BMT-nin mütəxəssislərinin Azərbaycanın münaqişədən əziyyət çəkən rayonlarına dördgünlük səfəri başa çatıb

img

20-11-2020 [16:23]


BMT agentliklərinin mütəxəssislərindən ibarət əlaqələndirilmiş qiymətləndirmə missiyasının Azərbaycanın münaqişədən əziyyət çəkən rayonlarına dördgünlük səfəri başa çatıb.

Beynəlxalq Miqrasiya Təşkilatından Mia.az-a verilən məlumata görə, missiya BMqT-nin Azərbaycan nümayəndəliyinin təmsilçiləri ilə yanaşı BMT-nin Rezident Əlaqələndiricisinin Ofisi, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, BMT- nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi, BMT-nin İnkişaf Proqramı, BMT-nin Əhali Fondu, UNİCEF, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələrindən ibarət olub. Missiya üzvləri Bərdə, Ağdam və Ağcabədi rayonlarında icra hakimiyyətlərinin başçıları ilə görüşüblər, eləcə də müvəqqəti məcburi köçkünlər və münaqişədən əziyyət çəkən icmaların yaşadığı yerlərə baş çəkiblər. Onlar həmçinin mülki evlər və infrastruktura dəyən ziyanı qiymətləndirmək üçün münaqişə zonasının yaxınlığında yerləşən kənd və qəsəbələrə səfər ediblər.

Əsas ehtiyacları anlamağa imkan verən və hökumətin fəaliyyətlərini dəstəkləmək üçün müxtəlif sektorlarda müvafiq humanitar cavab mexanizmlərini planlaşdırmaq məqsədilə missiyanın nəticələrinə dair hesabat hazırlanacaq. BMqT məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə su təminatını yaxşılaşdırmaq məqsədi ilə təşkilatın həyata keçirdiyi kəhrizlərin bərpasını davam etdirməyi planlaşdırır.

Bundan əlavə, təşkilat münaqişədən zərər çəkmiş və həsas insanlara nağd əsaslarda yardım və onların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində layihə üzərində işləyir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA