Paytaxtın Xətai rayonu ərazisində fəaliyyət göstərən "Fresh” market rəhbərliyi mağazadan oğurluq edən şəxsi özü cəzalandırıb.
Mia.az xəbər verir ki,
"ölkə.az”-ın əldə etdiyi məlumata görə, təqribən 10 gün öncə Novruz
Sədiyev adlı şəxs tanışı Firuz Qəhramanovla bir yerdə adıçəkilən
marketdən 3 ədəd bahalı təraş ülgücü oğurlayarkən market işçiləri
tərəfindən saxlanılıb. Bu zaman oğurluq edən Novruz Sədiyev pul gətirmək
üçün evə yollanıb. Yanındakı Firuz Qəhramanov isə market rəhbərliyi
tərəfindən girov saxlanılıb.
Market rəhbərliyi isə Firuz Qəhramanovu özü cəzalandırmağa qərar
verib. Onu saat 18:00-dan saat 23:00-a qədər marketdə saxlayaraq,
döydürüb. Daha sonra isə Firuz Qəhramanov marketin toyuq əti saxlanılan
soyuducusuna salınıb.
Faktı dəqiqləşdirmək üçün Firuz Qəhramanovla əlaqə saxladıq.
O, "Ölkə.Az”-a açıqlamasında hadisənin doğruluğunu təsdiqləyib.
F.Qəhramanov market rəhbərliyi tərəfindən döyüldüyünü və zorakılığa məruz qaldığını bildirib:
"Mən marketdən oğurluq etməmişəm. Oğurluğu edən yanımdakı Novruz
Sədiyev olub. Kamera görüntülərinə də baxsanız, görərsiniz ki, mən
oğurluq etməmişəm. Biz saat 18:00-da marketə girmişik. Çıxanda bizi
saxlayıb dedilər ki, siz bahalı təraş ülgücü götürmüsünüz. Onun pullunu
da ödəyin. Bizdən 750 manat pul istədilər. Bizdə dedik ki, 3 ədəd təraş
ülgücünün qiyməti niyə 750 manat edir? Bundan sonra məni girov
saxladılar, Novruz Sədiyev isə pul götürmək üçün sərbəst buraxıldı. Saat
23:00 olmuşdu ki, Novruz hələ də pulu gətirə bilməmişdi. Market
işçiləri də məni təhqir etməyə, döyməyə başladılar. Hətta, məni bir neçə
saat toyuq əti üçün nəzərdə tutulan soyuducunun içərisində saxladılar.
Təsəvvür edin ki, soyuducunu tam gücü ilə işlədirdilər, mən də onun
içərisində qaranlıqda az qala donub öləcəkdim”.
F.Qəhramanov məruz qaldığı zorakılığa görə polisə də məlumat verdiyini söyləyib:
"Zorakılığa məruz qalmağımla bağlı Xətai rayon polisinə market
rəhbərliyindən şikayət etmişəm. Çünki marketdə mənim döyülməyim barədə
bütün göstərişlərə bir qadın rəhbərlik edirdi. Həmin qadın məni nəlayiq
söyüşlərlə təhqir edirdi, döydürürdü, əlimi iplə bağlayıb zor tətbiq
edirdilər. Soyuducuya salmışdılar, orada "102”-ə zəng etmək istədim,
telefon tutmurdu. Bunu biləndən sonra market işçiləri telefonumu da
əlimdən aldılar”.
Qarşı tərəfindən mövqeyini öyrənmək üçün marketlə telefon əlaqəsi yaratmağa çalışsaq da, cəhdlərimiz müsbət nəticə vermədi.