Əkrəm Əylisli “Human Rights Watch”un hesabatında

img

21-01-2014 [16:46]


Beynəlxalq "Human Rights Watch” təşkilatı 2014-cü ilin ilk hesabatını açıqlayıb. 2013-cü il üzrə dünyanın 90-a yaxın ölkəsində insan hüquq və azadlıqlarını dəyərləndirən budəfəki hesabatda Azərbaycanda ifadə, sərbəst toplaşma azadlığının il ərzində kəskin şəkildə pisləşdiyi qeyd olunur.

Hesabatda qeyd olunur ki, hakimiyyət onlarla siyasi fəalı saxta ittihamlarla həbsə atıb, tənqidi əhval-ruhiyyəli jurnalistləri tutub, bir neçə dinc ictimai nümayişlər dağıdılıb və fundamental azadlıqları məhdudlaşdıran qanunvericilik qəbul edilib. Və bütün bunların 2013-cü ilin oktyabr seçkilərində prezident İlham Əliyevin 84,5 faiz səs çoxluğu ilə üçüncü müddətə seçilməsi fonunda baş verdiyi qeyd olunur. Hesabatda, həmçinin paytaxt Bakının yenilənməsi ilə əlaqədar yüzlərlə ailənin adekvat kompensasiya ödənilmədən evlərindən çıxarıldığı, onlara qarşı işgəncə və pis rəftarın qaldığı bildirilir. "Human Rights Watch” ötən ilki seçkiləri də dəyərləndirib.

Qeyd edilir ki, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından olan (ATƏT) beynəlxalq müşahidəçilər beynəlxalq standartlara cavab vermədiyini əsas gətirərək prezident seçkilərini tənqid ediblər. Seçki məntəqələrinin 58 faizində səslərin sayılması pis və ya çox pis kimi qiymətləndirildiyi xatırladılıb. Həmçinin müxalif siyasi fəalların həbsi, mediada məhdudlaşdırıcı ətraf mühitin yaradılması, toplaşmaq azadlığının pozulmasının seçkiqabağı təşviqatı zədələdiyi qeyd olunur. Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin beynəlxalq müşahidəçilərinin daha az tənqidi mövqe nümayiş etdirdikləri vurğulanıb.

Hesabatda bildirilir ki, ötən il hökumət narkotik, silah saxlama, dövlətə xəyanət kimi bir sıra yalan ittihamlarla siyasi fəalları həbs etdirib. Onların arasında REAL hərəkatının sədri İlqar Məmmədov, Müsavat partiyasının sədr müavini Tofiq Yaqublu, Müsavat başqanının müşaviri Yadigar Sadıqov, gənc fəal İlkin Rüstəmzadənin, eyni zamanda blogger Rəşad Ramazanov, ilahiyyatçı Taleh Bağırov, gənc fəal Daşqın Məlikovun adı çəkilir. Media azadlıqlarına toxunulan hesabatda ötən il parlament tərəfindən xüsusilə internetdə böhtan və təhqir yönümlü materiallara görə cəzaların sərtləşdirilməsi ilə bağlı qanun qəbul edildiyi vurğulanıb.

Bundan başqa, son romanından sonra yazıçı Əkrəm Əylisliyə qarşı kampaniya aparıldığı bildirilib. Qeyd olunub ki, müasir Azərbaycan tarixinin tənqid olunduğu romandan sonra prezidentin sərəmncamı ilə ona verilən "Xalq Yazıçısı” titulu və təqaüdü əlindən alınıb. Həmçinin həyat yoldaşının və oğlunun işlərindən azad olunduqları qeyd olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA