09-01-2014 [22:57]
Hələ də uşaqlıq və yeniyetməlik xatirələrimin qəhrəmanıdır o adam. Əynində üst hərbi geyimi (kitel), başında papaq, əlində təsbeh var-gəl edərdi hər zaman küçənin tinində, öz evlərinin lap yaxınlığında. Və bir də ən məşhur zinəti olan saqqalı hər zaman birlikdə idi onunla.
Gəncənin ad salmış məhəllələrindən biri, Yeni İrəvan qəsəbəsi. Camaat arasında Yenravan deyirdilər. Taksi sürücüləri də o adla tanıyırdı həmin məhəlləni. Acılı-şirinli uşaqlıq illərim həmin məhəllədə keçib. Uşaq yaddaşı ən özəl hissləri yadında saxlayar hər zaman. Bəlkə də, heç ömrü boyu unutmaz yaddaşındakıları. Necə ki mən o adamı unutmamışdım, unutmamışam. Uşaq dünyamın, bəlkə də, tək mənim yox məhəllədə çox uşağın, çox yeniyetmənin qəhrəmanı idi o kişi. Adını heç bilmirdim. Onu, sadəcə, tanıyırdım. Öz aramızda isə döyüşçü kişi deyirdik ona. Heç danışan görməmişdik onu. Elə hey təsbehini cütləyərək var-gəl edərdi. Küçədən keçəndə hər birimiz ona baxar və salam verməyə çalışardıq. Ancaq ona çatar-çatmaz zəhmi bizi bürüyər və sanki qıfıllanmış ağzımızı aça bilməzdik. Hər zaman onun bizi görə bildiyi yerlərdə oynayar və bizə nə isə bir şey buyurmasını arzulayardıq. Dükana getməklə, yolladığı bir şeyi lazım olan yerə çatdırmaqla, nə bilim, nəsə bir şeylə xidmət etmək istəyərdik o adama, qəhrəmanımıza. Ancaq o, bizi heç bir dəfə də buyurmadı həmin illər ərzində. Belə qəribə idi bizim qəhrəmanımız. Biz uşaq idik, ancaq ona sevgimizin, bəlkə də, o an üçün qaranlıq olan, qeyri-ixtiyari baş qaldıran bir səbəbi var idi. Bu səbəb isə onun saqqalı idi. Bəli, saqqalı! Müharibənin təzə-təzə səngidiyi illər idi o zaman. Məhəllə camaatı deyirdi ki, ona bir dəfə ağsaqqallardan kimsə niyə həmişə belə saqqallı gəzdiyini və illər keçsə belə o saqqalını heç qırxmadığını soruşmağa cürət edib. O isə cavablandırmışdı ki, Qarabağda döyüş zamanı mənim yanımda elə oğlanlar ölüb ki, onların qanı alınmayınca, Qarabağ geri qayıtmayınca mən saqqalımı qırxmayacağam. O məhz buna görə böyükdən-kiçiyə bütün məhəllənin sevimlisinə çevrilmişdi. Artıq hər kəs alışmışdı onun bu görkəminə, bu ruh halına. Onu bircə dəfə də olsun gülən görməmişdik. Yadımdadır, orta məktəbdə bir dəfə inşa yazdığım zaman da həmin qəhrəmanımdan söz açmış, onu başdan-başa təsvir etmişdim. Taxtadan avtomat düzəldib dava-dava oynayanda da eynilə o adam kimi geyinərdik, onun kimi yeriyərdik.
O illərdə bizə medallar verən, hər zaman uşaqlarla oynamağı sevən qonşumuz Fikrət həkimin (hərbi həkim idi) də meyiti gəlmişdi cəbhədən. O günü hələ də unutmamışam. Bütün uşaqlarla sağlığında Fikrət əminin bizə verdiyi medalları döşümüzə taxıb getmişdik onun dəfninə... Deyirdilər ki, minaya düşüb, birinci ayaqları yox olubmuş. Biz isə bunu düşünməyə qorxur və kəcavəsinin üzərindən asılan gülümsəyən şəklinə baxaraq onu hələ də bizimlə futbol oynayan kimi təsəvvür edirdik və həmişə də elə təsəvvür etdik. Sonralar hər birimiz onun bizə verdiyi göy rəngli medalları uzun illər fəxrlə, böyük dostumuzun bir yadigarı kimi üstümüzdə gəzdirdik. Məhəllədə Fikrət əminin medalını gəzdirən barmaq sayı yeniyetmə var idi və o medalı gəzdirən hər kəs bununla qəhrəman sayılırdı.
Beləcə illər keçdi. Biz o məhəllədən başqa yerə köçdük. Mən də böyüdüm, hərbi xidmətə getdim. Hərbi xidmətdə olduğum zaman da bu qəhrəmanımdan, həmin saqqallı adamdan əsgər yoldaşlarıma danışardım. Hətta bir dəfə komandirimiz, milliyyətcə rus olan mayor Puqaçov da o adam haqqında, onun saqqalını qırxmama səbəbi haqqında eşidəndə çox təsirlənmişdi.
İllər bir-birini əvəzləsə də, mən öz köhnə məhəlləmizi unutmurdum. Ara-sıra ora baş çəkir, uşaqlıq dostlarımla görüşür, hətta böyüməyimizə baxmayaraq, yenə qəhrəmanımız haqqında onlardan soruşurdum. Onlar da saqqallı adamın yenə də illər öncəki kimi öz heybətli görünüşündə olduğunu deyirdilər. Sonralar ailəmiz Gəncədə qalsa da, mən işimlə əlaqədar bir az da uzağa, Bakıya köçdüm. Artıq o uşaqlıq xatirələrimin də üstündən düz 15 ildən çox vaxt keçmişdi. Bu il, yəni 2013-cü ili yola saldığımız zaman işdən düz bir həftəlik istirahət verildiyinə görə, mən də Gəncəyə, evimizə yollandım. İki gün sonra isə köhnə dostları, qohum-əqrəbanı ziyarət etmək, bayramlaşmaq üçün hər daşında, ağacında uşaqlığımın izi qalan Gəncədəki həmin köhnə məhəlləmizə getdim. Hamı ilə görüşüb bayramlaşdım, dərdləşdim və çox yaxşı əhvalla məhəllədə son getdiyim dayımevini də tərk edərək yola düzəldim. İki tin keçmişdim ki, heç gözləmədiyim halda o adamla rastlaşdim. Uşaqlıq xatirələrimdə yaşatdığım o saqqallı qəhrəmanla. Qəribə bir hiss bürüdü məni. Çünki bəlkə də, bu sülh şəraitində yaşayan mən, onu unutmuşdum və heç rastlaşacağımı ağlıma da gətirmirdim. Hələ uzun məsafə qalmağına baxmayaraq, gördüyüm andaca o adamın heybəti məni bürümüşdü. O eynilə illər öncəki kimi tində, qapılarına yaxın yerdə addımlayırdı. Bir az yaşlanmış və yerişləri yavaşımışdı sanki. Artıq ona bir az da yaxınlaşırdım. Onu bu son illərdə heç xatırlamamağıma baxmayaraq, gördüyüm andaca bir zamanlar olduğu kimi, eyni sevgi ilə, uşaqca bir məhəbbətlə dolmuşdum. Artıq 29 yaşlı yetkin bir oğlan olan mən bu dəfə bütün cəsarətimi toplayıb uşaqlığımda dəfələrlə arzu etsəm də, heç bacara bilmədiyim bir şeyi, ona salam verməyi qərarlaşdırdım. Getdikcə addımlarımı bir az da iti atırdım. Ona çatmaq, başımı qaldırıb salam vermək, o, bəlkə də, heç məni tanımasa belə, bayramını təbrik etmək, 2014-cü ilin ona uğur və qələbə gətirməyini arzu etmək istəyirdim. Artıq çox yaxınlaşmışdim. Təxminən 5 addımlıq məsafədə idim. Bu heybətli adamın, qəhrəmanımın uşaqlıqda baxmağa cürət etmədiyim, sadəcə, öz təsəvvürümdə filmlərdə gördüyüm qəhrəmanların gözləri ilə müqayisə etdiyim gözlərinə, nəhayət ki, bu gün baxaraq salam vermək üçün başımı qaldırdım. Ancaq baxışlarım onun gözlərinə çatmadan, üzündə dayandı, dondu! O saqqalını qırxmışdı...
Başımı bir az daha qaldırmağa, onun gözlərinə baxmağa cürət etmədim. Bir an içində nə edəcəyimi bilmədən sürətlə oradan uzaqlaşdım.
Kamal Yaşar (birlik.az saytının köşə yazarı)
Birlik.az
Sabiq bələdiyyə sədri deputata yumruq atan oğlunun fotosunu kollaj etdi: "Sən bir nazirə hücuma cəhd edərsənsə.." - FOTO
Yusuf Şimşek Baş məşqçi oldu
Makrondan Avropaya xəbərdarlıq: "Çin avtoritar rejimdir, səhv etməyin, bu, onların ortaq seçimidir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Lavrov: "Bu, özlüyündə yaxşı bir şeydir"
Gəncədə qadın öz övladını xəstəxanada atıb gedib
Hərbçi dəm qazından zəhərlənərək ölüb
"Azeronline" aylıq paketi bahalaşdırıb, daha sonra isə... - "Sözündən belə çıxır ki, yemirsən cəhənnəmə ye!"
İsrail Qəzza üzrə Sülh Şurasına rəsmən üzv olub
NATO Baş katibi: "Rusiya ilə dialoqu dəstəkləyəcəm"
ZÜLFÜQARLILARIN AVTOMOBİLİ İLƏ ÖLÜM İŞİ – Ramiz Mehdiyevin qardaşı oğlu hansı qərarı verəcək?
İki özəl kanala lisenziya verildi
Baş nazirin sabiq müavinin qızı nazirliyə ofis icarəyə verib
Türkiyədə iki telekanal cəzalandırıldı - Səbəblər
PREZİDENT İLHAM ƏLİYEV MÜŞAVİRƏ KEÇİRDİ, TAPŞIRIQLAR VERDİ - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Ərdoğan DEM Partiyasının nümayəndə heyətini qəbul etdi
Türkiyə Liviyada neft və qaz axtarışına başlayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fariz Babayev yeni vəzifəyə təyinat aldı
Hospitalın rəisi vəzifədən azad edilib - Zakir Həsənov polkovnikə yeni vəzifə verdi
Dövlət Statistika Komitəsinin sədri kollektivə təqdim olunub - Xalid Əhədov tərəfindən
Prezident İlham Əliyev fərman imzaladı - Qrantla bağlı
Deputatın oğlu 14 minlik tenderin qalibi olub
Pezeşkian: "Etirazı bir nemət kimi görürük, amma..." - "Heç bir əsl iranlı məscidi yandırmaz"
İsrail ordusu Livanın cənubunu bombalayıb
Xalq artisti: "Əgər yazıçı 5 manatından keçib teatra gəlmirsə, mən niyə onun kitabını almalıyam?"
Prodüsser Ayşe Barıma 12.6 il həbs cəzası verildi
"Neftçi" klubu cərimələnib
Onlar direktor təyin olundu - SİYAHI
"Hələ zavod çörəyi bahalaşmayıb, amma..." - Ekspert
Əməkdar artist: "...bir daha bu dünyaya gəlmə!" - VİDEO
“Kapital Bank” müştərilərin bank kartlarını niyə kütləvi bloklayır? - Maaşlar da "qara siyahı"dadır
Semeru dağında vulkan ard-arda beş dəfə püskürüb - İndoneziyada
Almaniya ordusu "dron sürüsü" alır - 536 milyon avro dəyərində
"Turan Tovuz”un məşqçisi cəzalandırıldı - Kluba isə 10 min manat cərimə kəsildi (VİDEO)
Pensiyalar iki aylıq artımla bir yerdə veriləcək - AÇIQLAMA
FAO ilə ANAMA ilə arasında yeni əməkdaşlıq müzakirə olunub
Epşteyn işi: 6 milyonçunun adı niyə sənədlərdə gizlədilib?
"Qəbələ" klubu əcnəbi futbolçu ilə anlaşıb
Mərkəz: "Ölkənin yeyinti məhsullarının ixrac dəyəri 22,6 % artıb"
Bakı və Əbu-Dabi arasında Anlaşma Memorandumu imzalanıb
"Qarabağ" – "Nyukasl" matçının biletləri sabah satışa çıxarılır