Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın növbəti iclası keçirilib. Şuranın iclasında Akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunmuş "Riyaziyyat və Mexanikanın müasir problemləri" adlı beynəlxalq konfransın keçirilməsi haqqında müzakirələr aparılıb.

İnstitutdan Mia.az-a verilən məlumata görə, iclasda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2017-ci il 19 aprel tarixli 6/5 nömrəli qərarına əsasən "AMEA-nın professoru” elmi adını almaq üçün elan edilən müsabiqəyə əsasən Riyaziyyat və Mexanika İnstitutundan namizədlərin irəli sürülməsi məsələsinə baxılıb, komissiyanın tərkibi müəyyən olunub.

AMEA-nın müxbir üzvü, "Qeyri-harmonik analiz” şöbəsinin müdiri, professor Bilal Bilalovun "Neyron şəbəkələrlə approksimasiya və freymlərin bəzi sualları” proqramı AMEA-nın Rəyasət Heyəti tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan elmi tədqiqat proqramları siyahısına daxil edilməsi barəsində şura üzvləri məlumatlandırılıb.

İclasda həmçinin "Elmi –Texniki İnformasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanov "Riyaziyyat. Təhsil. Mədəniyyət.” (K.F.Qausun anadan olmasının 240 illiyinə həsr olunmuş) VIII Beynəlxalq Konfransda plenar məruzə ilə çıxışı haqqında hesabatı dinlənilib.

Sonda İnstitutda Vikipediya ilə bağlı işləri təkmilləşdirmək, müasir standartlara uyğun çatdırmaq və daima inkişaf etdirmək məqsədilə "Viki qrup" yaradılıb.