Nə ekologiya, nə torba?

img

21-02-2023 [00:05]


Zülfiyyə Mustafayeva,

Mia.az saytı

***

Deyirəm, marketlər bizə torba tikmək istəyir, gəlin, imkan verməyək.

Nə çoxdu məhəllə marketlərimiz, hər addımbaşı, yaşadıgımız yerin böyür-başında olan ərzaq magazaları! Nə torba pulu istəyir, nə vaxtı keçmiş ərzagın üstünü örtüb bizə sırıyır, nə də “endirim” adıyla bizi ələ salırlar. Özü də meyvə-tərəvəzdən tutmuş, kibrit çöpünə qədər hər şey var. Niyə basa-basa yekə marketlərə gedək ki, onlar da bizə “ekologiya” adıyla torba tiksinlər?

Məhəllə marketləri həm də kiçik sahibkarların dolanışıq yeridi. Bəzən nisyə mal ala biləcəyimiz, üzümüz tutan tanış-biliş deməkdi. Gözü doymayan, hər fürsətdə bizi “endirim” adıyla axmaq yerinə qoyan oliqarxların cibini doldurmayaq, onlara elə bir tərs torbanı da biz tikək, - deyirəm.

Məhəllə marketləri bircə nagdsız alış-veriş məsələsini də qaydaya qoysalar, vallahi, onlardan yaxşı yer yoxdu. Nöşün ki, hərdən adamın üstündə nagd pul olmur, kiçik magazalarda isə post terminala rast gəlmək müşkül məsələdi. Amma maşallah olsun, son vaxtlarda bəzi kiçik marketlər bu problemi də yoluna qoyub.  

Bizim marketləri torba ilə daşımaq forsumuz olmasa, onlar bizi belə gülünc vəziyyətə salmaz. Onsuz da böyük məclisləri yola verməkçün topdansatış yerlərinə gedirik. Daha marketin torbalarını qucaqlayıb, hələ taksi də çagırmaq  nə demək olur, bunu anlamıram. 

Ekologiya məsələsi torba ilə ölçülmür, bundan əmin olun. Baxın, son günlərin market torbalarına, kiçik ölçüdədi, yəni, ərzaq tam yerləşmir. Məcbursan, bir-ikisini almaga. Yəni, pul tələsi qururlar yavaş-yavaş. Üstəlik, hərdən heç kartla ödəniş etmək də olmur. Nəhayət, hər yerdə plastik torbalar hətta kilo ilə satılır, istehsalı ləgv edilməyib. Yəni, bu torbanı marketdən alandamı biz ekologiyanın anasının agladar olduq?

Bu ekologiyanı gedin, kanalizasiyanı dənizə axıdan villalardan, istirahət yerlərindən soruşun. Küçələri zibilləyən milyonluq maşınların sürücülərinə sual verin. Agacları qırıb, yerində restoran tikənləri yada salın. Marketdəki torba hara, ekologiya hara? Güldürməyin məni. 

Deyəcəksiniz ki, qəpik-quruş söhbəti edirəm. Xeyr, sadəcə, gündən-günə məhəllə marketlərini sıxışdırıb, az qala evimizin içinə girən işbazların həyasızlıgını qulaqardına vurmaq istəmirəm. Buraxaq onların başını. Axşam evimizə gedəndə özümüzü evin yanındakı magazaya verək. Oradakı dayı, yaxud xala ilə salamlaşıb, hal-əhval tutaq. 

Allah ikimizin də cibinə bərəkət versin!

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR