Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. 

Mia.az Komitəyə istinadən bildirir ki,  hərracda özəlləşdirilən əmlaklardan 5-i kiçik dövlət müəssisəsi, 11-i istifadəsiz qeyri yaşayış sahəsidir. 

"Bakı şəhəri üzrə 2 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 3 kiçik dövlət müəssisəsi və 8 istifadəsiz qeyri-yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib.

Budəfəki hərracda özəlləşdirilən ən yüksək qiymətə özəlləşdirilən əmlak Sabunçu rayonunda yerləşən ictimai iaşə obyekti olub. Belə ki, adıçəkilən əmlak 220 min manata özəlləşdirilib.
 
Bundan başqa, paytaxtın Xəzər rayonunda yerləşən Tibb məntəqəsi də qiyməti ilə digərlərindən fərqlənir. Özəlləşdirilən həmin əmlakın qiyməti 190 min manatdır. Ümumi faydalı sahəsi 1 179 kvadratmetr, torpaq sahəsi isə 4 632 kvadratmetr təşkil edir.

Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 2-si paytaxtın Sabunçu və Xəzər rayonlarında, 1-i Gəncə, 1-i Cəlilabad, digər isə Mingəçevirdə yerləşir.

Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrindən 3-ü paytaxtın Suraxanı, Yasamal, Nizami rayonlarında, 3-ü Qubada, digərləri isə Sumqayıt, Sabirabad, Lənkəran və Ağdaşda yerləşir. İstifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək qiymətə özəlləşdirilən əmlak 60 min manat olub. Ümumi faydalı sahəsi isə 24 kvadratmetr təşkil edib. Budəfəki hərrac da  özəlləşdirilən belə əmlakların  ümumi faydalı sahəsi 9 kvadratmetr ilə 110 kvadratmetr, qiymətləri isə 1 500 manatla 60 min manat arasında dəyişib. Keçirilən hərracların nəticələri ilə bu linkdən tanış olmaq olar.

Keçirilən hərraclar daşınmaz əmlak bazarında dinamikaya, müəssisələrin fəaliyyətinin genişlənməsinə, istehsal həcminin atmasına, kadr potensialının formalaşmasına, yeni iş yerlərinin açılmasına şərait yaradır. Mühüm üstünlük isə belə daşınmaz əmlakların hərracda özəlləşdirilməsindən qısa müddət sonra mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə reyestrdən çıxarış sənədi ilə təmin olunmasıdır.

Hərracların elanı, gedişatı və nəticələri barədə isə komitənin saytı, özəlləşdirmə portalı, eləcə də "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifə və "Privatization.az" səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir.

Komitə tərəfindən növbəti belə hərrac 10 may tarixində keçiriləcək. Hərraca çıxarılan əmlaklarla bu linkdə tanış olmaq olar".