Bakı şəhəri, Naxçıvani küçəsi, ev 92, mənzil 12-də yaşayan Yolçuyev Bəhram Əlövsət oğlu Azərbaycan Respublikasının I Vitse Prezidenti Mehriban Əliyevaya şikayət edib, kömək istəyir.

Məktubunun bir surətini Mia.az-a təqdim edən şikayətçi bildirir ki, o,  Abşeron rayon 2 saylı Dövlət Notariat Kontorunda (DNK) 22.05.2007-ci il tarixli, 4ə-5-782 nömrəli müqavilə əsasında Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən sahəsi 0,673778 ha olan təsərrüfat təyinatlı torpaq sahəsi alıb. Həmin torpaq sahəsinə dair adına DƏDRX-dən çıxarış və buna müvafiq torpaq sahəsinin planı və ölçüsü sənədi verilib.

Bununla yanaşı, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin əməkdaşları tərəfindən sözügedən torpaq sahəsi Dövlət Aktı əsasında və Mehdiabad qəsəbəsində torpaq islahatı aparılan bölgü  xəritəsinə uyğun naturada ona təqdim edilib:

"Lakin sonradan mülkiyyətimdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini tanımadığım şəxslər zəbt edərək fərdi yaşayış evi inşa etməyə başlamışlar. Məcbur qalıb,  hüquqlarımı müdafiə etmək məqsədilə Abşeron rayon məhkəməsinə müraciət etdim. Məhkəmə araşdırmaları zamanı məlum oldu ki, xüsusi mülkiyyətimdə olan torpaq sahəsinə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin verdiyi saxta "koordinat məktubu” əsasında DƏDRX tərəfindən vətəndaş S.Məmmədovanın adına  0,28 ha torpaq sahəsinə Çıxarış verilib.

Abşeron rayon məhkəməsi mənim mülkiyyətimdə olan torpaq sahəsi üzərində S.Məmmədovanın adına hansı əsasla çıxarış verilməsinə aydınlıq gətirilməsi üçün DT və XK-nə müvafiq sorgular göndərmiş, lakin sənədlərdə saxtakarlıq olduğundan, həmin iş üzrə obyektiv rəy verilməsindən yayınılmışdır”.

Şikayətçi yazır ki, araşdırma zamanı onun yeri üzərində baş verən saxtakarlıq  İsgəndərov Yaşar Məmməd oğlu mülkiyyətində olan 0,38 ha torpaq sahəsini bacısı İsgəndərova Sevil Məmməd qızına bağışlanma yolu ilə satarkən yaşanıb:

"Maraqlıdır ki, bağışlanılan torpaq sahəsi bağışlanarkən hüquqi sənədlərdə bir hissədən ibarət olmaqla onun kofiqurasiyası çoxbucaqlı şəklində olmaqla mənim mülkiyyətimdə olan torpaq sahəsindən düz 2269 metr aralıda, Novxanı yolunun yaxınlığında yerləşir. Bu qanunsiuzluq yetmirmiş kimi, S.Məmmədovaya bağışlanmış torpaq sahəsinə DƏDRX tərəfindən hüquqi sənədlər hazırlanarkən onun torpaq sahəsinin ölçüsü 0,10 ha azaldılaraq 0,38 ha əvəzinə, 0,28 ha göstərilməklə və eyni zamanda torpaq sahəsinin konfiqurasiyası çoxbucaqlı olduğu halda  trapesiya şəklinə salınmaqla koordinata gətirilərək,  mənim xüsusi mülkiyyətimdə olan 0,67 ha torpaq sahəsinin  üzərinə işlənilməklə Çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilib. Hansı ki, təsərrüfatda aparılmış torpaq islahatının bölgü xəritəsində onunla mənim torpaq sahəmin arasında yuxarıda göstərdiyim kimi 2269 metr məsafə vardır. Qeyd olunan təşkilatlar tərəfindən saxtakarlığa yol verildiyi üçün iş üzrə obyektiv rəy verilməmiş, ona görə də birinci instansiya məhkəməsi tərəfindən mənim haqlı iddiam təmin edilməmişdir”.

Şikayətçinin sözlərinə görə, həmin əsassız qətnamədən şikayət verib. Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Günlarə Tağızadənin icraatında iş araşdırlarkən də, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (MEM)ekspertinin və ƏMDK-nin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin GPS aparatı işlədən mühəndisinin iştirakı ilə mülki işə əlavə edilmiş materiallara əsasən yerində ölçülərək araşdırılmış, bölgü layihəsi əsasında aparılıb. Bir daha məlum olub ki, mülkiyyətində olan 0,67 ha torpaq sahəsi ərazinin ilkin pay torpaqlarının bölgü layihəsinə (xəritəsinə) əsasən naturaya uyğun gəlir. 

"Eyni zamanda Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsi tərəfindən MEM-ə və məhkəməyə ünvanlanmış mütəxəssis rəydə də bildirilib ki, hal-hazırda iddiaçı Yolçuyev Bəhram Əlövsət oğlunun mülkiyyətində olan torpaq sahəsi ərazinin pay torpaqlarının bölgü layihəsinə əsasən naturaya uyğun gəlir. Ancaq məhkəmə hakimləri bunlara yox, əvvəldən saxtakarlığa yol vermiş, eyni zamanda iş üzrə cavabdeh ƏMDK-nin yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin rəyini əsas gətirərək, qanunsuz qərar verib”.

Şikayətçi deyir ki, indi ƏMDK-nin Abşeron yerli şöbəsi ərazidə guya tikinti aparıldığı üçün köhnə istinad nöqtələrinin  ləğv edildiyini və bu səbəbdən də işin araşdırılmasının mümkün olmadığını bəhanə edərək, növbəti dəfə həm özlərinin, həm də torpaq sahəsini zəbt edənlərin xeyrinə addım atıblar.  Məhz buna görə də apellyasiya və Ali Məhkəməyə etdiyi şikayətlər də obyektiv və köklü araşdırılmadan təmin edilməyib:

"Necə olur ki, ləğv olunmuş DTXK-nin mütəxəssiləri  mənim yerimi bölgü xəritəsinə əsasən göstərə bilir, komitə ləğv olunduqdan və həmin şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq strukturlarında işlə təmin olunduqdan sonra mənim torpaq sahəmin yerini, zəbt olunmuş hissəni müəyyən edə bilmirlər?

Necə olur ki, bölgü layihəsinə əsasən mənimlə qonşu olan pay torpaq sahiblərinin yeri indiki mübahisəli torpaq sahəsinin sağ və sol tərəfində yerləşir və bu gün də həmin sahədən mübahisəsiz istifadə edirlər, mən isə öz yerimdən "sürüşdürülərək” bölgü layihəsi əsasında başqa şəxslərin mülkiyyətində olan torpaq sahələrinin yerində yerləşməklə onlarla çəkişməliyəm?!”.

Sonda şikayətçi kassasiya şikayəti verəcəyini də diqqətə çatdırıb:

"Hörmətli Mehriban xanım, artıq mənim məhkəmə sisteminə və aşağı ranqda olan məmurlların şəxsi maraqdan doğan əməl və fəaliyyətlərinə inamım qalmayıb. Ona görə sizə üz tutur, Sizdən kömək gözləyirəm. Xahiş edirəm, mənim qanuni torpaq sahəm üzərində oynanılan oyunu dayandırasınız, mənim əmlakımı geri qaytarılmasına köməklik göstərəsiniz”.

Şikayətlə bağlı qarşı tərəfi də dinəməyə hazırıq.

Mia.az