Ramin Hacılı hakim qarşısında: o, yeni vəsatətlər verib

img

31-08-2022 [17:56]


İctimai fəal Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Mia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Emin Nəbiyev ifadə verib.

O bildirib ki, bir neçə il əvvəl xarici ölkələrə səfərlərlə bağlı viza sənədlərinin hazırlanmasına və səfirliklərə təqdim edilməsinə görə Ramin Hacılıya müraciət edib. E.Nəbiyevin sözlərinə görə, bu işdə Ramin Hacılı ona iki dəfə kömək edib və o da bu işlərə görə Hacılıya müəyyən məbləğ ödəyib.

Daha sonra Ramn Hacılının vəkili Rəşad Əliyev vəsatətlərlə çıxış edib. Vəkil adı şahidlər siyahısında olan Nərgiz Əliyevanın ifadəsinin sübutlar siyahısından çıxarılmasını istəyib. Vəkil deyib ki, üçüncü şəxsə istinadən verilmiş şahid ifadəsi sübut hesab oluna bilməz.

Hakim isə bildirib ki, vəsatətə müşavirə otağında hüquqi qiymət veriləcək.

Daha bir vəsatətisə Ramin Hacılı verib. O, cinayət işindən Vüqar Heydərovla bağlı epizodun çıxarılmasını xahiş edib".

Hakim bu vəsatətə də müşavirə otağında hüquqi qiymət veriləcəyini deyib.

Sonra Ramin Hacılının poçt vasitəsiylə məhkəməyə daxil olmuş vəsatəti səsləndirilib. Ramin Hacılı həmin vəsatətində hakimləri ədalətə və humanizmə dəvət edib.

Sonra Ramin Hacılı ifadə verməyə hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası sentyabrın 14-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına görə, Azərbaycan Avropa Hərəkatının və “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət edən şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Xatırladaq ki, digər şəxslərin cinayət işi ayrıca icraata götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR