Zahid Oruc MM-də media ilə bağlı layihənin detallarını izah etdi: "Yeni addımların atılacağı gözlənilir" - VİDEO
14-12-2021 [16:15]
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Media haqqında” yeni qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Mia.az-ın xəbərinə görə, iclasda çıxış edən deputat Zahid Oruc deyib ki, "Media haqqında” qanun layihəsi Parlamentdə 50-yə qədər mətbuat rəhbəri və iki Komitənin iştirakı ilə birgə müzakirə olunub:
"Bu müzakirələrə göstərdiyiniz dəstəyə, dəyərli tövsiyyələrə və daimi diqqətə görə sizə öz təşəkkürümüzü bildiririk. Belə münasibət dövlətin yeni media siyasətinə Milli Məclis rəhbərliyinin verdiyi yüksək töhfədir.
Hörmətli Əli Hüseynlinin moderatorluğu ilə keçirilən 3 saatdan çox davam edən ictimai dinləmələrdə 32 media təmsilçisinin açıq, sərbəst fikir mübadiləsi, maraqlı rəy və təklifləri, sonrakı günlərdə öz mövqelərini parlamentə çatdırması layihənin ümummilli əhəmiyyətini bir daha sübut edir.
Hörmətli millət vəkilləri, bəşəriyyət tarixində kütləvi informasiya vasitələrinin insanlığa təsiri heç vaxt indiki qədər olmayıb.Böyük Sənaye inqilabının gətirdiyi iri çap maşınları, makina, faks və surət aparatları ötən əsrdə radio, qəzet, jurnal, televiziyalarla əvəzləndi, əsrin sonlarında isə internet və rəqəmsal inqilabın gətirdiyi dəyişikliklər informasiyalı insanın mürəkkəb portretini yaratdı.
Əgər klassik medianın vəzifəsi kütləvi savadsızlığa son qoymaq, maarifçiliyi, mədəni müxtəlifliyi təbliğ etmək idisə, indi biz ictimai həyatın bütün sferalarına nüfuz edən, bəzən infodemiya, informasiya və neyron müharibələri adlandırılan, offline, yoxsa “on-line insan”-virtual insan sualları qarşısındayıq.
Söz və mətbuat azadlığı uğrunda minlərlə adam öz həyatını qurban verdiyi halda, indi bəşəriyyət Corc Oruelin təsvir etdiyi kimi böyük televizordan - qlobal monitorlardan, smart qurğuların dinləmə və müşahidə kameralarından özünü qorumağa çalışır. İnformasiya defisiti terminini indi keyfiyyətli, faydalı və düzgün informasiya əldə etmək əvəzləyib.Göründüyü kimi, qlobal media mühiti kəskin tranformasiyaya uğrayıb.
Biz birgə Komitə iclasında xüsusi vurğuladıq ki, prezident İlham Əliyev 2019-cu ildə Yeni Hakimiyyət quruculuğu çərçivəsində media məkanında hökm sürən vəziyyəti kəskin tənqid edərək, mətbuat və kütləvi kommunikasiya sahəsində mühüm dəyişikliklərə imza atdı, bir sıra məsul şəxslər əvəzlədi, Administrasiya tərkibində yeni şöbə və Medianın İnkişafı Agentliyini yaratdı.
Ölkə başçısı 3 il əvvəl dövlətin informasiya siyasətinə qiymət verərkən onun üçün “dözülməz” adlandırdığı mətbuatın durumu haqda belə dedi-sitat:”Mətbuat bir növ daxili mübarizə vasitəsinə çevrilib.Bir hökumətin bəzi üzvləri digərləri tərəfindən şantaj edilir”.Göründüyü kimi, xarici mərkəzlərin ölkəmiz əleyhinə apardığı sistemli informasiya hücumlarına çevik olmayan daxili kommunikasiya siyasəti, müxtəlif səviyyəli media savaşları da əlavə olunmuşdu.Belə şəraitdə dəyişikliklər qaçılmaz idi.
Vətən müharibəsi göstərdi ki, mətbuat və informasiya siyasəti hərbi meydandakı əməliyyatların davamıdır. Bir müqayisə deyək:44 günlük müharibədə biz Xüsusi Təyinatlı qüvvələrin həlledici rolundan qürurla danışırıq. Obrazlı desək, həmin Prezident İlham Əliyev öz ölkəsinin Bir Nömrəli İnformasiya Xüsusi təyinatlısı oldu!
Döyüş meydanlarında çiyin-çiiynə savaşan iki qardaş ölkənin mediası Zəfərdən sonra Azərbaycan-Türkiyə vahid media platformasını yaradanda cənab Ərdoğan tarixi bir ifadə söylədi.
O, dövlətlərin suverenliyinin fiziki sərhədlərdən çox rəqəmsal məkanda hücuma məruz qaldığını, “Vətənimizin müdafiəsini genişləndirib, rəqəmsal dünyadakı "kibervətənimizi" də qorumalıyıq”, - deyə bildirdi.Bəli, ölkələrin suverenliyinin artıq rəqəmsal terror və hücuma məruz qalması hər bir dövləti, o cümlədən Azərbaycanı özünün informasiya məkanını qorumağa vadar edir".
Deputat daha sonra deyib ki, bu baxımdan, 5000-dən rəsmi qeydiyyatdan keçən KİV-in, 40-dək gündəlik, 200-dən çox həftəlik və aylıq qəzet-jurnal və digər media nümunələri, 300-ə yaxın xəbər və analitik internet saytı, 20-yə yaxın informasiya agentliyi, bölgələrdə 100-ə yaxın media subyektinin fəaliyyət göstərdiyi Azərbaycanda 11 ümumrespublika, 4 peyk, 11 regional və 49 kabel televiziyası, 25 internet televiziyası, 11 radio, Naxçıvanda 2 televiziya, 2 radio, 9 qəzet, 1 jurnalın nəşr olunduğu, mətbuat yayımını həyata keçirən müstəqil 23 kommersiya şirkətlərinin varlığı şəraitində yeni “Media qanun”u layihəsini müzakirə edərkən bir neçə məqam nəzərə alınmalıdır:
"- Bir çox rəylərdə keçmişlə paralellər aparılır, mənfi ənənələrin davam etdirilməsi üçün hüquqi zəmin hazırlandığı iddia edilir. İstərdik, bildirək ki, əsla belə bir məqsəd yoxdur, çünki ondan ötrü qanunvercilikdə dəyişikliyə ehtiyac qalmazdı. Dövlət medianın problemlərini hazırda keçirilən məhkəmə prosesi ilə qəbul edir və uğurlu dəyişikliklər davam etdirməyə çalışır.
- Yeni qanun medianın texniki, təşkilati, sosial və peşəkar fəaliyyətləri ilə bağlı bütün problemləri həll etməyə iddialı deyil, lakin ondan ötəri mühüm hüquqi bazadır və qarşıdakı aylarda dövlətimiz tərəfindən medianın inkişafı ilə bağlı yeni addımların atılacağı gözlənilir.
- Media strategiyası və konsepsiyanın qəbul olunmasını qanun layihəsi ilə eyni vaxtda gözləyənləri yaxşı başa düşürük, lakin hazırda hüquqi bazanın yenilənməsi həmin sənədlərin də qəbulunu mümkün edəcəkdir.
- Azərbaycan media sahəsində beynəlxalq reytinqlərin hansı siyasi məqsədlərə xidmət etdiyini yaxşı bilir, lakin bununla belə dövlət KİV sahəsində beynəlxalq əlaqələrdə yeni səhifə açmağa hazırdır.
- Layihədə ifadə azadlığına, İnsan haqlarına dair Avropa konvesiyasının təməl prinsiplərinə, xüsusilə 10-cu maddəsinə zidd hər hansı hüquqi qadağalar, “azad mətbuat” əleyhinə gizli və dolayı normalar nəzərdə tutulmayıb, əksinə dövlət medianın inkişafında və güclənməsində maraqlıdır.Zəif mətbuat daim informasiya idxalından asılılıq yaradır və milli informasiya məkanın işğalına səbəb olur.
- Biz, əlbəttə Avropa İnsan Hüquqları Məhkəməsinin ilk dəfə Azərbaycanda informasiya əldə edilməsi hüququnun pozulmasına dair qərarından təəssüflənirik, lakin informasiya almaq hüququna dair müddəlar layihədə geniş əksini tapıb.
- 14-cü maddənin dairəsinə aid edilən “yayımlanan informasiyaya dair tələblər” indiyədək mövcud olan müxtəlif qanunların ümumiləşmiş formasıdır.Əvvəlki qanunların tənzimləmədiyi sahələri qanunvericiliyə gətirməkdə məqsəd münasibətlərə hüquqi xarakter verməkdir, bütün mətbuatı vahid bir əldə cəmləmək istəyi deyil.Hazırki kommunikasiya inqilabı şəraitində bu faktiki heç mümkün də deyil.
- Layihə sosial medianı, youtube kanallarını, bloqosfer və digər platformaları tənzimləmir, ona görə də Azərbaycan dövlətini internet resurlarında bütün növ fəaliyyətlərə məhdudiyət niyyətində günahlandırmaq yanlışdır.
- İnternet televiziyalarını məcburən lisenziyalaşdırmaq, yaxud efir məkanına senzura tətbiq etməyə dair hazırki sənəddə hər hansı müddəa yoxdur. Kiçik vaxt rejimində fəaliyyət aparan internet audiovizual resursların qanunun qəbul olunduqdan sonra da fəaliyyəti olduğu kimi davam edəcək, üstəlik dövlətin məramı iqtisadi, sosial, vergi və digər xarakterli güzəştlərlə onları inkişaf etdirməkdir.
- Ali təhsili olmayan şəxslərin Media reyestrinə alına bilməyəcəyi və vəsiqə ilə təmin oluna bilməzliyi müddəası diksriminasiya niyyəti güdmür, çünki bu şərt istənilən dövlət qulluğu və hər hansı vəzifənin tutulmasına dair digər sahələrdə mövcud olan meyarlara oxşardır, lakin dövlət mediatəhsili və media peşəkarlığının artırılması üçün öz güclü məramını bəyan edir və proqramları ilə o sahədə güclü təhsilli media ordusu formalaşdırmaq niyyətindədir.
- Nəhayət, qanun layihəsində iştirak edən hər bir dövlət rəsmisi, o cümlədən Milli Məclis rəhbərliyi layihənin daha da təkmilləşdirilməsi üçün açıq və intensiv görüşlərə hazır olduğunu növbəti dəfə bəyan edir".
Deputatın sözlərinə görə, mahiyyətinə gəldikdə isə, hazırki “KİV haqqında qanun” son 22 ildə 79 dəfə dəyişikliyə uğrayıb:
"Televiziya və Radio yayımına dair bir sıra ölkələrdə vahid qanunvericilik aktı mövcuddur, ona görə də indi müzakirəyə çıxarılan layihə qəbul olunandan sonra istər “KİV haqqında”, istərsə də “Televiziya və Radio yayımı haqqında” qanunlar qüvvədən düşəcək və hazırki layihə bu sahədə hüquqi münasibətləri tənzimləyən əsas qanuna çevriləcək.
Layihə 9 fəsil 78 maddədən ibarətdir. İlk fəsildə, qanunun tətbiq dairəsi müfəssəl şərh olunub Azərbaycan Respublikası ərazisində təsis olunan media subyektlərinə, redaksiyalara və onların məhsullarına, eləcə də sərhədlərimizdən kənarda olan və fəaliyyəti respublikamıza yönələn media subyektlərinə, jurnalistlərə və xarici medianın yalnız ölkəmiz daxilində yayılan hissəsinə qanunvericilik şamil ediləcəyi göstərilib.
Layihədə media subyektlərinin dəqiq siyahısı müəyyənləşib: çap və on-line, audiovizual və informasiya agentlikləri bu layihənin tənzimlədiyi sahələrdir.
Mühüm məsələlərdən biri media subyekti sayılmaq üçün tələblərə aiddir. Ona görə də media subyektinə çevrilmək hüququ informasiya təhlükəsizliyini nəzərə alaraq, əgər təsisçi fiziki şəxs olarsa, onun Azərbaycan respublikasında daimi yaşayan vətəndaş olması, əgər hüquqi şəxsdirsə, o zaman nizamnamə kapitalında 75 faizlik üstün iştirak payı ölkəmizdə daimi yaşayan vətəndaşlara və ya qeydiyyatdan keçən hüquqi şəxslərə mənsub olması layihədə özünə yer alıb. Xüsusi olaraq, copy-past jurnalistikasının, intellektual mülkiyyət məhsullarının açıq-aşkar oğurluğunun qarşısının alınması üçün informasiyadan istifadənin qaydaları layihədə ətraflı əksini tapıb".
Zahid Oruc əlavə edib ki, prinsipial məqamlardan biri media subyektlərinin reyestrinin vahid qurumda aparılmasıdır:
"Onsuz da ölkəmizdə müxtəlif sahələrdə reyestrləşmə aparılır və bu, bir tərəfdən etibarlı Vahid Məlumat Bazasının, milli mətbuatın dürüst tarixinin formalaşmasına xidmət edir, digər tərəfdən münasibətlərə hüquqi xarakter verir və müxtəlif sosial, iqtisadi, yaxud digər imtiyazların əldə olunmasına zəmin yaradır, formal uçotdan daha etibarlı reyestrə keçməyə və şəhadətnamə almağa kömək edir. Reyestrdə yer alan jurnalistlərə vəsiqənin verilməsi də məhz həmin tələbdən irəli gəlir. Daha da aydınlıq üçün deyək ki, reyestrdə olmayan media təmsilçilərinin jurnalist sayılmayacağı haqqında heç bir müddəa yoxdur, olması da gözlənilmir.
Jurnalist vəsiqəsinin alınmasına dair meyarlar beynəlxalq təcrübədə özünü göstərən prinsiplərə tam uyğundur.
Ən başlıcası, jurnalistin azad fəaliyyəti üçün müddəlar say və əhatəlilik baxımından indi daha genişdir. Lakin biz istərdik ki, Hökumət jurnalistlərə ictimai nəqliyyatdan pulsuz istifadəni, sosial ipoteka və vergi güzəştlərinə dair təklifləri də qəbul etsin. Söhbət büdcə yükü heç 1 milyona çatmayan məbləğdən gedir, lakin medianın qanuni maliyyələşməsi və onun dayanqılı iqtisadi bazasının yaradılması üçün həm dövlət maliyyələşməsinin şəffaf, açıq və hesabatlıq aparılması tələb edilir, həm də özəl investisyanın bu sahəyə qoyulmasını təşfiq edir.
Hörmətli sədr, sonda bir daha vurğulamaq istərdik ki, çıxışımda 1-ci oxunuşda səslənən suallara aydınlıq gətirməyə çalışdıq, lakin millət vəkillərin müzakirələr zamanı söylədikləri hər bir səmərli ideya və təkliflər işçi qrupda dərindən öyəniləcək, hər birinə həssas münasibət göstəriləcək.
Ümidvarıq ki, millət vəkilləri layihəyə dəstək verəcəklər".
Mia.az
Avropa Liqası: "Fənərbağça" ilk 8-liyə qalma fürsətini qaçırdı
Türkiyə futbolunda mərc oyunu: daha 103 menecer cəzalandırıldı
Rusiya hərbi təyyarəsi Suriyaya gəldi - Moskva nə etmək istəyir?
Bloger ölkədən qaçdı: "Polis qorxusuyla hər gecə..."
Ukrayna prezidenti Davosda: "Avropa gələcəyi müzakirə etməyi sevir, amma..." - Avropa qorxmamalı, daha cəsaərtli olmalıdır!"
CHP sədri Baxçalıya səsləndi: "Böyüklük elə, raconu kəs!"
Zelenski ABŞ-Rusiya-Ukrayna heyətlərininin görüşəcəyini açıqladı - "Putin niyə mühakimə olunmur?"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qazaxıstan Sülh Şurasına maliyyə haqqı ödəmədən qoşulub
Məşhur YAP-çı parlamentə çağırış etdi: "Bəzi şərəfsizlər..."
Prezident İlham Əliyev Davosdan bu görüntüləri paylaşdı - VİDEO
Prezident və ailə üzvləri Donald Trampla rəsmi görüşdə - FOTOLAR
Rəsmi Moskva: "Fransa ilə münasibətlərin bərpası mümkün görünmür"
Zaxarova: "Rəsmi Tehran bununla dağıdıcı planı pozdu"
Rusiya XİN: "ABŞ-ın Rusiya vətəndaşlarını buraxmaması..."
Kamran Əsədov yenidən hakim qarşısında: Şahidlər nə deyir? - Ekspert barədə polisə növbəti şikayət olunub
Polis əməliyyatı: iki nəfər 46 kq marixuana ilə qandallandı - VİDEO
Şərurlu İsfəndiyarın restoranında kütləvi dava: iş adam və bloger ətrafı kimə hücum çəkib? - FOTOLAR
Qanunsuz mərc reklamı: klub prezidenti aylıq gəlirini açıqladı
Acun Ilıcalının biznes şəriki qandallandı - Hava limanında
Məmməd Alpayın məhkəməsi başlayıb
Ermənistan Sülh Şurasına necə qoşulub? - XİN açıqladı
Prezidentin adından saxta açıqlama yayılıb - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Edin Dzeko "Şalke"yə keçdi - 16 oyunluq müqavilə imzalanıb
"Rəşidsevərlərdən üzr istəyirəm" - Şərif Ağayar
İsrail ordusu Qəzza zolağını bombalayıb
Türkiyə Mərkəzi Bankı faiz və kredit dərəcələriylə bağlı qərar verib - Bir faiz geri çəkildi
ABŞ Kuba ilə bağlı müdhiş plan hazırlayıb - "Ölkə rəhbərliyi ilin sonuna qədər dəyişəcək"
80 yaşlı Misir Mərdanov israrla inkar edirdi, lakin... - Sabiq nazir Ramiz Mehdiyevin arvadının vəzifəsinə "əyləşdi"
Sahil Babayev mərkəz rəhbərini vəzifədən azad etdi - Yeni təyinat
Kamran Əliyev prokurorları topladı - Korrupsiya ilə bağlı əməliyyat müşavirəsi keçirilib
ƏRDOĞANIN OĞLUNA VARİSLİKLƏ BAĞLI SUAL VERİLDİ: "Anam ərəb kökənlidir, evdə..." - VİDEO
SƏHİYYƏ SİSTEMİNDƏ DƏYİŞİKLİK: onkoloji xəstələr özəl klinikalarda da pulsuz müalicə alacaq
Prezident Davosda - İlham Əliyev "Sülh Şurası"na üzvlüklə bağlı sənədi imzaladı - VİDEO, FOTOLAR (Yenilənib)
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
Almaniyada 250 kq bomba aşkarlanıb
İmişlidə ikimərtəbəli ev yanıb
Sabah hava necə olacaq? - PROQNOZ
"Qarabağ"ın cibi yenə pulla doldu