Xalq artistinin ailəsini dağıdan qəzanı törədən şəxs rəis oğlu çıxdı -FOTO

img

15-03-2014 [13:34]



Bu gecə Bakının Suraxanı rayonu, Zığ yolu şossesində Azərbaycanın mahir tar ifaçısı, xalq artisti Ağasəlim Abdullayevin idarə etdiyi avtomobilin qəzaya uğraması ilə bağlı bəzi məqamlara aydınlıq gətirilib. Suraxanı rayonu Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Xalq artisti Ağasəlim Abdullayevin və ailə üzvlərinin olduğu maşınla toqquşan digər avtomobilin sahibinin kimliyi məlum olub.

Araşdırmalar zamanı müəyyən olub ki, A.Abdullayevin oğlu Vüqar Abdullayevin idarə etdiyi "VAZ 2106” markalı, 10 NB 466 dövlət nömrə nişanlı avtomobili vuran "Mercedes Galenvagen G55 AMG” markalı, 90 FE 007 nömrə nişanlı avtomobilin sürücüsü 1976-cı il təvəllüdlü Xalid Mübariz oğlu Mədətovdur. Aparılan araşdırmalar zamanı məlum olub ki, qəzanı törədən "Mercedes”in həddən artıq sərxoş olub.

Musavat.com-un araşdırmasına görə, Mübariz Mədətov ötən ilin oktyabrında ləğv edilən Xəzər Dəniz Neft Donanması İdarəsinin rəisi olub. Onun Dövlət Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin (DXDGİ) sabiq rəisi Aydın Bəşirovun oğlu İlşar Bəşirovun biznes ortağıdır. Mübariz Mədətovun adı ilk dəfə deyil qalmaqallarda hallanır. Ötən il avqustun 4-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları keçirdiyi xüsusi əməliyyat nəticəsində Xəzərdə Azərbaycana məxsus olan və qaçaqmal neft daşıyan "Naftalan” tankerini saxlayıb. Sonradan məlum oldu ki, oğurluq neft daşıyan tanker İlqar Bəşirov-Mübariz Mədətov ortaqlarına məxsusdur.

Qeyd edək ki, ötən gecə Bakının Suraxanı rayonu ərazisində, Zığ şossesində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hava limanı istiqamətində hərəkət edən "Mercedes" və "VAZ-2106" markalı avtomobillər toqquşub. "VAZ-2106”-ya çırpılan "Mercedes” aşıb və hadisə yerindən təxminən 200-250 metr aralıya düşüb.

Qəza nəticəsində xalq artisti, 1950-ci il təvəllüdlü Abdullayev Ağasəlim Sahib oğlu və ailə üzvlərinin olduğu avtomobil yüksək sürətlə hərəkət edən "Mercedes Galenvagen G55 AMG” markalı avtomobilin zərbəsinə tuş gəlib. Qəza nəticəsində, Xalq artistinin həyat yoldaşı, 1959-cu il təvəllüdlü Abdullayeva Brilliant Qulammirzə qızı və nəvəsi, 2008-ci il təvəllüdlü Abdullayev Ağasəlim Vüqar oğlu hadisə yerindəcə keçinib. Xalq artisti Ağsaləlim Abdullayev, avtomobilin sürücüsü, onun oğlu Vüqar Abdullayev və 30 yaşlı gəlini Abdullayeva Səadət Ziyafəddin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xalq artistinə qapalı kələ-beyin travması diaqnozu qoyulub. Yaralıların vəziyyəti orta ağırdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA