"Sahil" ticarət mərkəzində şiddətli yanğın: xəsarət alanlar var (Yenilənib, VİDEO, FOTOLAR)

img

12-03-2014 [10:16]


Bu gün səhər saat 10 radələrində "Sahil" ticarət mərkəzində güclü yanğın baş verib.

APA-nın məlumatına görə, ticarət mərkəzinin üçüncü mərtəbəsində qeydə alınıb.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub.
Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar.

Lent.az-ın məlumatına görə, Nərimanov rayon Yanğından Mühafizə Hissəsinin bir briqadası da hadisə yerinə cəlb edilib. Yanğının baş verdiyi binadan sakinlərin, ticarət mərkəzinin işçilərinin və Braziliyanın Azərbaycandakı səfirliyinin əməkdaşlarının təxliyəsi artıq başa çatdırılıb. İki nəfərə özünü pis hiss etdiyi üçün tibbi yardım göstərilib.
Təhlükəsizlik tədbirləri ilə əlaqədar binanın altında, metronun "Sahil” stansiyasının giriş-çıxışı müvəqqəti bağlanıb.

Musavat.com-un hadisə yerində olan reportyorunun verdiyi xəbərə görə, külək əsdiyi üçün yanğın daha da şiddətlənib və on ram etmək çətinləşib.Yanğın yerinə 8 yanğınsöndürən maşın cəlb edilib, ancaq onlardan cəmi bir neçəsi işləkdir. Yanğın əsasən binanın 3-cü mərtəbəsindədir.

Əməkdaşımızın dediyinə görə, binanın küçəyə baxan yanğın müəyyən dərəcədə lokallaşdırılsa da, binanın arxa tərəfindəki yanğın daha şiddətlidir: "Üstəlik, yelçəkər olub deyə yanğın ramedilməz şəkil alıb, artıq binanın üçüncü mərtəbəsinin 90 faizi yanıb. Mətbuat nümayəndələrini binanın arxa tərəfinə buraxmırlar. Ətrafdakı bütün ticarət və iaşə müəssisələri bağlanıb. Yanğınla mübarizə davam edir".

Reportyorumun saat 11.05-də verdiyi xəbərə görə, binanın hər iki tərəfində yanğın demək olar ki, söndürülüb: "Binanın tüstülənməsi davam edir. Yanğınsöndürənlər yanğın ocaqlarının yenidən alovlanmaması üçün tədbirlər görürlər. Hazırda "Sahil" metrostansiyası fəaliyyətini dayandırıb. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerinə gəlib və ümumi rəhbərlik həyata keçirir".

Musavat.com-un müxbirinin verdiyi xəbərə görə, binanın arxa hissəsində yanğın yenidən şiddətlənib və hələlik onu söndürmək mümkün olmayıb. Daha bir məlumata görə, binadan yanğın zamanı yüngül xəsarət almış bir əcnəbi vətəndaş çıxarıblar. Bildirilir ki, bu binada Argentina və Braziliya səfirliklərinin əməkdaşları yaşayırmışlar və onlar təxliyə ediliblər.

E. Mirzəyev APA-nın hadisə yerində olan əməkdaşına açıqlamasında hadisənin başvermə səbəblərinin hələlik məlum olmadığını deyib. Nazir müavini yanğının səbəblərinin araşdırmalardan sonra bəlli olacağını vurğulayıb.

"Sahil” Ticarət Mərkəzində baş verən yanğın zamanı 4 nəfər xəsarət alıb. ANS PRESS-in məlumatına görə, xəsarət alanlardan 2 nəfəri Polşa vətəndaşıdır. Yanğın zamanı təcili yardıma müraciət edənlərdən biri qadındır. Hələlik yanğın zamanı həkimə müraciət edənlərin kimliyi açıqlanmır.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən əmlumata görə, hazırda hadisə yerində həkim briqadaları növbə çəkir. Təcili yardıma bir nəfər müraciət edib. Müayinə zamanı məlum olub ki, həmin şəxs hadisə zamanı təşvişə düşüb. Bu səbəbdən həyəcanlanıb. Ona ilkin yardım göstərilib və vəziyyəti yaxşılaşıb.











Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA