Bakı metrosu həftəsonu işləyəcək, ancaq... - Rəsmi açıqlama yayıldı

img

12-03-2021 [15:09]


Martın 13-14-də koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi nəzərə alınaraq Nazirlər Kabinetinin qərarı ilə sərnişindaşımada yaranmış fasilə müddətində "Bakı Metropoliteni" QSC-nin bütün infrastrukturu növbəti dəfə normal iş rejimi şəraitində yoxlanılacaq.

Mia.az xəbər verir ki, bu barədə qurum açıqlama yayıb.

Bildirilib ki, infeksiyanın ölkə ərazisində yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, xüsusi karantin rejiminin müddəti 1 aprel saat 06:00-a qədər uzadılıb:

"Sərnişin daşınmadığı müddətdə Bakı metropolitenində müntəzəm tədbirlər hər bir sahədə texniki-normativ tələblərə uyğun olaraq, davamlı aparılır. Normal iş rejimi şəraitində yoxlamanın məqsədi isə metropoliten infrastrukturunun vahid sistem kimi bir daha yoxlamaqla qiymətləndirmək və hazırlıq səviyyəsinin optimallığını qoruyub saxlamaqdır.

Yoxlama çərçivəsində qatarlar metropoliten xətlərində müəyyən edilmiş qrafikə uyğun hərəkətə gətiriləcək və gün ərzində işləyəcək. Bu zaman hərəkətin təşkili və idarə olunması, o cümlədən infrastruktura daxil olan elektrik təchizatı və digər mühəndis-texniki sistemlərin, qurğu və avadanlıqların adi iş rejimi qaydasında yoxlanılması da həyata keçiriləcək.

Yoxlamanın daha bir hədəfi aidiyyəti üzrə işçi personalının peşə vərdişlərini qiymətləndirmək və möhkəmləndirməkdir.

“Bakı Metropoliteni” QSC ictimaiyyətin diqqətinə çatdırır ki, yoxlama tədbirləri zamanı sərnişin daşınmayacaq. Ümumən COVID-19 pandemiyası şəraitində tətbiq edilən xüsusi karantin rejimi dövründə metropolitendə sərnişindaşıma fəaliyyəti yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları ilə tənzimlənir.

Onu da əlavə edək ki, əldə olunmuş müsbət nəticələr fonunda bu tədbirlər qiymətləndirmənin müqayisəli şəkildə təhlilini aparmağa, infrastrukturun və işçi heyətinin hazırlığını daha əmin, optimal vəziyyətdə saxlamağa imkan verir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA