İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl və Qubadlıda - Yeni açılışlar və görülən işlərlə tanışlıq olub (FOTOLAR/Yenilənib)

img

19-10-2022 [16:07]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər.

Mia.az xəbər verir ki, dövlətimizin başçısı Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli–Cəbrayıl hissəsinin açılışında iştirak edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksi ilə tanış olublar. Dövlətimizin başçısı və birinci xanım reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 ceyranın buraxılması mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı Cəbrayıl Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub, 330/110 kilovoltluq beynəlxalq “Cəbrayıl" Qovşaq Yarımstansiyasında aparılan tikinti işləri ilə tanış olub.

Prezident İlham Əliyev Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub.

Dövlətimizin başçısına və birinci xanıma Qubadlı şəhərinin Baş planı təqdim olunub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlıda İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində iştirak ediblər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli–Cəbrayıl hissəsinin açılışında iştirak edib.

Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da 330/110 kilovoltluq “Cəbrayıl” Qovşaq Yarımstansiyasında tikinti işlərinin gedişi ilə tanış olub.

Mia.az xəbər verir ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, 4 ay əvvəl təməli qoyulan yarımstansiyada böyük həcmdə torpaq, tikinti - quraşdırma işləri görülüb, yeraltı kommunikasiyalar üçün kanallar inşa edilib, 330 və 110 kilovoltluq açıq paylayıcı qurğularda işlərin çox hissəsi yekunlaşıb, Rəqəmsal İdarəetmə Mərkəzinin binası tikilib.

“Cəbrayıl” Qovşaq Yarımstansiyasının əhəmiyyəti barədə məlumat verən Baba Rzayev deyib ki, Qarabağ və Şərqi Zəngəzur regionlarının dayanıqlı elektrik enerjisi ilə təchizatını təmin etmək, həyata keçiriləcək meqalayihələrin tələbatını qarşılamaq, Cəbrayıl-Naxçıvan-Ağrı (Türkiyə) yarımstansiyaları, oradan isə Türkiyənin enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə etmək, ixrac imkanlarını artırmaq, uzun illərdən sonra Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ümumi enerji sisteminə qoşmaq mümkün olacaq. O cümlədən İranla müştərək tikilən “Xudafərin” və “Qız Qalası” Su Elektrik stansiyalarında, həmçinin alternativ və bərpa olunan enerji mənbələrində və kiçik su elektrik stansiyalarında istehsal ediləcək enerjinin Azərbaycanın ümumi enerji sisteminə ötürmək üçün 330 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının tikilməsi olduqca mühüm hadisədir.

Bir çox dövlətlərin marağında olduğu və beynəlxalq əhəmiyyət kəsb edən Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq layihənin reallaşdırılması üzrə 3 mərhələdən ibarət planlaşdırma aparılıb. Bunun üçün birinci mərhələdə istismar müddətini keçən və işğaldan azad edilən ərazilərə ən yaxın məsafədə yerləşən 330 kilovoltluq “Ağcabədi” və “İmişli” yarımstansiyalarının genişləndirilərək tam yenidən qurulması və “Ağcabədi” yarımstansiyasından 132 kilometr, “İmişli” yarımstansiyasından isə 130 kilometr məsafədə Cəbrayıla yüksəkgərginlikli elektrik verilişi xəttinin çəkilməsi nəzərdə tutulub. Artıq “Ağcabədi” yarımstansiyasından Cəbrayıla 330 kilovoltluq xəttin çəkilməsinə başlanılıb.

Eyni zamanda, Cəbrayılda 330 kilovoltluq qovşaq yarımstansiyasında işlərin böyük hissəsi görülüb.

İkinci mərhələdə Naxçıvanın ölkənin əsas enerji sistemi ilə əlaqələndirilməsi üçün “Cəbrayıl” Qovşaq Yarımstansiyasından Zəngəzur dəhlizini keçməklə muxtar respublikaya 255 kilometr uzunluğunda ikidövrəli elektrik verilişi xətti çəkiləcək və 330 kilovoltluq “Naxçıvan” yarımstansiyası tikiləcək.

Üçüncü mərhələdə Azərbaycan, Naxçıvan, Türkiyə və Avropa enerji qovşağının yaradılması üçün muxtar respublikanın qardaş ölkəyə yaxın ərazisində 330 kilovoltu 400 kilovolta keçirmək üçün əlavə Avropa enerji standartlarına uyğun 400 kilovoltluq çevirici yarımstansiya inşa ediləcək və Naxçıvandan Türkiyəyə 230 kilometr uzunluğunda ikidövrəli elektrik verilişi xətti çəkiləcək. Bununla da, böyük strateji əhəmiyyətə malik layihə reallaşdırılacaq.

Tədbirdə Azərbaycan enerji sisteminin ixrac və tranzit perspektivləri haqqında təqdimat nümayiş olundu. Bildirildi ki, Prezident İlham Əliyevin 2022–ci ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə ölkənin elektrik enerjisi üzrə ixrac potensialının 1000 meqavatdan 5000 meqavata çatdırılması barədə tapşırığına uyğun olaraq, “Azərenerji” tərəfindən müvafiq araşdırmalar aparılıb, ilkin razılaşmalar əldə edilib.

***

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyublar.

Mia.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına və birinci xanıma Qubadlı şəhərinin Baş planı barədə məlumat verdi.

Bildirildi ki, Baş plan bu sahədə böyük təcrübəyə malik İsveçrənin “S.A_Partners” şirkəti və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb.

Qubadlı şəhəri beynəlxalq hava limanlarının tikildiyi Zəngilan və Laçın rayonları arasında yerləşməklə coğrafi mövqeyi və logistik imkanları baxımından strateji əhəmiyyətə malikdir. Şəhər şimal (Kəlbəcər) və cənub (Zəngilan) xidmət, istehsalat şəbəkələrinin bağlantı nöqtəsi olmaqla kənd təsərrüfatı, sənaye sahələrinin birgə inkişaf etdiriləcəyi, innovativ iş yerləri, bağçılıq imkanları üzrə tədris kampusuna malik, eləcə də su mənbələrinə həssas yanaşmaların təşəkkül tapdığı ekoloji dayanıqlı rayon mərkəzi kimi formalaşdırılacaq. Növbəti 20 il ərzində şəhər ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması planlaşdırılır.

Baş planın əsasında insanların yenidən təbiətlə qovuşması, komfortlu qonşuluq ərazilərinin təşkili, canlı rayon mərkəzi və sakit hərəkət strategiyaları dayanır. Qubadlının təbii imkanları nəzərə alınaraq şəhər parkları, meşə-parklar, çaykənarı bulvar, həmçinin ictimai bağlar şəhərin əsas simasını təşkil edəcək. Burada yerləşəcək yaşayış məkanlarının ərazi planlaşdırılmasında yaşıl sahələr, piyada əlçatanlığı nəzərə alınmış, çoxfunksiyalı zonaların, ortamərtəbəli və azmərtəbəli binaların, həmçinin həyətyanı sahəsi olan fərdi evlər üçün zonaların yerləri müəyyənləşdirilib. Baş planda şəhərin gündəlik həyat dinamikasını təmin etmək üçün müxtəlif zonalar arasında sıx bağlantıların təşkilinə xüsusi önəm verilib və bu məqsədlə əsas mərkəzi hissədə su kanalı boyunca piyada küçəsi, istirahət yerləri və interaktiv məkanlar nəzərdə tutulub. Sənədin başlıca konseptual əsaslarından olan nəqliyyat strategiyası isə aşağı sürətli hərəkət prinsipi üzərində qurulub. Şəhərdə piyada hərəkətinin prioritet olduğu küçələr, ictimai nəqliyyatın mübadilə mərkəzi və parklanma üçün ərazilər müəyyən edilib.

Baş plana əsasən şəhərin mərkəzi hissəsində evləri, iş yerlərini, istirahət, əyləncə və mədəni fəaliyyəti, sosial obyektləri bir mühitdə cəmləyən əlverişli şəraitin yaradılması planlaşdırılır. Şəhər üzrə tikinti sıxlığı mərkəzdən kənarlara doğru azalacaq. Orta mərtəbəli çoxmənzilli yaşayış binaları və ictimai tikililər mərkəzi hissədə, daha kənarlara doğru isə azmərtəbəli binalar və həyatyanı sahələrə malik fərdi evlər yerləşdiriləcək. Şəhərin planlaşdırılması zamanı tətbiq edilmiş su ilə qovuşan və suya həssas şəhər (“Sponge city”) yanaşması yağıntıların şəhər mühitinə mənfi təsirinin azaldılmasını, su təchizatı üçün optimal həllərin təşkilini, habelə su ehtiyatlarından səmərəli istifadəni özündə ehtiva edir. Nəticədə şəhərin biomüxtəlifliyi üçün münbit şəraitin yaradılması və Qubadlının göz oxşayan yaşıl bir məkana çevrilməsi nəzərdə tutulur.

Şəhər ərazisində ümumi məşğulluğun təmin edilməsi bir neçə istiqamətdə aparılacaq. Yaxın 20 illik perspektiv üçün Qubadlıda bitkiçilik və ekoloji kənd təsərrüfatı, balıqçılıq və balıqyetişdirmə, müasir sənətkarlıq, yüngül sənaye, təbiət əsaslı aqro-turizm və digər sahələrin inkişafı planlaşdırılır. Beləliklə şəhərin memarlıq simasının formalaşmasında müasir və ənənəvi elementlərin vəhdətindən istifadə ediləcək, yaşıl şəhər obrazı yaradılacaq.

Qubadlı İşğal və Zəfər muzeyləri kompleksi İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntılardan ibarət Memorial Parkdan ibarət olacaq. Kompleks təxminən 3 hektar ərazini əhatə edəcək. Bu ərazi çox strateji mövqedədir, əsas yol şəbəkəsinə və nəqliyyat qovşağına yaxındır. Həmçinin Həkəri çayını əhatə edən təbii yaşıllıq zolağının bir hissəsi kompleksin ərazisinin şimal hissəsini təşkil edəcək, bu da öz növbəsində kompleksin heyrətamiz təbii mühitdə inşasına imkan yaradacaq. Çayın bir hissəsi kompleksin ərazisindən keçdiyi üçün Zəfər Muzeyi və İşğal Muzeyinin gözəl mənzərəli körpü vasitəsilə simvolik olaraq bir-biri ilə əlaqələndirilməsi nəzərdə tutulur.

Həkəri çayı üzərində salınan Laləzar körpüsü kimi bir çox qədim körpülər və Qubadlı ərazisində aşkarlanan daş qoç fiqurlarında təsvir olunan spiralvari buynuzlar layihə konsepsiyasının əsas ilham mənbəyini təşkil edir. İşğal Muzeyinin binası kiçik çayın sağ sahilindən yüksələn spiralvari yoldan başlayır. Bu yol binanın sahəsi boyunca spiral şəklində fırlanır, sonra çayın üzərindən davam edərək gözəl mənzərəli körpüyə çevrilir və çayın sol sahilində Zəfər Muzeyinə birləşərək spiralvari pilləkəndə tamamlanır.

Qubadlı İşğal Muzeyinin interyeri binanın spiralvari forması ilə səciyyələnir. Muzeyin ekspozisiyası müxtəlif audio və vizual texnologiyalardan istifadə etməklə təşkil olunacaqdır. Muzeydə işğala qədər Qubadlıda əhalinin gündəlik həyatı, şəhərin işğalı və həmin hadisələrin şahidlərinin xatirələri, dağıdılmış irs və işğaldan sonra ərazinin məruz qaldığı vandallıq əyani olaraq nümayiş etdiriləcək. Muzey binasının sonuncu mərtəbəsində isə ziyarətçilərin istirahəti üçün yaşıllıqlardan ibarət terras təşkil olunacaq.

Zəfər Muzeyinin interyeri də dairəvi formada olacaq. Birinci mərtəbədə yerləşən sərgi zalları xalqımızın göstərdiyi qəhrəmanlıq və qazanılan Zəfərə, o cümlədən “Dəmir yumruq” əməliyyatına həsr olunacaq. İkinci mərtəbədə vizual texnologiyalar vasitəsilə Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini əbədiləşdirən və qəhrəmanlarımız haqqında məlumatların təqdim olunduğu ekspozisiya yaradılacaq. Həmçinin muzeydə müxtəlif sərgilərin keçirilməsi üçün xüsusi zal fəaliyyət göstərəcək. Buradan ziyarətçilər həm pilləkənlə, həm də lift vasitəsilə üst mərtəbədə yerləşən və müxtəlif mədəni tədbirlərin təşkili üçün nəzərdə tutulan açıq səma altındakı amfiteatra qalxa biləcəklər.

Bu muzey kompleksi Azərbaycan xalqının tarixi ədalətin və öz ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edərək əbədiləşdirən, haqq səsimizi dünyaya çatdıran təşviqat və informasiya mərkəzi olacaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoydular.

 

img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA