"HƏYAT KİNO KİMİDİR, ƏN ŞİRİN ANDA BİTİR" - Yaşar Nurinın həyat yolu...

img

23-11-2020 [17:54]


Azərbaycanın Xalq Artisti, incəsənətimizin ən dəyərli aktyoru, rejissor, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı  YAŞAR NURİnin anım günüdür.

Səkkiz il keçdi...

Ruhu şad olsun!

Həmişə üzü, gözləri gülürdü. 

Onun xoş, şirin çöhrəsinə baxanda hər kəsin içinə bir xoş, məhrəm bir təbəssüm qonurdu. Onu sevməmək mümkün deyildi. 

Beləcə gəldi, insanlara sevinc, təbəssüm, gülüş bəxş etdi. 

Güldü, güldürdü və getdi...

Amma vaxtından tez getdi. 

Getdi və sevənlərini öz vaxtsız yoxluğu ilə təəccübləndirdi...

Öz qədrini bilmədi Yaşar Nuri...

Amma Azərbaycanın teatr və kino tarixinə adını qızıl hərflərlə yazmağı bacardı.

...Oynadığı rollarla hamını güldürürdü.

Yaratdığı obrazlarla böyükdən kiçiyə hər kəsin sevgisini qazanmağı bacarmışdı.

Artıq səkkiz ildir ki, vəfat edən dahi sənətkar xalqımızın qəlbində yaşayır və yaşayacaq. 

Yaratdığı obrazlarla sənətin zirvəsinə yüksəlməyi bacaran aktyorun həyat və yaradıcılığına birgə nəzər salaq:

HƏYATI:

Yaşar Nuri 1951-ci il sentyabrın 3-də tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib.

Yaşar Nuri səhnəyə ilk dəfə on bir yaşında ADMKT-də "Toy kimindir?" (dramaturq Məhərrəm Əlizadə, bəstəkar Ağası Məşədibəyov) tamaşasında Tapdıq rolunda çıxmışdır. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olmuşdur. Bundan başqa o, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak etmişdir. Müxtəlif dram dərnəklərinə getmiş, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış etmişdir.

Məktəbli Yaşar gözəgörünən fitri istedada malik idi. O, cəld idi, çevik idi, sıxılmırdı, improvizə edə bilirdi. Səsi aydın və yapışıqlı, çöhrəsi şirin, xoşagəlimli idi. O, rol apararkən gözləri gülürdü... 

 Yaşar Nuri 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənmişdir.

İnstitut dövründə “Sevil”də Balaş, “Toy”da Salmanov, “Günahsız Müqəssirlər”də Neznamov və s. obrazlarını yaradıb.

Yaşar Nuri 1975-ci il noyabr ayının 28-də Rəhimə xanımla ailə həyatı qurmuşdur. Rəhimə xanım müəllimədir. Onların iki qız övladı var: Ülviyyə və Ülkər.

"AKTYOR ÖMRÜ BUZDAN YARANMIŞ HEYKƏLDİR"

Yaşar Nuri 1972-ci ildə institutu bitirdikdən sonra bir il orduda xidmət etmiş və institutun tədris teatrında aktyor işləyib. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.

1974-cü il dekabrın 1- dən isə Yaşar Nurinin böyük səhnə həyatı başlayıb. O, Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.

Akademik Milli Dram Teatrında TEATR AKTYORU kimi fəaliyyətə başladığı ilk illərdən Yaşar Nuriyevə bir qayda olaraq xarakter rollar tapşırılırdı. Səhnədə ilk rolu Aleksandr Vampilovun "Övlad" ("Böyük oğul")(28 dekabr, 1974) komediyasının tamaşasında Silva rolu olub. Bundan başqa o İlyas Əfəndiyevin "Bağlardan Gələn Səs" dramında Pərviz (1 oktyabr, 1975), Mirzə İbrahimovun Molyerin məşhur komediyası əsasında yazdığı "Bəşərin Komediyası və yaxud Don Juan"da Sqanarel (6 mart, 1977), Əkrəm Əylislinin "Quşu Uçan Budaqlar" pyesində Qasım (29 oktyabr, 1978), Mehdi Məmmədovun təfsirindəki "Dəli Yığıncağı" faciəsində Sərsəm Salman (6 may, 1978), Fuad və Zəminə Hacıyevlərin hazırladığı "Sevil"də Əbdüləli bəy (18 noyabr, 1978) obrazlarını yaratmışdır.

Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur KİNO USTASI idi. Onun böyük populyarlıq qazandığı çoxlu obrazlar var. 50-a yaxın bədii filmə çəkilib. 

Yaşar Nurinin əsasən baş rolları ifa etdiyi teletamaşalar Azərbaycan Dövlət Televiziyasının fondunda daimi sənət nümunələri kimi qorunur.

Yaşar Nuri Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox TELEVİZİYA TAMAŞASINDA, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın “Yollar görüşəndə...”, “Ömrün yolları”, İsi Məlikzadənin “Qatarda”, Anarın “Evləri köndələn yar”, Mövlud Süleymanlının “Kökdən düşmüş piano”, Hüseyn Cavidin “Topal Teymur”,  Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” trilogiyası, İslam Səfərlinin “Göz həkimi”, Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında “Ac həriflər” və s. televiziya tamaşalarını misal göstərmək olar.

Kinorejissor Şamil Mahmudbəyovun ekranlaşdırdığı “Dörd Bazar Günü” filmində yaratdığı Seyran obrazı Yaşar Nurinin kinoda ilk işi oldu. Onun maraqlı rollarından biri  “Əzablı Yollar" nağıl-filmindəki kiçik div obrazıdır.

Aktyorun yaddaqalan obrazlarından biri də “Yol Əhvalatı” filmindəki Makintoş roludur.

Vaqif Mustafayevin müştərək işlərindən olan “Musiqili Xaş” və “Bəyin Oğurlanması” (rəhmətlik Ceyhun Mirzəyevlə birlikdə) filmlərində də Yaşar tipik obrazlarla yadda qalır və bunların arasında İsrafil (“Bəyin Oğurlanması”) obrazının xüsusi yeri var.

Yaşarın obrazlar kolleksiyasından söz açdıqda onun “Yaramaz”dakı Maşallahını, “Lətifə”dəki Məmmədini, “Qətl Günü”ndəki Mahmud doktorunu, “Nə Gözəldir Bu Dünya...”dakı Asim Əliyeviçi, “Hər Şey Yaxşılığa doğru”, “Nakəs”, ““Fransız””, “Yoxlama” filmlərindəki bir-birindən maraqlı və yaddaqalan rollarını mütləq xatırlamalıyıq. Bu rolları tamaşaçılara sevdirən də məhz aktyorun böyük sənətkarlıq istedadı və çəkdiyi sonsuz zəhmətdir.

Aktyor nəinki televiziya, həmçinin radio və kinostudiyanın dublyaj sektoru ilə də əməkdaşlıq etmiş, radioda "Sabahınız xeyir", "Gülüş axşamı" yumoristik verilişlərinin, radio tamaşalarının iştirakçısı olmuşdur. "Azərbaycanfilm" kinostudiyasında isə saysız hesabsız yerli filmləri səsləndirmiş, əcnəbi filmləri dublyaj etmişdir.

Yaşar Nuriyev cəsarətli aktyor kimi qəliz rəqs nömrələrini, muğam və ya estrada, yaxud aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, Komik, qroteskli, Karnaval estetikasına uyğun obrazların ifasında qətiyyətlə uğur qazana bilmişdir. 

Aktyor özünü həm kinoda, həm də teatrda REJİSSOR kimi sınamışdır. Teatrda İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz" əsərinə quruluş vermiş, kinoda isə "Spasibo" filmini çəkmişdir.

2008-ci ildə aktyor hamını sarsıdaraq, taleyinin ən çətin filmində aldığı baş rolu da adlayıb ötüşdürdü. Bu qorxulu rolda Yaşarı yaşadan və yaşamaq eşqini artıran yenə xalq məhəbbəti, tamaşaçı sevgisi oldu. Çətin və ağır əməliyyatdan sonra ilk dəfə böyük sənət yoldaşı, unudulmaz Həsənağa Turabovun 70 illik yubileyində səhnəyə çıxan Yaşar Nuri yenə də uzun-uzadı alqışlarla qarşılandı.  

Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuri deyir ki, o bütün ömrünü sənətə həsr edib. Məhz buna görə də, hər kəsin sevgisini qazanmağı bacarıb.

Mərhum sənətkarın qızı Ülkər Yaşarqızı atasının tamaşa və filmlərinə baxanda həm kədərləndiyini, həm də fərəhləndiyini deyir. Onun sözlərinə görə Yaşar Nuri Azərbaycan kino sənətində yeni bir məktəbin əsasını qoyub.

Azərbaycan tamaşaçısı Yaşar Nuridən hər zaman böyük əsərlər gözləyib. Amma tutulduğu xəsətəlik buna imkan vermədi. Dahi sənətkar uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakı şəhərindəki Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat edib.

Qızı Ülviyyə Nuriyeva: O, teatrı, səhnəni şox sevirdi.

Onun bütün rollarını çox sevirəm. Hərəsini bir xüsusiyyətinə görə. Amma Abdulla Şaiq adına Kukla teatrında ifa etdiyi Məşədi İbad rolunu izləyəndə ağlayıb, isterika keçirdim. Məni bulvarda güclə sakitləşdirdilər. Atamın o rolundan sonra emosional partlayış yaşadım, üç gün xəstə yatdım. Bütün kuklaların əhatəsində tək aktyor atam idi. O, tamaşa dəhşətli bir şey idi. Həm də atam onda xəstəlikdən təzəcə ayılmışdı. Onun fiziki olaraq çətinlik yaşadığını hiss edirdim.

Atamın 60 illik yubileyində də çox kövrəlmişdim. Biz bacımla lojada əyləşmişdik. Mən başımı sürahiyə söykəyib ağlayırdım. Çünki onun nə vəziyyətdə olduğunu bilirdim. Həmin gün atam xəstəxanadan teatra gəlmişdi. Bayırda təcili yardım maşınları oksigen balonları ilə hazır vəziyyətdə dayanmışdılar. Amma atam düz dörd saat səhnədə əyləşdi. Çünki teatrı sevirdi.

Azərbaycanın Xalq artisti, tələbə yoldaşı, dostu ƏLİ NUR:

"Tələbəlikdən sonra Yaşarla bir teatrda işləyirdik. Sonra mən Sumqayıt Teatrına  köçürmə ilə gəldim. Yenə Yaşarla bir tamaşada oynamışam. Mənim bütün rollarım elə Yaşarla bir tamaşada olmaqdır da. Yaşar sırf komik aktyor deyildi. O, xarakterik aktyor idi, hər cür rolun öhdəsindən gəlirdi. Çingiz Aytmatovun "Sokratı anma gecəsi" əsərində Yaşarla oynayırdıq, əslində o əsərin adı "Eşşək dərisi üzərində mühakimə" dir. Yaşarla orada mənim bir yerim var idi. Nurəddin (Nurəddin Mehdixanlı), mən Yaşarı eşşək dərisi üzərində mühakimə edib öldürürdük. O da şah rolunu oynayırdı. Yaşar o ölüm səhnəsini göz yaşları içərisində, ağlaya-ağlaya oynayırdı, tamaşaçı da alqışlayırdı. Hamı görür ki, o gözləri ilə danışır, özünə lənət yağdırır. O səhnə bir yarım saat çəkirdi. Yaşarın arvadını oynayan Zemfira Nərimanovanın ürəyi gedirdi. Yaşar orada ölüm səhnəsində hönkürə-hönkürə yarım saat ağlayırdı.

Aktyor ömrü buzdan yaranmış heykəldir. Nə qədər ki, o səhnədə var, o heykəl görünür, elə ki o səhnədən getdi, artıq o buz da əriyib gedir, o heykəl yaddan çıxır. Amma Yaşar yaddan çıxmayan, əbədi insanların qəlbində yaşayan aktyordur. Onun üçün çox darıxıram. Biz aktyorlar həmişə çay stolu arxasında oturanda hökmən Səməndərdən, Yaşardan, Telman Adıgözəlovdan, Eldəniz Zeynalovdan danışmalıyıq. Yaşar çox həyatsevər, məzəli, yumoru gözəl bir insan idi. 

Allah ona rəhmət etsin".

YAŞAR NURİ HAQQINDA MARAQLI FAKTLAR:

Bir dəfə məktəb pəncərəsini sındırıb, direktor deyib ki, get atanı çağır, şüşənin pulunu versin. Atası məktəbə gələndə direktor onu tanıyır və xəcalət çəkir, Yaşarı da bağışlayır.

"Düşündüm ki, mənim kiçik xətamı, dələduzluğumu atama görə keçdilər, gərək mən də aktyor olam ki, böyüyəndə böyük xəta və dələduzluqlarımı da özümə görə keçsinlər. Özümə bələd idim axı" - sonradan Yaşar Nuri o günləri belə xatırlayacaqdı.

***

Sinif yoldaşları özlərini ona bənzətmək üçün dəridən-qabıqdan çıxır, saçlarını onun kimi darayır, Yaşarın hərəkətlərini yamsılayırdılar.

***

12 yaşında "Toy kimindir?" tamaşasına baxmağa gedib. Tamaşaya az qalmış rejissor əsəbiliklə deyir ki, bəs deməzsənmi, Tapdıq rolunu oynayan aktyor xəstələnib. Aktyorlardan biri deyib, Məmmədsadığın oğlu burdadır, tamaşanı da əzbər bilir, neçə dəfə baxıb, bir yoxlayaq onu. Yaşar bu gözlənilməzliyə çox sevinib və rolun öhdəsindən gəlib. İlk dəfə atasıyla bir səhnəni paylaşıb. Həmin tamaşada Nəsibə Zeynalova, Lütfəli Abdullayev kimi aktyorlar da vardı...

***

Tələbə vaxtı artıq populyar idi. Ətrafında qızlar pərvanə kimi başına dolanırdı. Yaşar isə qızların heç birinə fikir vermirmiş. Anasının sözünü qulağında sırğa edibmiş: "Sənə qızı özüm tapacam". 

Elə də olub. Qız da kim ola? Konservatoriyada təhsil alan Rəhimə adlı uzaq qohum. Yaşar Nuri qızın izinə düşür, bir-iki gün arxasınca gedir, axırda bezib qızın yolunu kəsir və ona deyir:

- Bilirsən, nə var? Vaxt yoxdur ssenari qurmağa, bütün günü səhnədə ssenari ilə oynayıram. Evlənirik. Vəssalam.

Cavabı nə oldu? Yaşar Nuriyə hansı qız "yox" deyə bilərdi ki?

***

Evlənən kimi Dram Teatrına işə dəvət olunur. Peşəkar səhnədə ilk rolu da vampir rolu olur.

***

Daha çox komik obrazları oynayıb. "Ac həriflər", "Yarımştat" kimi televiziya tamaşalarında rol alıb. Ancaq ona ən çox məşhurluq gətirən televiziya tamaşası "Səni axtarıram" olub. Firəngiz Mütəllimova ilə bir yerdə oynayıblar və deyilənə görə, bundan sonra aralarında sevgi münasibəti yaranıb.

***

Firəngiz xanımla münasibətinə Yaşar Nuri "dərdləşdiyim sevgi" adı qoymuşdu. Başqaları isə ayrı adlar qoyurdu bu münasibətə. Hətta həyat yoldaşı da bu adını qoya bilmədikləri münasibətdən xəbərdar idi. Firəngiz xanım Yaşara olan sevgisini etiraf edirdi. Bir dəfə Yaşarın xanımına demişdi ki, iki qızın var, ver birini mən saxlayım. Çox qəribədir, Yaşarın yoldaşı bundan sonra da evliliklərində problem yaratmamışdı.

***

Ümumiyyətlə, qadınlar onu sevirmiş. Qızı deyir ki, biz dənizə çimməyə gedəndə qadınlar, qızlar atama yaxınlaşıb onunla görüşür, onu öpürdülər.

***

Elə bu "məhəbbət vaxtları"nda ona Əməkdar artist adı verilir. Qəzetdə bu xəbəri görən Yaşar Nuri sevincək olsa da, gözləri dolur. Səbəbi buymuş: aktyor atasına quruca ad da verməyiblərmiş! Atası bilirsiniz kimdir? "Uşaqlığın son gecəsi"ndəki o məşhur "söhbət sosikada deyil e, vnimatelni olmaqdadır" sözlərini deyən Davud.

***

Yeyib-içən biri idi, məclis adamıydı. Bəzən bu içki məsələsi ona problem yaradırdı. Çəkilişlərə gec gedirdi, ona görə çəkiliş dayandırılırdı və s. 

Bir dəfə dövlət televiziyasında yeni il şənliklərində Şaxta baba rolunda olarkən içkili vəziyyətdə idi, çəkilişdə problem yaratmışdı, lakin onu sevdikləri üçün bu məsələ tez də yat-küt olunmuşdu.

***

Amma içki onda qaraciyər xəstəliyi yaratmışdı. Dörd il xəstəxanada yatdı. Dörd-beş dəfə ölüm xəbəri yayıldı.

***

Xəstəliyinə baxmayaraq, teatr sevgisi inanılmaz idi. Türkiyədən müalicədən qayıdandan sonra üzərindəki sistem şunurlarını qoparıb birbaşa aeroportdan teatra getmişdi...

***

Türkiyədə xəstəxanada yatanda xəstəxananın işçiləri deyirmişlər ki, bir Nazarbayev burda yatanda belə böyük izdiham yaşanmışdı, bir də Yaşar Nuri.

***

Sonuncu yayılan ölüm xəbəri düz çıxdı. 2012-ci ilin noyabrında... 

Dəfnində xalq onun tabutunu o qədər əldən-ələ keçirirdi ki, qızı insanlar onunla rahat vidalaşsınlar deyə kənarda dayanmışdı.

MÜKAFATLARI:

Yaşar Nurinin zəhməti həmişə yüksək dəyərləndirilib. Aktyorun yubileyləri hər dəfə təntənəli şəkildə keçirilmişdir. 1981-ci ildə 30 illik yubileyində o, ilk fəxri adını - Azərbaycanın Əməkdar artist adını almışdır. 1991-ci ildə 40 illik yubileyində ona "Yaramaz" filmindəki roluna görə Dövlət Mükafatı verilmişdi. 1996-cı ildə 45 illiyinə həsr olunmuş "Səhnəmizin Yaşarı", 2001-ci ildə isə 50 illiyi ilə əlaqədar "Yaşar Olduğu kimi" sənədli filmləri çəkilmişdir. 2011-ci ildə Yaşar Nurinin 60 illik yubileyi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təntənəli şəkildə qeyd olunmuşdur.

"HƏYAT KİNO KİMİDİR, ƏN ŞİRİN ANDA BİTİR" - YAŞAR NURİ

Yaşar Nuri böyük sənətkardır, təkrarsız teatr, kino adamıdır. Əslində, həm aktyor, həm də insan kimi onun böyüklüyünü, fərqliliyini ifadə etməkçün onun layiq olduğu bundan tutarlı sözü tapa bilmirəm. Bu da səbəbsiz deyil. 

Təkrarsız və bənzərsiz istedada malik bu sənətkar özünəməxsus lirik koloritlə tamaşaçıların rəğbətini qazanıb və istənilən azərbaycanlının sevilmli aktyoruna çevrilib. Özünəməxsus səhnə mədəniyyəti və davranışı, improvizə qabiliyyəti, yaradıcılıq istedadı, obrazlara məxsusi yanaşma tərzi onu bir çox aktyor həmkarlarından fərqləndirib. Onun film və tamaşalarda səsləndirdiyi bəzi fikirlər az qala hər birimizin dilində gündəlik işlədilən və tez-tez rast gəldiyimiz ifadəyə çevrilib. Yaşar Nurinin səsləndirdiyi “Sənə əjdaha lazımdır?”, “Hə, nolsun”, “Ay moment” və s. ifadələr bugünkü gündə tez-tez dilimizdə işlədilir və hər dəfə “Yaşar Nuri demişkən” söylənilib, bu böyük sənətkarımız yad edilir. 

Bütün bunlar böyük aktyorumuza olan boyük sevgidən, istəkdən irəli gəlir.

Bütün bunlar bir fikri deməyə əsas verir:  "Hamımızın çox sevdiyimiz, gülüşünə, aktyorluğuna heyran olduğumuz Yaşar Nuridən bir də olmayacaq!" 

...Yaşar Nurinin ömür payına cəmi 61 il yaşamaq düşdü. İllər keçəcək,  özünəməxsus ustalıqla, şirinlikə yaratdığı obrazlarla bu böyük sənətkar həmişə yad ediləcək və hər zaman onun əziz xatirəsi unudulmayacaq,  xalqımızın, onu sevənlərin ürəyində  yaşayacaqdır.

Nurlanə Əliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR