Vüqar Rəhimzadə: "Azərbaycanın və Qazaxıstanın otuz illik əməkdaşlıq yolu qarşılıqlı etimada, səmimi münasibətə əsaslanır"

img

25-08-2022 [19:43]


“Türk dünyasının birliyi, həmrəyliyi Azərbaycan dövlətinin xarici siyasətində prioritet istiqamətlərdən biridir.  Avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfəri çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər atılan addımlar türk dünyasının birliyinin daha da möhkəmləndirilməsinə verilən töhfələr və qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflər barədə    aydın təsəvvür yaradır.  Səfər zamanı diqqəti çəkən mühüm hadisələrdən biri  kimi Qazaxıstan Prezidentinin  Azərbaycan dövlət başçısı İlham Əliyevə  Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordenini təqdim etməsi  yaxın günlərdə diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcək iki qardaş ölkənin bu illər ərzində   əməkdaşlığının inkişafı istiqamətində göstərilən səylərin və qazanılan uğurların təqdimatıdır. Bu baxımdan ki, Qazaxıstan Prezidenti  həmin mərasimdə bir daha bildirdi ki,  dövlət başçısı İlham Əliyevi ölkəsində  görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər. Prezident İlham Əliyev  dövlətlərimiz arasında çoxtərəfli, çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verir. Kasım-Jomart Tokayev bütün qazax xalqı adından ehtiram əlaməti olaraq cənab İlham Əliyevə  “Altın kıran” ordenini təqdim etdi.  Bu ali mükafatı Azərbaycan xalqına hörmət əlaməti kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev belə bir əminliyi ifadə etdi ki,  Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq.”

Mia.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə  KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, xalqlarımızı ortaq tarix, ortaq köklər birləşdirir: “İki dost, qardaş ölkə arasında əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin və Qazaxıstanın sabiq Prezidenti  Nursultan Nazarbayevin böyük xidmətləri vardır.  Ölkələrimizin qət etdikləri 30 illik əməkdaşlıq yolu qarşılıqlı etimada, səmimi münasibətə əsaslanır. Bu baxımdan ölkələr arasında əlaqələrin inkişafında etimad  əsas faktordur.   Səfər çərçivəsində  iki dost ölkənin  strateji tərəfdaşlığı ilə yanaşı, müttəfiqliyini də təsdiqləyən  sənədin imzalanması  perspektivlərə də aydınlıq gətirir.”

Belə ki, əlaqələrin  inkişafında əhəmiyyətli rol oynayan qarşılıqlı səfərlərdə  diqqəti çəkən əsas məqam  prezidentlərin təkbətək, eyni zamanda, geniş tərkibdə  keçirilən görüşlərində aktual məsələlər ətrafında aparılan müzakirələrlə yanaşı, imzalanan sənədlərdir ki, bunlar da  qarşıda duran hədəflərə bələdçilik edir. Azərbaycan və Qazaxıstan prezidentlərinin  iştirakı ilə “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ı və “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin imzalanması ilə bərabər,  20-dən artıq sənəd  müvafiq strukturlar tərəfindən imzalandı. Hər bir sənəd  əlaqələrin  inkişafında  yeni istiqamət, ən əsası hüquqi bazadır. Sənədlərdən  irəli gələn vəzifələrin uğurlu icrası fonunda  münasibətlərin   inkişaf coğrafiyası daha da genişlənir.  Hazırda iki ölkə arasında iqtisadi və siyasi  əlaqələr  yüksələn xətlə inkişaf edir.   Prezidentlər mətbuata bəyanatlarında diqqəti  iyun ayında Bakıda keçirilən Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat nazirlərinin görüşünə  yönəldərək  bildirdilər ki, bu,  çoxtərəfli əməkdaşlığın yeni formatıdır və bu əlaqələrin böyük perspektivləri var. Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Bir sözlə,  xalqlarımızın tarixi, ənənələri, mədəniyyəti  bütün sahələrdə daha sıx qarşılıqlı fəaliyyət göstərilməsini tələb edir. Birgə Bəyannamədə, həmçinin  Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib.”

YAP Xətai rayon təşkilatının sədri  tarixi Zəfərimizin reallıqları fonunda  yeni əməkdaşlıq formatlarının yaradılmasından, ikitərəfli və çoxtərəfli çərçivədə qurulan əlaqələrdə Azərbaycanın mövqeyinin möhkəmlənməsindən geniş bəhs edərək bildirib ki, Azərbaycan daim xarici siyasətində  qarşılıqlı  hörmət və maraq prinsiplərini öndə saxlaması, ən əsası heç bir dövlətin daxili işinə müdaxilə etməyərək belə müdaxilələri özü üçün də yolverilməz qəbul etdiyindən hər zaman dəyişməz mövqeyi ilə dünyanın diqqətində olub: “Bunu sübut etmək üçün tarixi Zəfərimizdən sonra türk dünyasının birliyinin, həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir.  Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı daim bu birliyin təcəssümü kimi diqqətə çatdırılır.  Ötən il  Qarabağın tacı  Şuşa Azərbaycan-Türkiyə qardaşlığının müttəfiqlik səviyyəsinə yüksəldiyini təsdiqləyən Bəyannamənin imzalanmasına şahidlik etdi. Azərbaycan və Türkiyə dost, qardaş ölkələr olmaqla yanaşı, eyni zamanda, müttəfiqdirlər. Bu gün isə həmin sıraya  Qazaxıstan da daxil oldu.  Azərbaycan və Qazaxıstan hazırda  eyni ab-havanı  yaşayır. İmzalanan Bəyannamə iki ölkənin strateji  tərəfdaşlığının  müttəfiqliyə yüksəldiyinə bələdçilik edir.”

Vüqar Rəhimzadə onu da əlavə edib ki, tarixi Zəfərimizin mühüm reallıqlarından  biri işğaldan azad edilmiş ərazilərimizdə  bərpa və quruculuq  işlərinə dost, qardaş ölkələrin dəstəyidir: “Səfər çərçivəsində Qazaxıstanın azad Qarabağımıza hədiyyəsinin təqdimatı xüsusilə diqqətçəkən oldu. Belə ki,  Azərbaycan və Qazaxıstan prezidentləri  Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış oldular. Bu mühüm addım Qazaxıstanda keçmiş azərbaycanlı məcburi köçkünlərin öz doğma ocaqlarına Böyük Qayıdışı prosesinə nə dərəcədə səmimi münasibət bəsləndiyini, bu problemin Qazaxıstan üçün də nə dərəcədə aktual olduğunu bir daha təsdiqlədi.  Bu təşəbbüsə görə Qazaxıstan Prezidentinə  minnətdarlığını bildirən  dövlət başçısı İlham Əliyev bunu dostluğun, qardaşlığın, həmrəyliyin təzahürü kimi dəyərləndirərək  bu əminliyi də  ifadə etdi ki,  qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi həm də Qazaxıstan-Azərbaycan dostluğu mərkəzi olacaq.”

Ümumilikdə Qazaxıstan Prezidentinin ölkəmizə rəsmi səfərinin məhsuldar olduğunu  xüsusi qeyd edən YAP Xətai rayon təşkilatının  sədri  bir daha vurğulayıb ki, ölkələrimiz arasında  diplomatik münasibətlərin  qurulmasının 30 ilini arxada qoyan Azərbaycanın və Qazaxıstanın  qarşısında əlaqələrin daha da inkişafı  üçün geniş imkanlar yaranıb: “Bir tərəfdən  ərazi bütövlümüzün bərpası ilə Qarabağ münaqişəsinin tarixə qovuşması, digər tərəfdən isə  2018-ci ildə Xəzərin hüquqi statusunun  müəyyənləşdirilməsi ilə bağlı Konvensiyanın imzalanması əlaqələrimizdə yeni səhifələr açır.   Azərbaycan  ilə Qazaxıstan  arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ın imzalanması da bunun təsdiqidir.” 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR