıyıq gözləri bic-bic baxırdı. “Hə, necədir?” - deyə soruşdu. Cavab vermədim, şerin təsiri altından çıxa bilmirdim. Bu, Vladimir Vısotskinin məhşur «Canavar ovu» idi. SSRİ-də ən çox qadağan olunmuş bir şey idi…

Bəli, Vaqif SSRİ-dən getmək, mühacirət etmək istəyirdi. Həmin zaman kəsiyində bu, onun idealı idi. Artıq milli azadlıq hərəkatı dalğaları ölkəni bürümüşdü, imperiyanın dağılacağı heç kimdə şübhə doğurmurdu. Mənim uzaqgörən dostum isə həmişə kefli idi, deyirdi ki, imperiyanın sınıqları altında qalmamaq, tez qaçıb qurtarmaq lazımdır. Bu məqsədlə hər şeyə hazır idi. O, ümumiyyətlə çətin adam idi, başına bir şey girsəydi, mıxla da vurub çıxarmaq olmazdı. Vaqif Kuril adalarına səfər etmək istəyirdi. “SSRİ çökən kimi, bu adaları Yaponiyaya verəcəklər. Mən də avtomatik azad ölkənin vətəndaşı olacağam, öz elmi işlərimlə məşğul olacağam, dünyada şöhrət qazanacağam”. Sonra isə gülə-gülə əlavə edirdi ki, “Nobel” mükafatı alsam, siz idə yanıma çağıracağam”. Artıq pul da tədarük etmişdi, Bakıdakı evini satmış, pulunu keçmiş yoldaşı ilə tən yarı bölmüşdü.

Vaqif Kuril adalarına gedəndən 6 ay sonra işə teleqram gəldi ki, bəs Xabarovskdayam, Bakıya gələ bilmirəm. Dostlar, yoldaşlar birləşdik, ona yolpulu göndərdik. Yaxşı yadımdadır, yaz idi, instituta yanıma gəldi, üst-başı pis gündə idi. Dedi, “şərab haqqında bir şer yazmışam, onu çap etməyə kömək edərsən?” Dedim, “əgər, azərbaycanca olsa, edərəm”. Dedi, “yox, ruscadır”. Dedim, “Vaqif, niyə yoldaşınla barışmırsan, heç olmasa gedib onlarda qalarsan”… Dedi, “əvvəla, Vaqif yox, Vaqif Mamedoviç, sonra sən mənim xətrimi istəyirsən, ya yox?” Dedim, “əlbəttə, istəyirəm”. Dedi, “onda bir araq al, gedək Cəfərin yanına, sən ki, tikan deyilsən, mənim qəlbimə niyə girirsən?!”

 Vaqifin son iş yeri bulvardakı «İlan sərgisi» idi, gecələr qarovulçu işləyirdi. Deyilənə görə, maaşından verib heyvanlara yemək alırmış ki, ac qalmasınlar. Günlərin bir günü meymunları yedirir, kefli olduğundan gözünə yuxu gedir. Qəfəsə salınmamış meymunlar da sərgini, sözün əsl mənasında, tar-mar edirlər. Və bunun üstündə onu işdən çıxarırlar. Son ümid yerindən məhrum olan Vaqif Mamedoviç də borca bir araq alır, boşaldır… Sonra  özünü Xəzərə atır…

Tahir

Tahirdən danışanda, indi də gözlərim dolur. Halbuki iyirmi ildən çoxdur ki, o, dünyada yoxdur. Məhləmizin yaraşığı idi Tahir. Onun sağlığında məhlədə biri artıq-əskik hərəkət eləyə bilməzdi, qız-gəlinə bir nəfər “lişni” söz deyə bilməzdi. Tahir belə oğlan idi. Onunla ilk tanışlığım qəribə bir şəraitdə baş vermişdi. 80-cı illərin axırları idi, meydan hərəkatı artıq başlamışdı, mən hələ Elmlər Akademiyasında işləyirdim. Günlərin bir günü taksi ilə şəhərdən Çobanzadəyə, təzə evimizə gəldim. Taksi sürücüsü cığallıq etdi, əvvəlcədən danışdığımız pulu qəbul etmədi, çox istədi. Mən də ziddinə getdim, əməlli-başlı qalmaqal yarandı. Bir də gördüm, əynində “ADİDAS” kostyum olan, qartal burunlu kürən bir oğlan sürücünü yaxalayıb, deyir “bir də bizim “Akademik”nən işin olsa, sənin ağzını cıraram”… Nə isə, sürücünü Tahirin əlindən güclə aldım, danışdığımız pulu verib yola saldım. Amma mənim adım o gündən “Akademik” qaldı.

Üstündən bir həftə keçməmiş şuşalı bir dostum vardı, zəng etdi ki, “mənə rayondan iki litr tut arağı, bir şaqqa da ət gətiriblər, nağayraq?” Dedim, “heç nə, ətin yarsını, arağın da hamısını götür, gəl bizə”. Dedi, “gəlirəm, aşağı düşərsən”. Düşdüm aşağı, gördüm Tahir məhlədə təkdir, özü demiş “dumkada”dır. Bizimlə oturmağı təklif etdim, ürəyindən oldu. Demə, Tahir əlindən hər şey gələn oğlan imiş, əti doğradı, balkonda bir manqal qaladı, gəl görəsən. İki gün yeyib-içdik.
 
Dediyim kimi, 80-cı illərin axırları, 90-nın əvvəlləri, pis vaxtlar idi. Cavanlar heç yerdə işləmirdilər, bütün günü həyətdə yığışır, ya qumar oynayır, ya da içirdilər. Şəhərə də çıxmağa qorxurdular ki, Rəhim Qazıyevin emissarları bunları tutar, basar avtobuslara, aparar birbaşa güllə qabağına. Beləliklə, gənclər, əsasən də onların savadsız hissəsi bekarçılıqdan içkiyə, hətta narkotikə qurşanırdı. O zaman mağazalar ucuz, keyfiyyətsiz içki ilə dolu idi. Yəni istədiyim yar idi, yetirdi pərvərdigar. Alırdılar, elə mağazada da vururdular. Bu proses günlərlə, aylarla davam edirdi. Tahir də həmin dəstədə idi. Günü-gündən elə bil geri gedirdi, üst-başı da pis gündə idi. “Adidas” kostyumu qaralmış, bi-iki yerdən cırılmışdı. Kömək etmək istəyirdim, amma əlimdən bir şey gəlmirdi. Hər dəfə görəndə soruşurdum ki, “necəsən?” Deyirdi, “vururuq, “Akademik”, gəl sən də biznən vuraq. Süfrəmiz kasıb olsa da, ürəyimiz varlıdır”…

1994 - 96-ci illərdə Rusiyada olduğumdan Tahirdən xəbər tuta bilmədim. 1997-ci ildə Bakıya qayıtdım. Artıq Çobanzadədəki evi satmışdıq. Amma mən uşaqları görmək, görüşmək üçün məhləyə getdim. Tahiri soruşdum, dedilər “çoxdan ölüb, sağ nə gəzir, bu gün-sabah ili gəlir”. Göz yaşlarımı saxlaya bilmədim, dedim, “axı, bu cavan adam idi, buna belə nə oldu?” Dedilər “hər gün içib, evə getməyib. Həftələrlə padvalda yatıb, qışa düşüb, soyuqlayıb, sətəlcəm olub. Sonra xəstəxanaya aparıblar, xeyri olmayıb”… 
  
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR