DEPUTATDAN MAAŞDAN TUTULMANIN ARTMASINA REAKSİYA: "Bir ölkədə 6-7 səhiyyə qurumu ola bilməz "Tibbi sığortanın tətbiqinə olan gözləntilər özünü doğrultmayıb"

img

08-12-2021 [15:30]


“Tibbi sığorta haqqında” qanuna ötən il edilmiş dəyişikliklərə görə, 2022-ci ildən etibarən qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8.000 manata qədər olan hissəsindən 2 faiz icbari tibbi sığorta haqqı tutulacaq. Hazırda isə bu məbləğ cari ilin yanvarın 1-dək 1 faiz həcmindədir.

Məsələn, 1000 manat rəsmi maaş alan vətəndaş 1 faizlə 10 manat icbari tibbi sığorta pulu ödəyirdisə, gələn aydan bu məbləğ 20 manat təşkil edəcək.

Sığorta haqlarının artırılması ilə bağlı məsələnin gündəmə gəlməsi ölkədə bir müddətdir tətbiq edilən icbari tibbi sığorta sistemində mövcud olan çətinlikləri bir daha yada salıb. Əksər vətəndaşlar dövlət xəstəxanalarına müracət edən zaman istədikləri xidməti ala bilməməkdən hələ də gileylənirlər. Bəzi xəstəxanaların, ümumiyyətlə, texniki avadanlıqlarla təchiz olunmadığını, yaxud təchiz olunduğu halda belə mütəxəssislərin olmadığını vurğulayırlar. Bir qisim təbəqəni isə bir sıra xəstəxanalarda mövcud olan sanitar-gigiyenik şərait qane etmir. Buna görə də özəl xəstəxanalara müraciət etməli olurlar. Vətəndaşlar dövlət xəstəxanalarında xidməti ala bilmədikdə özəl xəstəxanalara sığorta ilə müraciətin daha əlçatan olmasını arzulayır. Hazırda mövcud olan prosedur şərtlərinə görə isə bu mümkün deyil.

Mütəxəssislər də həmçinin ölkənin səhiyyə sistemində olan və əhalini narazı salan problemlərin heç də yeni olmadığını dəfələrlə çıxışlarında vurğulayıblar. Bu problemə parlamentin iclaslarında deputatlar tərəfindən də dəfələrlə toxunub. Deputatlar da seçicilərindən aldıqları şikayətlərə əsasən bildiriblər ki, pasiyentlər üçün əlçatanlıq təmin edilməlidir, xidmətlər zərfinin siyahısı mütləq genişləndirilməlidir. Həmçinin tez bir vaxtda ölkədə dərmanların qiymətinin baha olmasını nəzərə alıb dərman təminatının sığorta zərfinə daxil edilməsini təklif ediblər.

Qeyd üçün bildirək ki, hazırda xidmətlər zərfinə daxil olan, dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərin göstərilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin sayı 19-dur. İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir. Belə ki, vətəndaş qeydiyyatda olduğu ərazi üzrə dövlət tibb müəssisəsinə müraciət edir, həmin tibb müəssisəsində Xidmətlər Zərfi çərçivəsində ona lazım olan tibbi xidmətin göstərilməsi mümkün olmadıqda müqaviləli tibb müəssisəsinə göndəriş verilir.

Vətəndaş TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisəsi tərəfindən ona verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlanır. Bu halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilir.Vətəndaş göndəriş vərəqəsi olmadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir.

Yuxarıda sadalanan mövcud problemlərlə bağlı “Qafqazinfo”ya açıqlama verən deputat Razi Nurullayev bildirib ki, icbari tibbi sığortanın Azərbaycanda tətbiqinə olan gözləntilər özünü doğrultmayıb:

“2016-cı ildən tətbiq olunan bu sistem dörd fərqli rayonda pilot layihə kimi həyata keçirildi ki, bütün çatışmazlıqlar görünsün və aradan qaldırılsın. Amma belə görünür ki, bu 4 il ərzində çox işlər görülsə də, əsas məsələlər həll olunmamış qaldı. Mənim icbari tibbi sığortanın tətbiqi ilə bağlı o qədər narazılığım var ki, onların hamısını çox kəskin şəkildə dilimə gətirə bilərəm. Ona görə onları demirəm ki, 2 il ərzində pandemiyanın ortaya düşməsi bütün fokusları ancaq onların üzərinə yönləndirdi.

Amma bu gün məsələ burasındadır ki, xəstəxanaların özü və həkimlər də icbari tibbi sığortanın tətbiqini tənqid edir. Hərçənd biz qanunu qəbul etdik, ideya ondan ibarət oldu ki, həkimlər indi daha çox qazanacaq. Amma həkimlər isə deyirlər ki, onlar aylarla əmək haqlarını ala bilmirlər. Bildirirlər ki, əvvəllər daha çox qazanırdılar, indi isə aclıqdır. Onun üçün də əlində sığorta göndərişi ilə gələn xəstəyə münasibət mənfidir. Kim göndərişlə gəlirsə, həkimlər az qala ona nifrətlə baxırlar. Bu, doğrudan da belədir. Mən belə halların şahidi də olmuşam.

Şəxsən özüm millət vəkili olsam da, bu yaxınlarda xəstəxanaya müraciət etdim. Amma sığortadan istifadə etmədim. Başqa bir özəl xəstəxanada xeyli xərcim çıxsa da, dövlət xəstəxanasına getmədim. Bəlkə də dövlət xəstəxanasına müraciət etsəydim, deputat olduğuma görə başqa münasibət görərdim. Bir çox insanlar da mənim yanıma şikayətə gəlir və deyir ki, xəstəsi var, onları dövlət xəstəxanasına yönləndirirəm, ancaq gəlib deyir ki, o xidməti ala bilmir. Mən buna görə xəstəxanaları və həkimləri də günahlandırmaq istəmirəm. Dövlət xəstəxanaları qeyd edir ki, təchizat və resurslar yoxdur”.

Millət vəkilinin sözlərinə görə, əksər ölkələrdə sığorta sisteminin tətbiqi ilə bağlı ağır şəraitlər yaşanıb:

“Amma məsələ burasındadır ki, həmin ölkələr o məşəqqətli dövrü yaşayıb qurtardı. Bizim imkanımız var idi ki, onların keçdiyi yolu öyrənib yaşadıqlarını bilək və vaxtında məsələləri həll edək. Demək ki, bizdə ya maliyyə problemləri, ya da resurslar düzgün qurulmadı. Ən azı qonşu Gürcüstan bunu 10 ildir ki, uğurla tətbiq edir. Azərbaycanda Gürcüstan vətəndaşları yaşayır. Onlar müalicə üçün Gürcüstana gedir, xidmətlərini də yaxşı şəkildə alıb gəlirlər. Bu məsələ, açığı, məni çox üzür. Öz dövlətimi, hökumətimi də bu şəkildə görmək istəmirəm. Nə üçün biz neft-qaz ölkəsi ola-ola bunu tətbiq edə bilmirik? 1999-cu ildən Prezidentin fərmanı var ki, ölkədə icbari tibbi sığorta olsun. Üstündən 21 il keçib. Bu 21 ildə biz bunu qura bilmədiksə, ya zəif hökumətik, ya da zəif xalqıq. Ya da ki, bu sahədə bərbad vəziyyət hökm sürdü.

TƏBİB-də artıq yeni rəhbər var. Onunla telefon əlaqəsi saxlamışam. Baxıram ki, onlar əlindən gələni etmək istəyir. Amma hələ də problemlər qalır. Bir məsələ də ondan ibarətdir ki, bir ölkədə 6-7 səhiyyə qurumu ola bilməz. Bu gün Azərbaycanda Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta Agentliyi, müxtəlif nazirliklərin özlərinin baş tibb idarələri var. Nazirlər Kabinetində humanitar şöbə var. Onun da səlahiyyətlərinə tibb məsələləri ilə məşğul olmaq daxildir. Prezident Aparatında da belə bir şöbə var. Təbii ki, bütün bu qurumlar bir əldə olmalıdır. Bu şəkildə dağınıqlıq tibb sistemində idarəçiləyə maneə törədəcək”.

R. Nurullayev həmçinin vətəndaş xidmətdən yararlana bilmədiyi halda onun ödədiyi vəsaitlərin taleyinin necə olması barədə məsələyə də reaksiya verib: “Biz bu ödənişləri bir neçə müddətdir ki, edirik. Üstündən bir müddət keçəndən sonra bunun səsi çıxacaq. Əgər insanlar xidməti ala bilməyəcəksə, narazılığını ortaya qoyacaq ki, pulu niyə ödəyirlər? Ancaq həqiqət naminə demək lazımdır ki, 19-a yaxın özəl tibb müəssisəsi də sığorta zərfinə əlavə edilib. Təəssüflər olsun ki, bu gün xəstələr üçün xəstəxana seçmək imkanı zəifdir. Vətəndaş müxtəlif prosedurlardan keçməlidir ki, istədikləri xəstəxanaya müraciət etsin. Ancaq təbii də qəbul etmək lazımdır ki, bu gün bütün seçimi vətəndaşların üzərinə buraxsaq, onların hamısı özəl xəstəxanalara getmək istəyəcək və oradakı növbələr 5-6 kilometr olacaq. Bunun üçün də tibb müəssisələrinin keyfiyyəti, xəstəxanaların maddi-texniki təminatı yaxşılaşdırılmalıdır. Elə xəstəxanaya gedirsən ki, deyir, məndə o aparat yoxdur. Rayonların özündə də xəstəxanalarının maddi-texniki təminatı yaxşı olmalıdır ki, insanlar regiondan Bakıya gəlməsinlər. Lazımdısa hökumət büdcədən tibb işçilərinin kvalifikasiyasını artırmaq üçün onları müxtəlif ölkələrə göndərməlidir ki, bu aparatları həmin tibb işçiləri işlədə bilsin. Gedirsən deyir ki, məndə bu analiz, bu aparat yoxdur. Mən bunu edə bilmərəm. Başqa yerə gedirsən deyir ki, növbə var, buna görə də pulla edir. Ümumilikdə isə sığorta sistemində qarışıqlıq var. Bütün xəstəxanalar eyni xidməti göstərə bilsə, bu cür ajiotaj olmaz".

Deputat qeyd edib ki, tibb xərcləri heç vaxt kifayət etmir: "Vətəndaşlar üçün ayrılan illik 90 manat məbləğ 200 manat olsa, yenə də onun artırılmasına ehtiyac olacaq. Çünki xəstəliklərin sayı artır. Bu məsələni aidiyyəti qurumlar müzakirə edib hökumət qarşısında qaldırmalıdır. Məbləğin azlığına görə xidmət zərfinə daxil olan xəstəliklərin, avadanlıqların sayını artıra bilmirik. Onsuz da Azərbaycan insanın qazanclarının çox hissəsi xəstəxanaya gedir.

İnsanları burada narahat edən məsələ əmək haqlarından 1, ya 2 faiz sığorta haqqının tutulması yox, verdikləri pula görə xidməti ala bilməmələridir. Əgər yaxşı xidmət ala bilsələr, nəinki 2 faiz, daha yaxşı xidmət almaq üçün daha çox ödəməyə hazır olduqlarını bildirərlər. Bir ürək əməliyyatına 10 min verməkdənsə, bəri başdan maaşdan aybaay tutulmağa razı olarlar. Bu zaman vətəndaş da təbii ki, narazı qalmaz”.

Xatırladaq ki, 2020-ci ilin yanvarın 1-dən icbari tibbi sığortanın ölkəboyu mərhələlərlə tətbiqinə başlanılıb və 2021-ci ilin aprelin 1-dən icbari tibbi sığorta bütün ölkə ərazisini və bütün vətəndaşları əhatə edir. Yanvarın 1-dən isə icbari tibbi sığorta haqlarının toplanmasına başlanılıb.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR