"Biz ötən ildən etibarən xəbər vermişdik ki, Rusiya Azərbaycanın şimalında bəh-bəhlə pasport paylayır.”

Bunu Moderator.az -a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədrinin sözlərinə görə, baş verənlər Rusiyanın Azərbaycana olan təzyiqidir:
"Ölkəmizdə seçki ili yaxınlaşır. Ruslar istəyir ki, Azərbaycanda bunlara sərf edən adam prezident olsun. Baş verənlər ölkəmizə qarşı təzyiqdir. Artıq Azərbaycandakı digər xalqları da aktivləşdirmək istəyirlər. Bütün bunlar isə prezidentin islahatları fonunda baş verir. Onlar İlham Əliyevin real addımlarını görən kimi başlayırlar bu tip təxribatlara əl atmağa. Gördüyümüz ki, son zamanlar Avropa Şurası, ABŞ Dövlət Departamenti də ölkəmizlə bağlı bəyanatlar verir. Bildiyimiz kimi may ayının sonunda Rusiyada müstəqilliyi olmayan, amma xalq kimi ayrı-ayrı ölkələrin tərkibində olan toplum təmsilçilərinun görüşü keçirilib. Bütün bunların təşkilatçısı sözsüz ki, Rusiya xüsusi xidmət orqanlarıdır. Bir vaxtlar Sürət Hüseynovdan istifadə edilərək iyun qiyamı təşkil edənlər indi Azərbaycanda başqa formada, azlıqda olan xalqlardan istifadə edib ərazilərimizi daha da kiçiltmək istəyirlər. Amma kimliyindən asılı olmayaraq hamı bilməlidir ki, Azərbaycanın İlham Əliyev kimi prezidenti, Hafiz Hacıyev kimi partiya sədri var. İlham Əliyev iqtidarda olandan bu günə kimi 1 santimetr torpağımızı heç kimə güzəştə getməyib. Ötən ilin aprelində isə düşmənə ağır zərbələr vuraraq strateji yerləri düşmənlərdən azad etmişik. Ona görə də, Azərbaycana qarşı məkrli planı olanlar bu amilləri nəzərə almalıdır.”