Hüseyn Cavidin yadigarı: ƏRTOĞRUL CAVİD KİM OLUB? - FOTOLAR

img

15-11-2020 [14:12]


Bu gün 24 illik ömrünə dünyaları sığışdıran nakam bəstəkarımız Ərtoğrul Cavid Rəsizadənin xatirə günüdür.

Görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin yadigarı, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin fitri istedada malik tələbəsi, bəstəkar, musiqi tədqiqatçısı ƏRTOĞRUL CAVİD.

Hörmətlə xatırlayaq.

Ruhu şad olsun.

Qısa arayış:

Ərtoğrul Hüseyn oğlu Rasizadə (Ərtoğrul Cavid) 1919-cu il oktyabr ayının 22-də Bakıda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin ailəsində anadan olmuşdur.

1941-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitunun (indiki ADPU) filologiya fakultəsini bitirmiş, elə həmin il Konservatoriyanın bəstəkarlıq şöbəsinə daxil olmuşdur. Burada dahi Üzeyir bəydən və başqa məşhur musiqiçilərdən sənətin incəliklərini öyrənmiş, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Tofiq Quliyev, Cahargir Cahangirov, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Hacı Xanməmmədov kimi bəstəkarlarla birlikdə təhsil almışdır. 1938-ci ildə ilk elmi əsəri sayıla biləcək “Məktəb və ailə” referatını yazmışdır. Ərtoğrul 1932-ci ildə SSRİ Xalq artisti  Bülbülün yaratdığı və rəhbərlik etdiyi Musiqi Elmi Tədqiqat Kabinetində məhz onun qayğısı ilə işə başlamış, 1940-1941-ci illərdə ştatsankənar işçi kimi Azərbaycan Musiqi Elmi Tədqiqat Kabinetində musiqi və poetik folklorunu yazmaq, habelə rus dilindən Azərbaycan dilinə mahnı mətnlərini tərcümə etmək sahəsində çalışmışdır. O, Bülbül ilə Azərbaycanın bir sıra rayonlarında folklor toplamaq üçün ekspedisiyalarda da iştirak etmişdir.

Gənc Ərtoğrul qələmini dramaturgiya və poeziya sahəsində də sınamış və uğurlu əsərlər yaratmışdır. 34-dən artıq xalq mahnısı və el havalarını nota köçürmüş (“Kürd qızı”, “Dağlarda çiçək”, “Uca dağlar”, “Sona bülbüllər”, “Ceyran bala” və s.), aşıqlarımızın ifasında söylənən dastanların mətnlərini yazıya almış, öz yaradıcılığında onlardan yararlanaraq gözəl əsərlər yaratmışdır.

İlk böyük əsəri öz sevimli müəllimi Üzeyir bəyə həsr etdiyi fortepiano üçün yazılmış “Doqquz variasiya”dır. Skripka ilə fortepiano üçün poema, Nizaminin “Sevgili yar gəlmiş idi” qəzəlinə, N.Rəfibəylinin “Eşq olsun”, türkmən şairi Kəminənin “Leylanın vəsfi” T.Rasizadənin “Səninlə olaydım” və s. şeirlərinə romans və mahnılar bəstələmişdir. Böyük Vətən müharibəsi başlanarkən “Cəbhədən məktub” simfonik balladasını və marşlar yazmışdır. “Şeyx Sənan”, “Məhsəti” operaları, yazacağı baletdən “Adajio”, “Babəkin andı” simfonik poeması və bir sıra vokal, instrumental, kamera əsərləri yarımçıq qalmışdır. O, musiqi sahəsindən başqa, ədəbi-bədii yaradıcılıqda da qələm sınamış, “Eqoistin taleyi” adlı pyes yazmışdır.

Ərtoğrul Cavid 1942-ci il fevralın 22-də İkinci Dünya müharibəsində iştirak etmək üçün ordu sıralarına çağırıldığı üçün təhsilini yarımçıq qoymalı olmuşdur. O, “xalq düşməni”nin oğlu olduğu üçün ön cəbhəyə deyil, Tiflisdəki fəhlə batalyonuna göndərilmişdir. Kübar bir ailədə boya-başa çatmış Ərtoğrul, buradakı ağır şəraitə dözə bilməmiş, tez bir zamanda soyuqlamış, sağalmaz ciyər xəstəliyinə (vərəmə) düçar olmuşdur. O zaman Gürcüstanda məsul vəzifədə çalışan atasının yaxın dostu Əziz Şərif onu Naxçıvana gətirməyə müvəffəq olmuşdur. Lakin müalicələrə baxmayaraq Ərtoğrul 1943-cü ildə Naxçıvanda vəfat etmişdir.

Ərtoğrul Cavidin məzarı ölümündən 53 il sonra ümummilli lider Heydər Əliyevin göstərişi ilə Hüseyn Cavidin Naxçıvandakı məqbərəsinə köçürülmüşdür.

Yaradıcılığı:

Ərtoğrul Cavid peşəkar yaradıcılıq üçün ömrünün yalnız 3-4 ilindən səmərəli istifadə edə bilib. Bu qısa zaman kəsiyində 9-cu variasiyanı yazıb, 200-dən çox el havalarını, dastan və nağılların mətnlərini qələmə alıb.  Nizaminin "Sevgili yar gəlmiş idi" qəzəlinə, N.Rəfibəylinin "Eşq olsun", türkmən şairi Kəminənin "Leylanın vəsfi", Tahir Rasizadənin "Səninlə olaydım" kimi şeirlərinə romans və mahnıları yazıb. Böyük Vətən müharibəsi başlayanda isə "Cəbhədən məktub" simfonik balladasını bəstələyib, marşlar yazıb, "Şeyx Sənan", "Məhsəti" operaları, bir sıra kamera və instrumental əsərləri yarımçıq qalıb. Bu yarımçıq qalmış siyahını Ərtoğrulun neçə-neçə şerləri, "Eqoistin taleyi" kimi pyesi və bir-birindən maraqlı rəsmləri də var.

Ərtoğrul Cavid ömrünün son günlərini çox ağır keçib. Son 3 ilini xəstə olub, canıyla çarpışıb. Bitmək üzrə olan zamanını isə xəstə Ərtoğrul Cavid atasız, anasız, xüsusən də Turan həsrəti ilə başa vurmalı olub.

O, 14 noyabr 1943-cü ildə Naxçıvanda vəfat edib. 

Məzarı Hüseyn Cavidin Naxçıvandakı məqbərəsində atasının və anası Müşkinaz Cavidin qəbirləri ilə yan-yanadır.

Nurlanə Əliyeva:

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR