Cari il fevral ayının ortalarından etibarən indiyədək özünüməşğulluq proqramı çərçivəsində artıq 25 rayon (Tərtər, Laçın, Hacıqabul, Ağcabədi, Beyləqan, Xocavənd, Bərdə, Qəbələ, Ağdam, İsmayıllı, Göyçay, Ağsu, Yevlax, Füzuli, Cəbrayıl, Saatlı, Biləsuvar, Şirvan, Lerik, Yardımlı və b.) üzrə ümumilikdə 400 nəfərə yaxın işsiz və işaxtaran şəxsin ailə təsərrüfatlarının qurulması üçün mal və materiallarla təminatı həyata keçirilib.
Bu barədə Mia.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev nəlumat verib. O bildirib ki, Azərbaycan Prezidentinin 7 aprel 2016-cı il tarixli Sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində ötən dövrdə mal və materiallarla təmin edilmiş vətəndaşların hər biri bu aktivlər hesabına biznes-planlarını tələb olunan səviyyədə reallaşdırmağa, ailə təsərrüfatlarını qurmağa nail olublar:
"Qeyd olunan şəxslərin hər biri ilk növbədə proqram çərçivəsində təşkil olunan təlim kurslarında biznesin təşkili üzrə zəruri bilik və bacarıqlara yiyələniblər. Bu da onların verilmiş aktivlərdən daha səmərəli istifadə edərək, biznes-planlarını uğurla reallaşdırmaları, təsərrüfatlarını düzgün quraraq bacarıqla idarə etmələri üçün vacib əsas rolunu oynayıb. Yeni yaradılan təsərrüfatların fəaliyyəti ailə əməyinə əsaslanmaqla, məxsus olduqları ailələrdəki əmək qabiliyyətli ailə üzvlərinin eyni məqsədə yönələn səmərəli məşğulluğunu reallaşdırmış olur. Bu subyektlər əsasən istehsalyönümlü iqtisadi fəaliyyət sahələrini əhatə edərək, ölkədə daxili bazarın yerli məhsullarla təmin edilməsi baxımından da xüsusi önəm kəsb edir. Digər tərəfdən, aparılan işlər ölkədə ailə təsərrüfatlarının sayının getdikcə artmasına şərait yaradıb ki, bu da əmək resurslarının səmərəli məşğulluq imkanlarını artırmaqla bərabər, dünya təcrübəsinə əsasən iqtisadiyyatda mühüm faktorlardan olan ailə biznesinin genişlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına əlavə imkanlar açır”-deyən nazirlik rəsmisi əlavə edib ki, hazırda nazirlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxslərin ailə təsərrüfatlarını qurmaları məqsədilə aktivlərlə təminatı işləri davam etdirilir”.