Günümüzün aktual problemlərindən biri, bəlkə də ən ciddisi ailə-tərbiyə məsələsidir. Müşahidə və faktlar göstərir ki, son illər yeni qurulmuş ailələrin bəzilərində xoşagəlməz hadisələr baş verir, boşanma-ayrılma halları günü-gündən artır. Ümumiyyətlə, ailələrin dağılması tək bir ailənin yox, bütövlükdə cəmiyyətin narahatlığına səbəb olur. Çünki bu, əsrlərdir formalaşmış milli-mənəvi dəyərlərə də zərbə vurur.
Açıqlanan statistik rəqəmlərə əsasən, son zamanlar yeni evlənən cütlüklər arasında boşanma faktı daha çox qeydə alınır.
Azərbaycanda boşananlar arasında nikahı 5 ilə qədər davam edənlər çoxluq təşkil edib. 2016-cı il ərzində Azərbaycanda 13114 boşanma qeydə alınıb.
Boşananların 4869-nun nikahı 5 ilə qədər, 3668-nin nikahı 5-9 il, 2806-nın nikahı 10-19 il, 1771-nin nikahı 20 il və çox davam edib.
Boşanmalar daha çox 30-34 yaşlı kişilər, 25-29 yaşlı qadınlar arasında qeydə alınır.
Ötən il boşanan kişilərin 2-sinin yaşı 18, 6-sının yaşı 19 olub. Qadınlara gəldikdə, ötən il 18 yaşında boşanan qadınların sayı 39, 19 yaşında boşanan qadınların sayı 132 nəfər olub.
Ümumilikdə, 2016-cı ildə boşanan kişilərin 627-si 20-24 yaşlı, 2725-i 25-29 yaşlı, 3198-i 30-34, 2288-i 35-39 yaşlı, 1436-sı 40-44 yaşlı, 1140-ı 45-49 yaşlı, 746-sı 50-54 yaşlı, 448-i 55-59 yaşlı, 373-ü 60 və yuxarı yaşlı olub.
Nikah vəziyyəti 5 ilədək davam edərək boşanan kişilər arasında 25-29 yaşlılar üstünlük təşkil edib. Ötən il 1902 nəfər 25-29 yaşlı kişi 5 ilədək davam edən nikahına son qoyub.
Nikah vəziyyəti 5 ilədək davam edərək boşanan qadınlar arasında 20-24 yaşlılar üstünlük təşkil edib. Ötən il 11916 nəfər 20-24 yaşlı qadın 5 ilədək davam edən nikahını ləğv etdirib.
Nikahları 5-9 il davam edən qadınlar arasında isə 25-29 yaşlılar çoxluq təşkil edib. Ötən il bu yaşda olan 1644 qadın boşanıb.
Azərbaycanda boşananlar arasında nikahı 5 ilə qədər davam edənlərin çoxluq təşkil etməsi barədə fikir bildirən psixoloq Könül Vaqifqızı bizimlə söhbətində maraqlı məqamlara toxundu. O bildirdi ki, gəncləri ailə qurmağa tələsdirmək lazım deyil. Buna onlar özləri də hazır olmalıdır: "Bəzən cütlüklər nişanlanmağa, nişanlı qalmağa etinasız yanaşırlar. Əksinə, bir müddət nişanlı qalmaq vacibdir. Çünki bu dövrdə nişanlı gənclər bir-birini daha yaxşı tanıyırlar. Qurulmuş ailənin dağılmağındansa, nişanın pozulması daha yaxşıdır. Burada bir qəbahət yoxdur. Demək, gənclər bir-birini yaxşı tanımırmış və daha doğrusu, xasiyyətləri uyğun gəlmirdi. Gənc ailələrin qorunması, onların bünövrələnməsi, qol-budaq atması hər iki tərəfin, hər iki ailənin bir-birinə münasibətindən çox asılıdır. Hamı gənc ailənin qayğısına qalmalı, xırda narazılıqlarının böyüməsinin qarşısını almalı, mehribançılığın pozulmasına yol verməməlidirlər".
Həmsöhbətimizin sözlərinə görə, yeni qurulan ailələrin dağılmasının bir səbəbi də xarici təsirlərdir: "Televiziya yayımlarında nümayiş etdirilən seriallar, internet, mobil telefonlar gənclərin tərbiyəsinə müsbətdən çox mənfi təsir edir, onların milli mentalitetimizdən daha çox xarici davranışdan bəhrələnməsinə, xalqımıza yad olan adət-ənənələrə uymasına gətirib çıxarır. Bu da gələcəkdə acı sonluqla nəticələnir. Gününü sosial şəbəkədə keçirən, internet, televiziyalarda yayımlanan serialları izləyən gənclərin bir qismi ailə həyatına laqeyd yanaşır, qurduqları ailənin qədrini bilmir, subay vaxtlarındakı mənfi vərdişlərindən əl çəkmək istəmirlər. Nəticə isə acınacaqlı olur. Əvvəllər qurulan ailələr bu günkündən daha dayanıqlı olub. Özü də keçmiş vaxtlarda gənclər bir-birini hətta görməyə-görməyə, valideynlərin məsləhəti ilə ailə qursalar da, bu ailələrin çoxu etibarlı olub, boşanma halları təsadüfən olub. Nəyə görə? Ona görə ki, həmin vaxtlar valideyn, ağsaqqal-ağbirçək sözü, məsləhəti qanundan qüvvətli olub. Ədəb-ərkan gözlənilib. Böyük-kiçik yeri bilinib. Qohum-övlad üzünə ağ olunmayıb. İsmət, qeyrət insanların yaraşığı, qüruru olub. Ailədə böyüyün hörməti hər şeydən üstün tutulub. Ər-arvad münasibətlərində ölçü-biçi gözlənilib. Hüquqlar eyni olsa da, kişinin kişi, qadının qadın yeri olub.
Mən müasirliyin əleyhinə deyiləm. Ancaq müasirlik pərdəsi altında mentalitetimizə zərbə vurulursa, buna qarşı mübarizə aparmaq lazımdır".