Mübariz Mənsimovun adı Türkiyədəki həbslərə qarışdı

img

10-01-2014 [13:04]


Türkiyədə 17 dekabr həbslərindən sonra rüşvət çetesinin Azərbaycanda da uzantısının olması barədə iddialar səsləndi. Sədərək gömrük xidmətinin rəisi Mirməhəmməd Seyidovun həbsi bu iddiaların səbəbsiz olmadığını göstərdi.

Ölkə mediasında İran azərbaycanlısı Rza Zərrabın əsas fiqurantı olduğu cinayət işində deputat Cavanşir Paşazadənin(Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qardaşı)və Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimovun da adının hallandırılması qarşı tərəfdə sərt reaksiya doğurdu.

Deputat Cavanşir Paşazadə bu iddiaları təkzib edərək qəzetləri məhkəmə ilə hədələdi. Deputat sözügedən açıqlamalarında M.Mənsimovun da müdafiəsinə qalxmışdı. "”Palmali" Şirkətlər Qrupunun da bu çirkin işdə adını hallandırırlar. Türkiyə hüquq-mühafizə orqanları bir il ərzində təhqiqat aparıblar və cinayətkarları həbs ediblər. Əgər Mübariz Mənsubovun bu cinayətlərə aidiyyəti olsaydı, onu da həbs edərdilər. Ona görə də azərbaycanlı iş adamına bu cür böhtan atmaq düzgün deyil" deyə, deputat bildirmişdi.
M.Mənsimov da iddialara münasibət bildirərək rüşvət və qaçaqmalçılıqla bağlı saxlanılanlar barəsində istintaq aparıldığını demişdi:"Əlbəttə ki, bunun Türkiyə üçün çox neqativ təsirləri var. Türkiyə iqtisadiyyatı 638 milyard türk lirəsi itirir. Nəticədə bu, hər kəsin cibindən çıxan puldur. Mən eşitməmişəm ki, bu məsələdə bir azərbaycanlı iş adamının adı çəkilsin. Rza Zərrabı mən ümumiyyətlə tanımıram. Heç bir iş ortağım olmayıb, ola da bilməz”.


Qeyd edək ki, azerinfo.org saytı Türkiyədəki qaynaqlara istinadən belə bir xəbər də yaymışdı ki, M. Mənsimovu həbs dalğasından qurtaran onun iş ortağı olub. Belə ki, əməliyyat haqda hələ aylar öncə camaatın "ağır toplarından” sayılan, M.Mənsimovun şəriki İhsan Kalkavan xəbərdar olub:"Türkiyə vətəndaşlığı alarkən, onun işlərini yoluna qoyan və Türkiyə Daxili İşlər Nazirliyinin bu vətəndaşlıqla bağlı yaratdığı problemləri qısa zamanda həll edən Beşiktaş Dənizçilik Şirkəti İdarə Heyətinin sədri İhsan Kalkavan bu dəfə də şərikinə yardımını əsirgəməyib. Araşdırmaları aparanlar və içərisində nazir oğullarının da olduğu rüşvət izləmələrini hazırlayanlar Kalkavanın dostu Mənsimovu ”görməzdən" gəliblər. Təbii ki, holdinqini İstanbuldan idarə edən "Palmali” şefi də dostuna qulaq asaraq, əməliyyatın hədəfində olanlardan uzaq durub və özünü sığortalayıb".

Yanvarın 9-da M.Mənsimovun Türkiyəni silkələyən cinayət işində daha bir vacib fiqurant Barış Gülərlə görüşməsi barədə xəbər yayılıb.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, azərbaycanlı iş adamı Metris həbsxanasında sabiq daxili işlər naziri Muammer Gülərin oğlu Barış Gülərlə görüşüb. O, bunun üçün Bakırköy Ədliyyəsinin baş prokuroru Hadi Salihoğlundan icazə alıb.

O da məlum olub ki, elə həmin gün Türkiyənin sabiq daxili işlər naziri Mehmet Ağar da korrupsiya və rüşvət əməliyyatı zamanı həbs olunan keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Saleh Kağan Çağlayan görüşüb. Sabiq nazirin görüşə icazə almaq üçün baş prokuror Hadi Salihoğlu ilə görüşdüyü deyilir. Türkiyə mətbuatının yaydığı fotoda da M.Mənsimov Ağarla birgə həbsxana önündə görüntülənib.

Qeyd edək ki, Türkiyədə korrupsiyaya qarşı əməliyyat çərçivəsində tutulan iş adamı Rza Zərrabla Barış Gülərin əlaqələri barədə istintaqda təkzibedilməz sübutlar var.
Çətinə düşəni, xüsusilə tutduğu əməldən asılı olmayaraq həbsxanada olan adamı ziyarət etmək əlbəttə ki, savab əməldir. M.Mənsimov bu ziyarətlə "heç tanımadığı Rza Zərrabın” ən yaxınındakı adamla-həbsdə olan sabiq nazir oğlu ilə əlaqəsini təsdiq etdi...

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA