"Özlərinin qəbul etdikləri qətnaməni kənaraq qoyublar, bizdən atəşkəs istəyirlər" - Politoloqdan BMT qətnamələri ilə bağlı şərh 

img

21-10-2020 [14:43]


Ermənistan silahlı qüvvələri tərəfindən 27 il əvvəl əraziləri işğal edilən Azərbaycan daim beynəlxalq hüquqa hörmət və humanizm ənənəsinə sadiqlik nümayiş etdirərək, münaqişənin sülh yolu ilə həll edilməsinə çalışıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası (TŞ) Azərbaycan ərazisinin işğaldan azad edilməsi bir neçə qətnamə çıxarıb. 1993-cü il noyabrın 12-də qəbul edilən 884 saylı qətnamədə Azərbaycanın Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı pislənilir və işğalçı qoşunların həmin ərazilərdən, eləcə də ATƏT-in Minsk Qrupunun iclasında razılaşdırılmış “BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 saylı qətnamələrini icra etmək üçün təcili addımlara dair yenilənmiş vaxt cədvəli”nə uyğun olaraq işğalçı qoşunların Azərbaycanın işğal edilmiş digər ərazilərindən çıxarılması tələb edilir.

BMT TŞ-nin 3313 saylı iclasında yek­dilliklə qəbul edilən qətnamədə aşağıdakı bəndlər yer alır:

  1. Hərbi əməliyyatların yenidən başlanması ilə nəticələnən tərəflər arasında əldə edilmiş atəşkəsin pozulmasını, xüsusilə Zəngilan rayonunun və Horadiz şəhərinin işğal edilməsini, dinc əhaliyə qarşı hücumları və Azərbaycan Respublikasının ərazisinin bombardman edilməsini pisləyir;
  2. Ermənistan hökumətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməniləri tərəfindən 822 (1993), 853 (1993) və 874 (1993) saylı qətnamələrə riayət edilməsinə nail olmaq məqsədilə öz nüfuzundan istifadə etməyə və hərbi kampaniyanı genişləndirmək üçün lazımi vasitələrin münaqişəyə cəlb olunan qüvvələrə verilməməsini təmin etməyə çağırır;
  3. ATƏM-in Minsk qrupunun doqquz üzvünün 4 noyabr 1993-cü il tarixli Bəyannaməsini1 alqışlayır və onun tərkibində atəşkəsin dayandırılması haqqında olan birtərəfli bəyanatlarla bağlı təklifləri yüksək qiymətləndirir;
  4. Maraqlı tərəflərdən ATƏM-in Minsk qrupunun 2-8 noyabr 1993-cü tarixində Vyanada keçirilən iclasında edilən düzəlişlərlə "Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addımların Yeniləşdirilmiş cədvəlinə" uyğun olaraq hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayandırılmasını, Zəngilan rayonundan və Horadiz şəhərindən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılmasını və Azərbaycan Respublikasının bu yaxınlarda işğal edilmiş başqa rayonlarından işğalçı qüvvələrin çıxarılmasını tələb edir;

  5. Maraqlı tərəfləri ATƏM-in Minsk qrupuna kömək məqsədilə Rusiya Federasiyası hökumətinin yardımı ilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsi təcili bərpa, onu effektiv və daimi etməyə, və ATƏM-in Minsk prosesi və Minsk qrupunun 2-8 noyabr 1993-cü il tarixli iclasında edilmiş düzəlişlərlə birlikdə "Yeniləşdirilmiş cədvəl" kontekstində münaqişənin danışıqlar vasitəsilə həllinin axtarılmasına təkidlə çağırır;
  6. Regionda olan bütün dövlətləri münaqişənin genişlənməsinə və regionda sülh və təhlükəsizliyin pozulmasına gətirib çıxara biləcək hər cür düşmənçilik hərəkətlərindən və hər cür müdaxilədən çəkinməyə bir daha çağırır;
  7. Baş Katibdən və müvafiq beynəlxalq qurumlardan Zəngilan rayonunun, Horadiz şəhərinin və Azərbaycanın cənub sərhədinin əhalisi də daxil olmaqla zərər çəkmiş əhaliyə təcili humanitar yardım göstərməyi, və qaçqın və məcburi köçkünlərə təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmaqda köməklik etməyi xahiş edir;
  8. Baş Katibə, ATƏM-in Fəaliyyətdə olan Sədrinə və ATƏM-in Minsk Konfransının Sədrinə Minsk prosesinin gedişi və yerlərdə vəziyyətin bütün aspektləri, xüsusilə Şuranın müvafiq qətnamələrinin həyata keçirilməsi, və bununla əlaqədar ATƏM ilə Birləşmiş Millətlər Təşkilatı arasında indiki və gələcək əməkdaşlıq haqqında Şuraya məruzələrini davam etdirmək barədə xahişini təkrar edir;
  9. Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır.

Ancaq təəssüf ki, Təhlükəsizlik Şurasının qətnamələri 27 il müddətində icra edilmədi, yalnız kağız üzərində qaldı. Ermənistan beynəlxalq hüququ və TŞ qətnamələrini ayaq altına ataraq, öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxartdı, əksinə, işğalı möhkəmləndirmək və Azərbaycan torpaqlarını ilhaq etmək xətti tutdu.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri başda olmaqla, BMT və beynəlxalq ictimaiyyət tərəfindən işğalçı Ermənistana heç bir təzyiq göstərilmədi. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistana sanksiyaların tətbiq olunmasının vacibliyini vurğulamışdı.

Ermənistana qarşı təzyiqlərin olmaması bu ölkənin özünü cəzasızlıq mühitində hiss etməsinə gətirib çıxardı.

Azərbaycan ordusu beynəlxalq hüququ, ədaləti əməldə təmin edir

Ən paradoksal odur ki, Təhlükəsizlik Şurasının qətnamələri son vaxtlar tamamilə BMT-nin və həmsədr ölkələrin yadından çıxıb. Müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar qətnamələrə istinad etdikləri halda onlar həmin sənədlərə toxunmur. Başqa sözlə desək, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən BMT-dən başqa hamı danışır.

27 ildən sonra Azərbaycan ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları ilə Füzuli, Cəbrayıl və Zəngilanı işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu açıqlamasında bildirib ki, Azərbaycan 27 il bu qətnamələrin icrasını gözləyib:

“Gözlədik ki, bu qətnamələr icra olunar. Halbuki özümüzə də aydın idi ki, bu qətnamələri qəbul edən təşkilat qətnamələrin icrasını təmin etməyəcək. Danışıqlar da nəticə vermədi. Ermənistan işğalçı siyasətindən vaz keçmədi və mərhələli həll planına əməl etmədi. Ona görə də Azərbaycan hərəkətə keçdi və özü qətnamələrin icrasını təmin etdi. Qəribədir ki, bu günlərdə BMT TŞ toplanaraq müharibə ilə bağlı fikrini bildirib, amma atəşkəs və danışıqlar çağırışları edərkən öz qətnamələrinə istinad etmir. Sanki özlərinin qəbul etdikləri qətnaməni kənaraq qoyublar, bizdən atəşkəs, danışıqlar tələb edirlər. Bu, nonsensdir”.

E.Şahinoğlu əlavə edir ki, digər beynəlxalq təşkilatlar - Avropa Şurası Parlament Assambleyası, hətta NATO Parlament Assambleyası da zaman-zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər:

"Dünən dövlət başçısı İlham Əliyev də açıqlamasında bunu qeyd etmişdi. Torpaqlarını azad edən Azərbaycan hazırda həm də bu qətnamələrin icrası ilə məşğuldur və qətnamənin tələblərinin yerinə yetirilməsinə çalışır”.

Siyasi şərhçi vurğulayır ki, hətta həmin qətnamələr olmasaydı belə, Azərbaycanın öz ərazilərini işğaldan azadetmə əməliyyatları beynəlxalq hüquqa uyğundur:

“Azərbaycanın torpaqları işğal edilib və Azərbaycanın ərazi bütövlüyünü tanıyan BMT və digər beynəlxalq təşkilatlar Dağlıq Qarabağı da Azərbaycan ərazisi kimi tanıyıblar. Hətta qətnamələr olmasaydı belə, bu hərbi əməliyyatlara başlamağa Azərbaycanın tam ixtiyarı çatırdı. Bu, BMT-nin nizamnaməsində və digər sənədlərdə də yer alır. Amma BMT-nin 4 qətnaməsi əlimizi daha da gücləndirir ki, siz 27 ildə bunu təmin edə bilmədiniz, biz özümüz təmin edirik. Buna tam haqqımız çatır”.

Beləliklə, bu gün Azərbaycan ordusu beynəlxalq hüququ, ədaləti əməldə təmin edir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı